Modern.az

Bir dəfnin acı etüdləri

Bir dəfnin acı etüdləri

Ölkə

18 Yanvar 2014, 10:21

Tarix elmləri doktoru, professor Süleyman Əliyarlı nüfuzlu şəxsiyyətlərdən biri idi. Ziyalı kimi də cəmiyyət həyatının kritik dönəmlərində sözünü, mövqeyini əsirgəməzdi. Buna görə də Elmlər Akademiyasının müxbir üzvlüyündən başlayıb həqiqi üzvə qədər yönələn mərhələləri keçəcək bir imkana sahib olmamışdı. Ancaq Azərbaycan tarixşünaslığından söz düşərkən hələ tələbə vaxtlarından adını fəxrlə çəkdiyimiz bir neçə addan biri idi.

Tarixlə bağlı əsərlərinin bir qismi ilə tanışam və mübahisəyə açıq məqamları da qeydə almışam. Bütün hallarda öz ixtisasının yüksək səviyyədə bilicisi idi və bunu ona mənfi münasibəti olan tarixçilər də vurğulayırdılar. Bu giriş yalnız işin tanıtım tərəfi...

Dünən görkəmli alimi, 84 yaşını haqlamış dəyərli bir aydını dəfn etdik. Bakının “Qurd qapısı” deyilən hissəsindəki köhnə məzarlıqda və köhnə məzarların arasında zor-güc tapılmış dar bir yerdə basdırıldı. Əslində əməli sağlam insanlar üçün vəfatından sonra bu məqamların mənasızlığına hər zaman deyinən bir insan kimi bunun üzərində durmaq fikrində də deyiləm. Sadəcə, əvvəllər dönə-dönə vurğuladığım bir müşahidənin təkrar olunmasından duyduğum pərişanlığı diqqətə gətirmək istədim.

Ötən günlərdə Azərbaycanın ən istedadlı gənc şahmatçılarından olan Vüqar Həşimov vəfat etmişdi. Çox üzüldük. Azərbaycanın şahmat sahəsində dəyərlərindən biri idi. Prezidentin göstərişi ilə yüksək səviyyətə dəfni təşkil olundu, hətta onu incitmiş, çalışmalarını əngəlləmiş, gözdən salmış məmurların da boynunu bükərək guya məyus olduqlarını görmək də bizlərə müyəssər oldu. Rəhmətliyə ən axmaq ittiham da Kasparovun fəxri sədr olduğu ispan komandasının tərkibində yarışa qatılması olduğunu bilmiş olduq. Guya erməni komandasının xeyrinə çalışııb. Bu qədər əbləhliyə gənc bir uşaq necə də duruş gətirib? Allah ruhunu şad etsin!

Dünən də Azərbaycanın dəyərli bir alimi öldü. Prezidentin xəbəri olmadı. Daha doğrusu, kimsə söyləmək istəmədi. Tam əminəm ki, xəbər verilsəydi, daha fərqli münasibət göstərilərdi. Axı dünyada fəxrimiz olan şahmatçımız kimi, nüfuzlu bir alimimiz də bu xalqın dəyəri sayılır. İllərdir çalışdığı Bakı Dövlət Universitetinin binasından nəşini götürməyi düşünmədilər. Elm, təhsil sahəsinə baxan rəsmi məmurlardan (orada iştirak edən bəzi universitet rektorlarını bu kateqoriyaya aid etmirəm) kimsə dəfninə gəlmədi. Ən acınacaqlısı da, bildiyimə görə, məzar yerini də yaxınları ilə pul bazarlığından sonra verdilər.

Əlbəttə, əməkdar elm xadimi kimi II və ya III Fəxri Xiyabanda dəfni də düşünülə bilərdi. Ancaq bu da əhəmiyyətli məsələ deyil, çünki fəxr ediləsi əməllər olan yerdə Fəxri Xiyabanlar olmaya da bilir.

Süleyman müəllim xanımının vəfatının 38-ci günündə Allahın rəhmətinə qovuşdu. Yəni bu fani dünyadakı uzun ayrılığı da Uca Yaradan onlara, bu xoşbəxt ahıllara rəva bilmədi. Bütün bunlar onu göstərir ki, ən adi məqamlarda belə cəmiyyətin nə qədər natamamlıqlarla iç-içə olduğunu görürsən. Ən təhlükəsiz vəziyyətlərdə belə, sadəcə, adamlıq deyilən bir keyfiyyəti görmürsən. Ona görə də cəmiyyət, ayrılıqda vətəndaş bəlli bir insan ölçülərinin içinə girməyincə istədikləri kimi də bizləri idarə etməyə, minməyə, sürməyə, döyməyə, söyməyə haqlıdırlar!

Məzarlıqda qəbirlərin arasında kimsə cığır saxlamağı düşünməmişdi. Dəfn bitəndən sonra qəbirlərin üstü ilə adlayaraq geri gəlirdik. Sanki ölüləri də torpaq üstündə, mülk üstündə savaş içində idi. Bu cür yəhudu, erməni, provaslav qəbiristanlığı görməzsiniz. Burada azərbaycanlılar yatır. Bir-birinin içində, üstündə, yolunda... Diriləri ömür boyu aydınlatmağı bacarmayanlar, görün, ölülərimizdən nələr çəkəcəklər.

Diriləri ilə ölüləri xaraktercə bir-birindən fərqlənməyən cəmiyyətdə hələ çox işiniz var, professor!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı