Bakının Nərimanov rayonu ərazisində, “Excelsior” otelinin arxasında yerləşən xeyli villa söküləcək. Bu barədə Modern.az saytına Bakı şəhər İcra Hakimiyyətindəki mənbə məlumat verib. Məlumata görə, bu barədə qərar yuxarıdan gəlib. Qeyd edək ki, həmin ərazidə bir sıra vəzifəli şəxslərin də mülkləri var.
Nərimanov rayonunun Montin qəsəbəsində, “Excelsior” otelinin arxasında yerləşən ərazidə hələ sovet hakmiyyəti illərində vətəndaşlara qaraj tikintisi və bağçılıq üçün torpaq sahələri ayrılıb. Sonrakı illərdə isə həmin ərazilər bir sıra vəzifəli və imkanlı şəxslər tərəfindən satın alınaraq orada villalar tikilib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin mülkü sözügedən ərazidə yerləşir.
Saytımıza verilən məlumat verən mənbə bildirib ki, “Excelsior” otelinin arxasındakı villaların sökülməsinə səbəb üzbəüz ərazidə tikintisi həyata keçirilən Heydər Əliyev Mərkəzi ilə əlaqəlidir. Belə ki, mərkəzdən baxanda nisbətən hündür ərazidə yerləşən həmin villaların şəhərin görüntüsünə xələl gətirdiyi söylənilir.
Söküləcək villaların sahiblərinə kompensasiyanın ödənilib-ödənilməyəcəyi və boşaldılacaq ərazidən hansı məqsədlə istifadə olunacağı barədə məlumat verilmir. Modern.az