Modern.az

BDU-nun kitabxana müdiri: “Qızıl pula çoxlu kitablar alınıb”

BDU-nun kitabxana müdiri: “Qızıl pula çoxlu kitablar alınıb”

Ölkə

11 May 2010, 14:44

Bakı Dövlət Universitetinin kitabxanası 1919-cu ildə fəaliyyətə başlayıb. 1974-cü ildən ona Elmi kitabxana statusu verilib. Kitabxanada işləyən əməkdaşların sayı 80 nəfərdir.

Modern.az saytının suallarını kitabxananın müdiri, əməkdar mədəniyyət işçisi Sara İbrahimova cavablandırır.

 

- Sara xanım, 69 illik həyatınızın 50 ilini məhz bu universitetdə keçirmisiniz. Bu illər sizə nəsə qazandırıbmı? 

- Universitet mənə həyat verib. Universitetin  mənə verdiyi ən dəyərli qazanc yetişməkdə olan savadlı insanları görməkdir. Əgər bu günün tələbəsi sabahın alimi olursa, bu, bir növ mənim də qazancımdır.

- İndiyə qədər neçə rektorla işləmisiniz?

-  Bütün rektorlarla münasibətim yaxşı olub. Abel Məhərrəmovun dövründə dövlət tərəfindən universitetə daha çox qayğı göstərildiyindən universitet yaxşıya doğru kökündən dəyişdi. Abel müəllim həm böyük alim, həm də təsərrüfatçıdır. Rektor kitabxanamıza böyük qayğı göstərir. Bütün bunların nəticəsidir ki, Elmi kitabxanamız günü-gündən inkişaf edir.

- Oxucularınızın siyahısında hansı məşhurların adlarına rast gəlmək olar?

- Rektorumuz Abel Məhərrəmov, təhsil naziri Misir Mərdanov, mərhum akademik Ziya Bünyadov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, millət vəkili Nizami Cəfərov, akademiklər Fuad Qasımzadə və Abbas Zamanov bizim daimi oxucularımız olub. Nəinki, məşhurlar, hətta respublikamızdakı əksər universitetlərin rektorları və tələbləri də Elmi kitabxanamızın oxucularıdır.

-  Əvvəlki tələbələrlə indiki tələbələr arasında kitaba münasibətdə nə kimi fərqlər var?

-  Bizim vaxtımızda kompüter yox idi,  ona görə də kitabdan asılı idik. İndiki tələbələrin ixtiyarında isə kompüter var. Onların elm öyrənmək imkanı bizimkindən çox-çox genişdir. İndiki tələbələrin əksəriyyəti əyləncəyə meyillidir, onları dərsliklər çox az maraqlandırır. Əvvəlki tələbələrlə indiki tələbələr arasında fərq çoxdur. O vaxt biz daha çox bilikli idik. Müasir gənclik isə bilik almaq barədə demək olar ki, ləngiyir. Amma onu da deyim ki,  buradan çıxış edib “gənclərin bilik səviyyəsi aşağıdı” da demək olmaz. 

-  Müasir dövrdə gənclər daha çox hansı kitablara önəm verirlər? 

-  Bu gün gənclər elektron versiyalı kitablara daha çox üstülük verirlər. Təbii ki, çap formasında olan ədəbiyyatlardan da istifadə olunur. 

-  Bəs elektron variant kitabxanada oxucu auditoriyasının azalmasına səbəb olmayıb ki?

  - Bizim tələbə kontingenti azalmayıb. Əksinə, indi oxucuların sayı daha çoxdur.

-  Başqa ölkələrin kitabxanaları ilə kitab mübadiləsi aparırsınızmı?

-  Əlbəttə, 24 ölkənin 56 elmi müəssisəsi ilə yaxşı əlaqələrimiz var. Bu mübadiləmiz həm jurnal, həm də kitab formasında olur.

- Elmi kitabxananızın fondundadakı kitabların sayı nə qədərdir?

- Kitabxanamızda 2 milyon 7 yüz min adda sənəd var. Kitabxanamızda bütün Avropa və Şərq dillərində ədəbiyyata rast gələ bilərsiniz. 

-  Nadir fondda hansı kitablar var? 

- Kitabxanamız qədimi və qiymətli kitablarla zəngindir. Kitabxana yeni yarananda, qızıl pula çoxlu kitablar alınıb. Bizdə ən qədim əlyazma 1308-ci ilə aiddir. Bundan başqa, Nəvai, Xəyyam, Füzuli və başqa dahilərin ərəb və farsca əlyazmaları da burda saxlanılır.

-  Son olaraq, oxuculara nə demək istərdiniz?

-  Elmi kitabxanamız oların üzünə açıqdır. Hər zaman gəlsinlər, amma çalışsınlar ki, kitaba qarşı etik qaydalara riayət etsinlər.

   Dürrə Həsən

 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək