Modern.az

Təhsil Nazirliyi müsabiqə keçirir

Təhsil Nazirliyi müsabiqə keçirir

Ölkə

18 May 2010, 17:21

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” respublika müsabiqəsi keçirilir.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sözügedən Dövlət Proqramı və “Təhsildə İKT ili” çərçivəsində “Elektron təhsil” müsabiqəsinə 494 layihə təqdim olunub.

“Elektron təhsil” Respublika müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil edilib. “Müasir məktəbdə elektron tədris resursları” istiqamətinin “Fənlərin tədrisində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 168, “İbtidai təhsil sistemində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 106, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 177 layihə təqdim olunub.

“Təhsildə internet texnologiyaları” istiqamətinin “Təhsildə internet resursları” nominasiyası üzrə 30, “Müəllimlərin bloqları” nominasiyası üzrə isə 13 layihə verilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqəyə təqdim edilən layihələr üzrə iki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunan Münsiflər Heyəti aparacaq, 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar veriləcək. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı