Modern.az

Məzunlara məsləhət: attestatı itirməyin, yenisini almaq asan başa gəlmir

Məzunlara məsləhət: attestatı itirməyin, yenisini almaq asan başa gəlmir

Ölkə

12 May 2010, 10:20

Əvvəllər XI sinfi bitirmiş məzunların hər birinə aldığı qiymətlərdən asılı olmayaraq orta təhsil haqqında sənəd-attestat verilirdisə, indi onu əldə etmək şagirdə heç də asan başa gəlmir. İndi yeni qaydalara görə yalnız buraxılış imtahanlarında müvəffəqiyyət qazanan orta məktəb məzunlarına attestat verilir. “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında” Qaydalarda göstərilib ki,Attestatlarının verilməsinə nəzarət Təhsil Nazirliyi, müvafiq rayon (şəhər) Təhsil şöbəsi (idarəsi) və təhsil müəssisələri tərəfindən həyata keçirilir. Orta təhsil haqqında fərqlənmə attestatı verilməsi barədə qərarı məktəbin Pedaqoji Şurası çıxarır. Attestata təhsil sənədini verən məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və ilk mərhələdə imtahanları keçirən komissiyanın 3 nəfər üzvü imza edirlər. Sənəd həmin məktəbin möhürü ilə təsdiq olunur”. Attesatatın itirilməsi və təzəsinin əldə edilməsi bugünkü məzunlara heç də asan başa gəlmir. Həm də ali məktəblərə qəbul imtahanlarının yaxınlaşdığı bir zamanda. Modern.az saytına müraciət edən bir orta məktəb məzunu attestat aldıqdan sonra onu itirdiyini və təzəsini əldə edə bilmək üçün xeyli xərcə düşdüyünü deyib. Attestatını itirən məzun bildirib ki, yenidən bu sənədi almaq üçün düz bir ay müxtəlif idarələrin qapısını döyməli olub.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva ilə əlaqə saxladıq. T.Hacıyeva saytımıza açıqlamasında orta təhsil haqqında sənədi itirən məzunun hansı mərhələlərdən sonra yeni attesta əldə edə biləcəyi barədə danışıb: “Attestatı itirən Bakı şəhər sakini öncə ərizə ilə oxuduğu məktəbə müraciət etməlidir. Məktəb rəhbərliyi ona bütün prosedur qaydalarını başa salacaq. Oxuduğu məktəbə müraciət etdikdən sonra Bakı Şəhər Təhsil İdarəsinə də məlumat verməlidir. Yaxud da “Azərbaycan müəllimi” və başqa qəzetlərdə elan verə bilər. Heç bir rüsum da ödəməməlidir. Bu uzun vaxt aparmır. Ali məktəbə daxil olmaq istəyənlər üçün attestat mütləq lazımdır”.

Nazirlik rəsmisi attestat oğurlandığı təqdirdə polisə müraciət edilməli olduğunu da qeyd edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə məzunun yenidən attestat əldə etməsini prosedur qaydasını belə izah edib: “Məzun ərizə ilə orta məktəbə müraciət etməlidir. Sonra məktəb bizə bu haqda məlumat verir. Biz də həmin ərizə əsasında “Azərbaycan müəllimi” qəzetinə və polisə müraciət edirik. Şagird yalnız cüzi miqdarda qəzetdəki elana pul ödəyir. Elan isə ancaq “Azərbaycan müəllimi” qəzetində verilməlidir. Daha sonra isə Təhsil Nazirliyinin arayışı əsasında Pedaqoji Şura qərar çıxarır və məzun yeni attestat əldə edir”.

Z.Əliqızı attestatını itirən məzunun heç bir rüsum ödəmədiyini də bildirib: “Heç bir pul söhbəti yoxdur. Əgər kimsə məzundan buna görə pul istəyirsə, bu, qanunsuzdur. İndiyə kimi bu problemlə qarşılaşan məzunlar bizə müraciət edib. Ancaq bu kütləvi olmadığı üçün statistikanı deyə bilməyəcəm. Belə halla qarşılaşan məzun bizim idarəyə müraciət edə bilər”. 

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı