Modern.az

İsraildə Bakıdan getmiş dərdli bir ana gördüm...

İsraildə Bakıdan getmiş dərdli bir ana gördüm...

Ölkə

18 May 2010, 18:29

Bu günlərdə mənim də daxil olduğum Azərbaycan nümayəndə heyəti İsrailə səfər etmişdi. Səfərin məqsədi Təl-Əvivdə “Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr” mövzusunda beynəlxalq konfransda və Hadera şəhərində Heydər Əliyevin adını daşıyan parkın açılış mərasimində iştirak etmək idi. Haderada Heydər Əliyev adına parkın açılışından sonra yerli əhali ilə söhbət edirdik. Bir qadın mənə yaxınlaşıb, bir az sıxıntılı, bir az narahat-narahat soruşdu: “Bakıda nə var-nə yox, oralar necədir?”.

“Sağ olun” dedim.  Qadın yanımdan uzaqlaşmadı, sən demə, bu dərdli ananın başqa deyəcəkləri də varmış...

Nailə Mixailova ilə tanış olduq. Bu qadının dərdi doğrudan böyük imiş. Azərbaycandan İsrailə köçüb orada özünə ev-eşik düzəldib, rahat yaşayanlar çoxdur. Amma başqa köçüb gedənlərdən fərqli olaraq bu ana heç zaman rahat ola bilmir. Bəlkə də nə vaxtsa onun da gözlərindəki intizar, həsrət keçib gedəcək. Bəlkə də nə vaxtsa onun da hər iki gözü güləcək. Bəlkə də nə vaxtsa erməni əsirliyində olan oğlu Vüqar İbrahim oğlu Mixailov azad olunacaq. Ermənilər onu azad edəcəklər. Amma nə qədər ki, erməni xisləti var, erməni əsirliyində yüzlərlə, bəlkə də minlərlə azərbaycanlı əsir var, ANAların gözləri gülməyəcək.

Nailə xanım deyir ki, oğlu Vüqar 1974-cü ildə Göyçay rayonunda anadan olub, 1992-93-cü illərdə Azərbaycan ordusunda xidmət edərkən Füzuli istiqamətində, daha doğrusu Ulyandağ kəndində gedən döyüşlərdə itkin düşüb. Erməni əsriliyindən qaçmağa müvəffəq olmuş bir nəfər Nailə xanıma oğlunun bir erməni ailəsində saxlandığını deyib. Tiflisidən keçməklə qaçmış həmin adam onu da deyib ki, əsirlikdə olan azərbaycanlı əsirləri erməni ailələrində işlədirlər. Amma Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə bu barədə məlumat vermirlər. Bəzən beynəlxalq qurumların nümayəndələri haradansa belə məlumat aldıqda tez bir zamanda əsirlərin yerləri dəyişdirilir, ucqar kəndlərə göndərilir.

İndi uzaq İsraildə yaşayan, ancaq daim gözü yolda qalan Nailə xanım oğlunun həsrəti ilə yaşayır. Ana deyir ki, oğlunun itkin düşməsi və əsirlikdə olması ilə bağlı bütün sənədlər Qırmızı Xaç Komitəsinə təqdim olunub.

O, oğlunun sağ olduğuna inanır. Bildirir ki, analıq hissi ona deyir ki, oğlu sağdır. Ananı həm də belə bir sual daim düşündürür: “Məgər mənim oğlumu, eləcə də digər oğullarımızı əsirlikdə, zülmətdə saxlayan erməni anaları ana deyil? Məgər onların analıq hissi ölüb? Bəlkə onlar unudublar analıq hissini? Amma biz unutmamışıq. Nə mən, nə mənim kimi Bakıdan köçüb gəlmiş, nə də Azərbaycanda yaşayan yüzlərlə ANA bu hissi unutmarıq”. Nailə Mixailovaya təskinlik verməkdən başqa deməyə çıxış yolu göstərə bilmədim.

Ümid edirik ki, Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi ermənilərin yalan uydurmalarına, müxtəlif bəhanələrinə inanmayacaq, əsir və girovlarımızın azad olunması üçün səylərini artıracaqlar.

 

 

Xətayi Əzizov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı