Modern.az

Qurban bayramı öncəsi ət qiymətləri niyə artır?

Qurban bayramı öncəsi ət qiymətləri niyə artır?

Ölkə

Bu gün, 11:15

Qurban bayramı öncəsi və ərəfəsində ət bazarında qiymətlərin dəyişməsi hər il olduğu kimi bu il də ictimai müzakirə mövzularından birinə çevrilir. Belə ki, 27-28 may tarixlərində ölkəmizdə Qurban bayramı qeyd ediləcək. Bayrama sayılı günlər qaldırqca isə qurbanlıq heyvanlara tələbatın artması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Bəziləri bu cür qiymət artımını mövsümi və təbii hal hesab etsə də, süni bahalaşma ilə bağlı narahatlıqlar da qalmaqda davam edir. Eyni zamanda, bu məsələ təkcə iqtisadi deyil, dini və mənəvi baxımdan da müzakirə olunur. Xüsusilə qurban ibadətinin mahiyyəti, insanların ibadəti rahat şəkildə yerinə yetirməsi və satıcıların vicdanlı davranışı ilə bağlı məsələlər diqqət çəkir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bazar iqtisadiyyatında qiymətlər tələb və təklif əsasında formalaşır və bayram ərəfəsində, xüsusilə Qurban bayramı öncəsi müəyyən bahalaşmanın olması gözlənilən hesab edilir.

"Tələb artdıqca qiymətlər yüksəlir, bəzi hallarda isə keyfiyyətdə də dəyişiklik müşahidə olunur. Bu il də ətin hər kiloqramında təxminən 1-2 manat artım olacağı proqnozlaşdırılır.

Azərbaycanda əsas problemlərdən biri isə bayramdan sonra qiymətlərin əvvəlki səviyyəyə qayıtmamasıdır. Bir dəfə qalxan qiymətlər sonradan enmir və bayram bitsə də, bahalaşma davam edir".

Onun sözlərinə görə, mövcud vəziyyəti “süni qiymət artımı” kimi dəyərləndirmək doğru olmazdı:

"Çünki bu anlayış daha çox dövlət müdaxiləsi və ya qiymətlərin inzibati qaydada tənzimlənməsi hallarında istifadə edilir. Azərbaycanda qiymətlər azad bazar prinsipləri əsasında, tələb və təklifin təsiri ilə formalaşır.

Hazırda istehlakçılar qurbanlıq sifarişlərini iri market şəbəkələri vasitəsilə də verirlər. Marketlərin heyvanı kəsilmiş və hazır formada təqdim etməsi bu xidmətlərə marağı artırır".

E.Hüseynov onu da vurğulayıb ki, bu məsələdə əsas məqsəd qiymətlərə birbaşa müdaxilə etmək deyil, bazarda bolluq yaratmaq və satış üçün əlverişli şərait formalaşdırmaq olmalıdır:

"Bayram günlərində heyvan kəsimi ilə bağlı müəyyən rüsumların azaldılması qiymətlərə təsir göstərməsi mümkündür. Habelə, aidiyyəti qurumlar tərəfindən mümkün güzəştlərin tətbiqi həm sahibkarlar, eləcə də vətəndaşlar üçün daha əlverişli şərait yarada bilər", - deyə AİB sədri bildirib.

İlahiyyatçı Ağa Hacıbəyli isə mövzu ilə bağlı saytımıza açıqlamasında qeyd edib ki, islam dini ticarətin əleyhinə olan bir din deyil:

"Əksinə, sahibkarlığın inkişafını dəstəkləyən, insanların zənginləşərək ibadət edə bilməsini təşviq edən bir dindir. Zəkatdan, infaqdan, hədiyyədən və digər paylaşma formalarından da göründüyü kimi, bütün bunlar maddi imkan üzərində qurulub. Dinimiz insanın həyatda müəyyən mənada varlı olmasını istəyir ki, daha çox insana yardım edə, daha çox dəstək göstərə bilsin. Bu baxımdan qurban kəsmək də imkanı olan insanların yerinə yetirdiyi bir ibadətdir".

Onun fikrincə, bazarlarda və satış yerlərində qurbanlıq heyvanların qiymətlərinin süni şəkildə artırılması isə ciddi narahatlıq doğurur:

"Bu fürsətdən istifadə edən bəzi şəxslər unudurlar ki, insanlar həmin heyvanları sadəcə alış-veriş üçün deyil, ibadət məqsədilə alırlar. Qurban ibadəti Allah rizası üçün yerinə yetirilən mühüm dini və mənəvi dəyərdir. İnsanlar yalnız qazancı və maddi maraqları düşündükdə, qarşı tərəfin ibadət imkanlarını da məhdudlaşdırmış olurlar. Ola bilər ki, bəzi ailələr bir və ya iki qurban kəsə biləcək vəziyyətdə olsunlar, lakin qiymətlərin süni şəkildə artırılması onların bu imkanlarını azaldır və əlavə çətinlik yaradır".

A.Hacıbəyli hesab edir ki, əslində, daha çox insan qurban kəsib ehtiyacı olanlarla paylaşa bilərdi:

"Qiymət artımları isə bu ibadətin əhatə dairəsini daraldır və müəyyən süni problemlər yaradır. Buna görə də maarifləndirmə işi burada da əsas məsələlərdən biri olmalıdır. Bu sahədə çalışan sahibkarlara əvvəlcədən izah edilməli, onlara anlatılmalıdır ki, söhbət sıradan bir alış-verişdən getmir. Bu heyvan qurban olacaq, ibadətə çevriləcək və onun əti sabah imkansız insanların süfrəsinə gedəcək. İnsanlar burada nə qədər böyük savab və xeyirxah əməl qazana biləcəklərini anlamalıdırlar. Yalnız maddi qazancı düşünəndə isə bu böyük mənəvi dəyərlər kölgədə qalır. Ona görə də bu məsələlər üzərində daha çox dayanmaq lazımdır".

İlahiyyatçı onu da əlavə edib ki, qurbanlıq heyvanın seçilməsi də çox önəmli məsələlərdən biridir:

"Qurbanlıq əsasən qoyun, keçi, dana, camış və dəvədən olur. Ölkəmizdə dəvə və camışdan geniş istifadə edilmir, keçi isə çox üstün tutulmur. Daha çox qoç və erkək heyvanlar seçilir. Heyvanın yaşı mühümdür, ən azı bir yaşını tamamlamalı və cüssəli olmalıdır. Eyni zamanda, heyvan sağlam olmalı, buynuzu qırıq, qulağı kəsilmiş, şikəst və ya xəstə olmamalıdır. Çünki Rəbbimiz ən gözəldir və Ona ən gözəl olan təqdim edilməlidir.

Qurani-Kərimdə də buyurulur ki, kəsilən heyvanın nə əti, nə də qanı Allaha çatır. Allaha çatan insanın qəlbindəki təqva, səmimiyyət və sevgidir. Əsas olan niyyət və ixlasdır. Bu böyük ibadət də insanın Allaha təslimiyyətini göstərən müqəddəs bir dəyərdir. Buna görə də əlaqədar sahədə çalışan insanlar da mərhəmət hissini ön plana çıxarmalı, bu məsələyə yalnız ticarət kimi deyil, həm də mənəvi məsuliyyət kimi yanaşmalıdırlar", - deyə o fikrini tamamlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV