Modern.az

“Dövlət investisiya layihələrinin icrasında korrupsiya var”

“Dövlət investisiya layihələrinin icrasında korrupsiya var”

Ölkə

6 May 2010, 14:50

Bu gün Azad İqtisadiyyata Yardım İctimai Birliyinin və Mili Büdcə Qrupunun təşkilatçılığı ilə “Dövlət investisiya büdcəsində ictimai iştirakçılıqla” mövzusunda  aparılan monitorinqin nəticələrilə bağlı mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransda millət vəkilləri, iqtisadçılar və digər şəxslər iştirak ediblər.

Azad iqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bildirib ki, Azərbaycanda dövlət investisiya layihələrinin həyata keçirilməsi 5 ildir ki, kütləvi xarakter daşısa da, bu sahədə şəffaflıq və ictimai iştirakçılıq çox zəidir.

“Bu işdə vətəndaş cəmiyyəti tərəfindən ictimai iştirakçılıq formalarının təbliği, siyasət sənədlərinin hazırlanması və vəkilliyi, qanunvericlik təşəbbüsləri də yetərli deyil. Belə vəziyyət ictimai iştirakçılığın genişlənməsinə mənfi təsir göstərir”.

Zöhrab İsmayıl qeyd edib ki, dövlət investisiya layihələrində ictimai iştirakçılığın zəif olmasının əsas səbəbi informasiya əldə etmək haqında qanunun dövlət qurumlarında tam tətbiqi üçün hökümətn maraqlı olmaması, elektron hökümətin formalaşmasının yubanmasıdır.

“Həmçinin Hesablama Palatasında dövlət investisiya layihələrinin auditi ilə bağlı fəaliyyətinin zəifliyi, palatının ictimaiyyətlə əlaqələrinin yox səviyyəsində olması, Nazirlər Kabinetinin və nazirliklərin dövlət investisiyalar üzrə hüquqi sənədləri ictimaiyyətdən gizlətməsi kimi hallar da buna təsir göstərir”.

Millət vəkili Pənah Hüseyn isə qeyd edib ki, dövlət investisiyalarıyla bağlı layihələrin  şəffaflığı sıfır səviyyəsindədir.

“Bu sahədə Azərbaycan bərbad vəziyyətdədir. Dövlətin investisya proqramları layihəsi adlı sənədi ümumiyyətlə mövcud deyil. Burda çox nəhəng korrupsiya mövcuddur. Mili Məclisin deputatlarının, o cümlədən İqtisadiyyat komissiyasının büdcə sisteminin təşkili və tətbiqi ilə bağlı iştirakını nəzərdə tutan heç bir maddə yoxdur. Bunu nəzərdə tutan qanunvericilik bazası mövcud deyil”.

Pənah Hüseyn onu da vurğulayıb ki, dövlət investisiya layihələri qanunsuz həyata keçirilir: “Aşkar olunub ki, bir çox obyektlər tikilir, 2008-ci ildə istifadəyə verilir. Sonradan məlum olur ki, onun xərci  2010-cu ilin dövlət büdcəsinə salınır. Dövlət investisiya proqramlarına ayrılan vəsaitin yarısından çoxu kemişdə qalmış borclardır”.

Millət vəkili Nazim Məmmədov isə informasiya verməyən dövlət orqanları ilə mübarizə aparılmasını məqsədəuyğun hesab edib. O söyləyib ki, vətəndaş cəmiyyətinin inkişafında Azərbaycan hökuməti maraqlıdır:

“Qanunlarımızın dövlət standartlarına uyğun olmasına heç bir şübhəm yoxdur. Qanunu da icra edənlər insanlardır. İnformasiya verməyən müvafiq icra hakimiyyət orqanlarına ictimai təzyiq olmalıdır. Yəni informasiya cəmiyyətində informasiyanın alınması başlıca amillərdən biridir. Onların öz metodları vasitəsilə mübarizə aparmaq lazımdır”.

Digər millət vəkili Əli Məsimov hesab edir ki, dövlət investisiya layihələri ilə bağlı hüquqi baza möhkəmləndirilməlidir: “Bu problemin həlli üçün dövlətin və cəmiyyətin şəffaflığa əsaslanan səmərəli kombinasiyası qurulmalıdır. Cəmiyyətin müvaqiməti, təzyiqi gücləndikcə neqativ hallar da aradan qaldırılar”. Təhminə Paşayeva

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı