Modern.az xəbər verir ki, mayın 8-də Atatürk Mərkəzində “Milli Qəhrəmanlar Zirvəsi” kitabının təqdimatı keçirilib. Kitabın baş məsləhətçisi millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva, müəllifi Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin sədri Mirbəşir Seyidzadədir. Kitabda torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şücaət göstərib “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən şəxslərin həyat yolu işıqlandırılıb. Mərasimdə çəxəş edən Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov ilk dəfə Azərbaycanın bütün Milli qəhrəmanlarından bəhs edən bir kitabın işıq üzü görməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkə vətəndaşlatının bütün Milli qəhrəmanları yaxından tanıması üçün belə kitablara ehtiyac duyulduğunu vurğulayıb, onu dərslik formasında olan bir nəşr adlandırıb.
Təhsil naziri Misir Mərdanov kitabın baş məsləhətçisi Qənirə Paşayevaya təşəkkürünü bildirib. Nazir kitabın təhsil müəssisələrində dərslik kimi istifadə edilə biləcəyini deyib: “Kitabda azərbaycançılıq, vətənpərvərlik ön palana çəkilib. Belə kitablar oxunmalıdır. Biz müstəqilliyimiz uğrunda şəhid olmuş insanların xatirəsini əziz tutmalı, Milli Qəhrəmanlarımızı tanımalıyıq. O insanların ata-analarını öz ata-analarımız, ailə üzvlərini öz üzvlərimiz kimi qəbul etməliyik”. Kitabın baş məsləhətçisi, “Örnək ömürlər” başlıqlı ön sözün müəllifi Qənirə Paşayeva Vətən torpağı uğrunda ölümə gedən Milli qəhrəmanların adlarının tarixə əbədi yazıldığını vurğulayaraq, onların gənc nəsilə örnək olduğunu deyib. Modern.az