Mayın 1-də Təhsil Nazirliyində «Məktəb şəbəkəsinin rasionallaşdırılması» mövzusunda kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iclasda təhsil naziri Misir Mərdanov bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərin sayı barmaqla sayılacaq qədər az olduğu halda, 1920-1930-cu illərdən təhsil müəssisələrinin sayı xeyli artıb. Nazir qeyd edib ki, əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid sayəsində bu proses sürətlənib, sonralar isə hər bir vətəndaşa ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində belə məktəblər açılıb. Bu gün az da olsa, belə kiçik məktəblərin mövcud olduğunu söyləyən təhsil naziri vurğulayıb ki, onların yaradılması xoş niyyətdən irli gəlsə də, bu sonralar təhsilin keyfiyyətinə mənfi təsir göstərən amilə çevrilib. Misir Mərdanov məktəbi təhsil alanın yanına aparmaqdansa, təhsil alanı məktəbə gətirməyi daha düzgün hesab etdiyini, dünyada bu cür təcrübənin artıq mövcud olduğunu, bir sıra ölkələrdə nəinki kiçik yaşayış məntəqələrində, hətta iri şəhərlərdə belə şagirdlərin məktəblərə aparılıb-gətirildiyini, bu məqsədlə xüsusi avtobuslar ayrıldığını diqqətə çatdırıb.
Bu baxımdan ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılmasının ümumi təhsilin ən ciddi problemlərindən biri olduğunu söyləyən təhsil naziri şagirdlərinin sayı az olan ümumtəhsil məktəbləri haqqında məlumatla kollegiya iştirakçılarını tanış edib. Nazir bildirib ki, ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var. Şagirdlərin sayı az olan əsas və orta məktəblər haqqında da məlumat verən Misir Mərdanov qeyd edib ki, ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcuddur. Nazir belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını, müvafiq məktəb şəbəkəsinin rasionallaşdırılması üzərində ciddi düşünmək lazım gəldiyini bildirib.
Misir Mərdanov məruzə təqdimatında şagirdlərin sayı az olan ümumtəhsil məktəblərinin rayonlar üzrə yerləşməsi, bir yaşayış məntəqəsində fəaliyyət göstərən məktəblər və bir neçə yerdə işləyən müəllimlərin sayı haqqında statistik məlumatları əks etdirən cədvəlləri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra təhsil naziri Ucar rayonunda məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə hazırlanmış təkliflərlə iştirakçıları tanış edib.
Kollegiya iclasında ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə nazirliyin müvafiq şöbələrinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib.
Modern.az