Modern.az

BAXCP sədri Qüdrət Həsənquliyev Ayətullah Qolpayeqaniyə açıq məktub yazıb

BAXCP sədri Qüdrət Həsənquliyev Ayətullah Qolpayeqaniyə açıq məktub  yazıb

Ölkə

12 May 2010, 17:18

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ayətullah Lütfüllah Safi Qolpayeqaniyə açıq məktub ünvanlayıb. Bu barədə Modern.az-a BXCP-dən məliumat verilib. Məktubda deyilir:  “Hörmətli Ayətullah Qolpayeqani!

Sizin sökülməsi barədə məhkəmə qərarı olan "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Azərbaycan Respublikasının prezidentinə müraciətinizi diqqətlə oxudum. Sizin və təmsil etdiyiniz dövlətin dini-siyasi dairələrinin müraciətinizdə vurğuladığınız kimi "Azərbaycana, Azərbaycanın dövlət müstəqilliyinə xoş münasibətinə" əmin olmaq və inanmaq istəyərdim.

Amma təəssüf ki, İran İslam Respublikasının Sizin "sevdiyiniz və polad qəlbli xalqının mövqeyini dəstəklədiyiniz" Azərbaycana, onun ərazi bütövlüyünə, dövlət müstəqilliyinə münasibəti tamamilə fərqli gerçəkliyin ortaya çıxmasına zəmin yaradır.

Sizin müstəqilliyi ilə qürur duyduğunuz Azərbaycan Respublikasının torpaqlarının 20 faizi artıq 20 ildir ki, İran İslam Respublikasının dəstək verdiyi, bir dövlət kimi mövcudluğunu qoruduğu Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə onlarla məscid, ömürlərinin sonunadək İslama və onun müqəddəs dəyərlərinə ləyaqətlə xidmət edən müsləmanların məzarları darmadağın edilib. Sizin Sovet İttifaqının amansız şərtləri çərçivəsində müsəlmanlığını, şiə kimliyini qoruya bilməsindən heyrətə gəldiyiniz Azərbaycan xalqının bir milyon nümayəndəsi öz doğma Vətənlərindən, yurd-yuvalarından didərgin salınıb. 30 min müsəlman Azərbaycanlı öz torpaqlarının müdafiəsi uğrunda şəhid olub, onminlərlə insan - uşaq, qadın, qoca soyqırımına məruz qalıb, əsir götürülüb, sağlamlıqlarını itiriblər.

Bütün bunlar İran İslam Respublikasının müharibənin ilk günlərindən başlayaraq dəstək verdiyi Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlərin yalnız bir hissəsidir.

Nədən İran İslam Respublikasının rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə, sərhədləri bağlamağa çağırmırsınız? Məgər ermənilərin viran qoyduğu torpaqlar müsəlmanların torpaqları deyil? Məgər Qarabağda gülləbaran olunmuş, darmadağın edilmiş məscidlərdə müsəlmanlar ibadət etmirdi?

Bəlkə ermənilərin İran İslam Respublikasının dini-siyasi rəhbərliyinin yanında xüsusi imtiyazları var? Onlar müsəlmanları öldürə, evlərini, torpaqlarını əlindən ala, məscidlərini darmadağın edə bilərlər?

Hörmətli Ayətullah!

Faciəli hal, Sizin müraciətinizdə deyildiyi kimi, təkcə "Fatimeyi-Zəhra" məscidinin sökülməsi deyil, həm də özünü müsəlman təəssübkeşi kimi göstərən İran İslam Respublikasının Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı himayə etməsidir. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son prezident seçkisi öncəsi təbliğat kampaniyalarında bu günki prezident Serj Sarkisyan da, onun rəqibi, sabiq dövlət başçısı Levon Ter-Petrosyan da Azərbaycan ərazilərinin işğalı zamanı Meğri sərhəd-keçid məntəqəsini Ermənistan üçün “həyat yolu” adlandırırdılar.

Bəli, İran müsəlman Azərbaycanın ərazilərinin işğalında Ermənistana təcavüz üçün yeni nəfəs, həyat verirdi və bu proses indi də davam etməkdədir. Əsil fitnə, müsəlmanlar arasında ayrı-seçkilik, təfriqə salınması, zalımın, təcavüzkarın dəstəklənməsi, şərin müdafiə olunması məhz İran İslam Respublikasının əməllərində özünü büruzə verir. Bu səbəbdən də İran İslam Respublikasının müsəlman təəssübkeşliyi barədə bəyanatları nəinki Azərbaycanda, heç bir müsəlman ölkəsində səmimi qəbul olunmur. Səmimiyyəti, həqiqi möminliyi və müsəlman təəssübkeşliyini isə bəlağətli sözlərlə yox, əməllə təsbit etmək lazımdır.

Hörmətli Ayətullah Qolpayeqani!

Bütün bunlara baxmayaraq, Sizin “Fatimeyi-Zəhra” məscidi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətinizə qoşuluruq, eyni zamanda ümid edirik ki, Siz Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla münasibətlərə yenidən baxılması üçün İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada da müraciət ünvanlayacaqsınız”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı