Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər? Siyasi partiyaların rəhbərləri övladlarının da siyasətdə olmasını istərdilərmi? Moden.az-ın “Siyasi partiya rəhbərlərinin övladları barədə dedikləri” adlı rubrikasının budəfəki qonağı Ədalət Partiyasının sədri İlyas İsmayılovdur.
İlyas İsmayılov deyir ki, 2 oğul övladı var. “Böyük oğlum Etimadın 41 yaşı var. Orta təhsili Bakıda 6 nömrəli məktəbdə alıb. Sonra isə Leninqrad (indiki Sankt-Peterburq) Universitetinin hüquq fakültəsində ali təhsilə yiyələnib”.
Partiya sədri böyük oğlu Etimadın hazırda Rusiyada həbsdə olmasından narahatdır: “Onu qeyri-qanuni olaraq Rusiyada həbs ediblər. Məhkəminin qərarı var, ona 40 milyon dollar pul borcludurlar. Pulu vermək əvəzinə bir nəfərin ifadəsi ilə həbs ediblər. Məhkəmə vaxtını iki ildi ki, uzadırlar, qurtarmaq bilmir”.
İlyas İsmayılovun ikinci oğlu Mətin də Bakıdakı 6 nömrəli orta məktəbi bitirib, amma qızıl medalla. Ali təhsilini isə Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində alıb. Daha sonra təhsilini Nyu-York, Kolumbiya univeristetlərində davam etdirib.
“Kiçik oğlum Mətin hazırda Amerikada yaşayır, orada işləyir. Evlidir 2 qızı, bir oğlu var. Arada gəlib-gedirlər. Hər iki övladımla daim əlaqə saxlayıram”.
İlyas müəllim nəvələrini çox istədiyini, heç birinə fərq qoymadığını söyləyir: “Hamısı mənim üçün əzizdir. Böyük nəvəm Məryəmin 6 yaşı var. 3 yaşlı Leyla isə ikinci nəvəmdir. Yeganə oğul nəvəm Mikayıldı. O da bu ilin yanvarında doğulub. Övladlarımın adını özüm qoysam da, nəvələrimin adlarını öz valideynləri qoyub. Mənlə məsləhət etməyiblər”. Partiya sədrinin
fikrincə, uşaqlara müəyyən qadağalar qoyulmalıdır ki, yaxşı tərbiyə alsınlar, yaxşı oxusunlar, böyüklərə hörmət etsinlər: “Övladını hər kəs bu istiqamətdə tərbiyə etmək istəyir. Mən də çalışmışam bu şəkildə tərbiyə edim”.
“Övladlarınızdan sizin yolunuzu davam etdirəni varmı?” sualını İ.İsmayılov belə cavablandırdı: “Hər iki övladım hüquqşunasdı, mənim ixtisasımı seçiblər. Ancaq onlar müstəqil olaraq öz peşələrini seçiblər, mən yönləndirməmişəm. Siyasi baxımından isə yenə də özləri seçim edib. Böyük oğlum Etimad Ədalət partiyasının rəhbərliyindədir və sədr müavinidir. Yəni yolumu davam etdirən var”.
|
|
|
|
|
|
|
|
Təhminə Paşayeva