Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə daşqından əziyyət çəkən zonaya gedən KİV nümayəndələri Şirvan şəhərində salınan çadır düşərgəsinə baş çəkiblər. Düşərgəyə təhkim olunan YAP-ın Şirvan şəhər təşkilatının sədri Ədülhəsən İbrahimov 200-ə qədər çadır qurulduğunu və burada 1600 nəfərin qeydiyyata alındığını deyib. Onun sözlərinə görə, çadır şəhərçiyindəki vətəndaşlar Sabirabad rayonunun 9 kəndindəndir. Onlar hər gün üç dəfə isti yeməklə təmin olunurlar.
Modern.az-ın məlumatına görə, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, deputat Nazim Məmmədov da şəhərçikdə təbii fəlakətdən ziyan çəkən vətəndaşlarla görüşüb onların problemləri ilə maraqlanıblar. N.Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, onun təşəbbüsü ilə Su İstehsalçıları Birliyi şəhərçiyə 7 böyük maşına yüklənmiş 20 min ton qablaşdırılmış su gətirib. Deputat qeyd edib ki, fəlakət zonasında olan insanların daha çox təmiz, içməli suya ehtiyacı var: “İçməli su buraxan bütü firmalara yardım üçün müraciət etdik. Lakin bəzi firmalar müxtəlif bəhanələr gətirərək yardım göstərməkdən imtina etdilər”.
Əməkdaşımızın verdiyi digər məlumata görə, fəlakət zonasında olan dövlət rəsmiləri jurnalistlərə bildiriblər ki, Sabirabad rayonunun Dadaşbəyli kəndində Kür sahilindəki dağılan bəndi bağlamaq mümkün olub. Hazırda Ulacalı kəndindəki bəndin bərpası istiqamətində intensiv iş gedir. Yeri gəlmişkən fəlakət zonasında olan rəsmi şəxslər jurnalistlərə onu da deyiblər ki, sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Kürqırağı rayonlarda havalar pisləşəcək, yağış yağacaq. Modern.az