Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər? Siyasi partiyaların rəhbərləri övladlarının da siyasətdə olmasını istərdilərmi? Moden.az-ın “Siyasi partiya rəhbərlərinin övladları barədə dedikləri” adlı rubrikasının bu dəfə ki, qonağı Ümid Partiyasının sədri, deputat İqbal Ağazadədir.
İ qbal Ağazadə deyir ki, onun iki övladı var: bir oğlan, bir qız.
İqbal bəyin ilk övladı Muraddır, onun 11 yaşı var. Beşinci sinifdə oxuyur. Murad “Çağ” Öyrətim İşlətmələri Şirkətinin liseyində təhsil alır:
“Oğlumun hansı ixtisas sahib olaçağını indidən demək çətindir. Ancaq dəqiq elmləri daha yaxşı oxuyur. Murad məktəb birincisidir, olimpiadalarda da iştirak edir. Ən yüksək nəticə göstərir. Mənim köməyimə ehtiyac duymur. Özü bütün dərslərini fərdi şəkildə çalışır. Rus, ingilis dilərini öyrənir. Oğlum hələ kimya fənnini keçmir, ancaq nədənsə, kimyaya çox meyl göstərmək niyyətindədir. Mən buna bir şey demirəm. Murad dəfələrlə qeyd edib ki, kimya fənnini keçəndə istəyir bu dərsi daha yaxşı oxusun. Bəlkə kimyaçı oldu. Hələ ki, belə bir mövqeyi var. Bu özündən asılıdır, ola bilsin ki, fikrini sabah dəyişsin”.
İqbal Ağazadənin ikinci, həmdə son övladı 6 yaşlı Aysudur: “Aysu hələ ki, məktəbə getmir. Buna baxmayaraq, indidən rus, ingilis dillərini öyrənir. Artıq həm latın, həm də kril qrafikası ilə yazıb-oxumağı bacarır. Bağçaya getməyib. Ancaq evdə məşğul olur”.
Ümid Partiyasının sədri deyir ki, övladları ilə çox yaxşı münasibətləri var.
“Adi qaydada da mən adətən saat 8-ə qədər evə gedirəm. O vaxt iki saat ərzində təmaslarımız olur. Çox mehriban münasibətlərimiz var. Həm oğlumla, həm də qızımla dostam. Adətən hər gün- dərs olan vaxt saat 22.00-da yatırlar. Ancaq dərs olmayan vaxt 5-ci və 6-ci günlər qrafiklərində sərbəstdirlər. Nəyə istəyirlər baxırlar, nəyi istəyirlər oynayırlar. Bu istiqamətdə iki gün sərbəstdirlər. Qrafiklərin qurulmasında təbii ki, mənim rolum var”.
İ.Ağazadənin sözlərinə görə, o lazım gələndə övladlarından üzr istəməyi də bacarır: “Ümumiyyətlə mən həmişə çalışıram ki, hər şey qarşılıqlı anlaşma əsasında olsun. Elə olur ki, səhv edirəm, qızım və oğlumdan üzr istəyirəm. Onlardan üzr istəməyi bacarıram”.
“Övladlarınıza qadağa tətbiq edirsinizmi?” sualına gəlincə, İ.Ağazadə bildirib ki, müəyyən qadağaları olur: “Hər şeyi qəbul edib, hər şeyi anlayacaq yaşda deyillər. Ona görə də bəzi şeylərə izahla qadağa qoyulub. Bunu da onlar çox normal qarşılayır”.
“İstərdinizmi övladlarınız da gələcəkdə sizin yolunuzu davam etdrsin” sualını isə partiya sədri belə cavablandırıb:
“Bu müstəqil seçimdir. Mən buna müdaxilə edə bilmərəm. Mənim istəyim heç nəyi həll etmir. Hər kəs öz həyatını qurur. Onlar da öz həyatını quracaqlar. Mənim heç bir şeyə müdaxilə etmək niyyətim yoxdur. Məndən soruşalar ki, mövqeyimi ifadə edərəm. Ancaq yenə də hər halda özləri bilərlər”.
|
|
|
|
|
|