“Azərbaycanla Türkiyəni çox sevirəm”

Söhbətimizin əvvəlindən sonuna kimi ölkəmizə olan sevgisindən bəhs etdi. Odlar yurdu Azərbaycan arzularının ölkəsiymiş. Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed Əl-Haq ölkələrimiz arasında daha da sıx əlaqələr yaratmaq niyyətindədir. İlk dəfə mətbuata müsahibəsini Modern.az saytına verən səfir dedi ki, təxminən 2 ay əvvəl Sudan telekanallarından birini Azərbaycana dəvət edib. Tarixi məkanları, mədəniyyət ocaqlarını, ölkədəki iqtisadi inkişafla bağlı sənədli film hazırlanıb və bu film 8 dəfə Sudanın ayrı-ayrı telekanallarında nümayiş olunub. Hətta elə bir vəziyyət yaranıb ki, bütün sudanlılar Azərbaycandan danışırmış: “Yenidən Sudan telekanallarını bura dəvət etməyi düşünürəm. Bu əməkdaşlığın qarşılıqlı olmasını istəyirəm”.
- Cənab səfir, 5 aydır ölkəmizdəsiniz. Azərbaycan sizə necə təsir bağışladı?
- Bu gözəl diyara keçən ilin sentyabrında gəlmişəm. Gələndə ürəyimdən bəzi duyğular keçdi, anladım ki, mən öz vətənimdəyəm, yaxınlarımın, dostlarımın arasındayam. Özümü mədəniyyətimizlə əhatə olunmuş cəmiyyətdə hiss etdim. Azərbaycana gəlmək, buraları görmək, burada çalışmaq, yaşamaq arzularımdan biri idi.
- Deməli, ölkəmiz haqqında dolğun məlumatlarınız olub ki, buraya gəlmək arzularınızın bir hissəsi idi...
- Azərbaycanı tanıyırıq. Orta məktəbdə keçdiyimiz İslam tarixi və mədəniyyəti dərsliklərində ölkəniz haqqında məlumatlara yer ayrılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Odlar diyarını tanımağımızı daha da asanlaşdırdı. Müstəqillik qazandığınızda çox sevindik. İqtisadi vəziyyətimizdə yaranan problemlərə baxmayaraq, Azərbaycanda səfirliyimizin açılması üçün cəhd göstərdik və nail olduq.
- Azərbaycanda Sudan haqqında məlumat çox azdır. Ölkənizi qısa olaraq necə tanıdardınız?
- Düşünürəm ki, qarşılıqlı əlaqələri qorumaq, gücləndirmək düzgün bünövrəyə söykənməlidir. Xalqlar bir-birinin tarixi, mədəniyyəti haqda məlumatlı olmalıdır. Başlıca işim o olacaq ki, Sudanı Azərbaycana, Azərbaycanı da Sudana olduğu kimi tanıdım. Hazırkı Sudan müsəlmanlardan ibarətdir. Hamı ərəb dilində danışır, amma tələffüzlərdə fərqlər var. Problemlərimizdən biri odur ki, mədəniyyət fərqli inkişaf edib. Ölkənin bəzi yerləri çox az inkişaf edib. Bu da təbii sərvətlərin paylanması ilə bağlı olan problemlərdi. Sudanda etnik, milli problem yoxdur. Problemimiz, sadəcə inkişafla bağlıdır. 20 il ərzində Azərbaycan yüksək səviyyədə inkişaf edib. Azərbaycanın atdığı addımlarla gedirik ki, bizdə də inkişaf olsun. Siyasi əlaqələrimiz müsbət inkişaf edib. İqtisadi əlaqələrdə problemlər var. İstərdik ki, Azərbaycanın dövlət məmurları Sudana getsin, ziyarət etsin. Əlaqələrimizin daha da yaxınlaşması üçün cəhd göstərilsin, addım atılsın.
- İqtisadi tərəfdən əlaqələrimizi genişləndirmək istəyiriksə, iqtisadi maraqları nəzərə almalıyıq. Məsələn, bizim iş adamları ora gedib hansı işlə məşğul ola bilərlər?
- Sudan böyük ölkədir. Təbii sərvətləri çoxdur. Neftimiz, qızılımız, böyük ticarət bazarlarımız var, əkinçilik sahəsində varlı dövlətik. Çünki Nil çayı Sudan ərazisindən keçir. Sudan Afrikaya gedən yolun qapısıdır. Azərbaycanın neft sənayesində böyük təcrübəsi var. Sudana sərmayə yatırıb fəaliyyət göstərmək olar. Sudanda qızıl, neft emalı zavodları, neft quyularının qazılması və bu kimi işlərlə məşğul olmaq olar.
- Son illər tez-tez müsəlman həmrəyliyindən danışılır. Ciddi dəstəyə ehtiyacı olan ölkələrdən biri də Sudandır. Müsəlman ölkələrinin dəstəyini hiss edirsinizmi?
- Bilirsiniz ki, dünya dövlətləri qruplaşma halında fəaliyyət göstərməyə üstünlük verir. Sudan islam həmrəyliyinə riayət edən ölkələrdəndir. İslam qaydaları ilə hərəkət edirik. Digər İslam ölkələri ilə əlaqələrimiz dostluq, qardaşlığa söykənib. Fikrimcə, hazırda islam həmrəyliyi, islam ölkələrinin bir yerdə fəaliyyət göstərməsi onları daha da gücləndirə bilər. Sudan olaraq müsəlman ölkələrindən həmişə dəstək görmüşük və bunu dəyərləndiririk.
- Dünyada bir çox iki yerə bölünən ölkələr var: Şimali və Cənubi Koreya, Kipr, nəhayət Azərbaycan. Sudan da iki yerə bölünüb. Qeyd etdiyim ölkələrin bölünməsində müxtəlif amillər rol oynayıb. Bəs, Sudanın iki yerə parçalanmasında hansı faktorlar önə çıxıb?
- Ölkəmizin iki yerə parçalanmasında əsas səbəblərdən biri işğalçılıq siyasətidir. Ölkəni tərk etməmişdən öncə işğalçılar artıq Sudanı bölmüşdülər. Hazırkı Cənubi Sudanı “kilidlənmiş ərazi” adlandırırlar. Hətta qarşı tərəf qanun qəbul etdi ki, müsəlman olan sudanlılar öz doğma torpaqlarına keçə bilməz. İşğalçılar torpaqlarımızdan getdikdən sonra tayfalar arasında münaqişələr daha da şiddətləndi. Qərb dövlətləri belə bir fikir formalaşdırdı: afrikalı ərəb müsəlmanlar və cənubi afrikalı xristianlar. Artıq bir yerdə yaşayıb müharibə etməkdənsə, ayrılıb, əmin-amanlıq içində yaşamağı uyğun gördük. Biz birliyimizi itirdik, əmin-amanlığımızı itirməyəcəyimizə ümid edirik.
- Bəs, Sudandakı vətəndaş müharibəsində dünya birliyi nə dərəcədə ədalətli mövqe tuturdu? Xristian və müsəlmanlara eyni dərəcədə ədalətli münasibət göstərildimi?
- Müharibə zamanı ABŞ və Qərb dövlətləri birmənalı olaraq Cənub tərəfə dəstək verirdi. Artıq müharibədən bezdikdən sonra iki tərəf qərara gəldi ki, birgə masa arxasında əyləşib bu problemi həll etməlidir. Bu addımı atanda dünya birliyi köməkliyini göstərdi ki, bu məsələ dincliklə həllini tapsın. Həqiqətən də bu gerçəkləşdi.

- Son onilliklər müsəlman ölkələrində daxili münaqişələr, müxtəlif iğtişaşlar ara vermir. Qərbdə bunu müsəlman ölkələrinin demokratik inkişafdan geri qalması, hələ də demokratik cəmiyyətlərin qurulmaması ilə izah etməyə çalışırlar. Əksinə, müsəlman ölkələrində isə bəyan edirlər ki, bütün bu proseslərin arxasında xarici qüvvələr durur. Siz necə düşünürsünüz?
- Düşünürəm ki, bəzi islam ölkələrində münaqişələr var. İslam dini rəhmət dinidir. Quran ayələrindən birində deyilir ki, sənin öz dinin var, mənim öz dinim. Bu, İslamın necə demokratik din olduğunu göstərir, din çərçivəsində olan bir demokratiyadır. Tarixə nəzər salsaq, görərik ki, müsəlmanlar Avropaya girəndə nə bir kilsə dağıtdılar, nə dini dəyişdilər, nə də iğtişaş yaratdılar. Amma onlar əksinə olaraq xaç yürüşləri zamanında İslam mədəniyyətinə ciddi zərbə vurdular. Zənnimcə, problemin əsası Qərb ölkələrinin islam dini və müsəlmanlar haqqında doğru-dürüst düşüncələrinin olmamasındadır. Bu, onların təfəkküründə formalaşmayıb. Sözsüz ki, bu onların öz səhvidir. Əlbəttə, biz müsəlmanların da səhvi var, hər şeyi həyatın qanunlarında görürük. Həyat ardıcıl olaraq dəyişir. Biz də hər hansı bir məkanda dinc şəraitdə yaşamağı öyrənməliyik. Belə bir qayda yoxdur ki, başqalarını dəyişək.
- Son zamanlar Afrika qitəsi ölkələrinə beynəlxalq diqqət əvvəlki qədər deyil. Sanki bu ölkələr birdən-birə “unudulub”. Bu tendensiyanı nə ilə izah edərdiniz?
- Bir çoxları Afrika qitəsinə “unudulmuş qitə” deyir. Aclıqların, xəstəliklərin, müharibələrin ən çox olduğu qitə kimi tanıyırlar. Təəssüf ki, hər hansı bir yerdə problem olanda Afrika məsələlərindən fikri yayındırıb başqa bir məsələnin üzərində dayanırlar. Buna görə də düşünürəm ki, Afrikanın problemlərini Afrika özü həll etməlidir. Kənardan dəstək gözləməməlidir. Sizinlə razıyam, Afrika ölkələrinə diqqət azalıb və çox az miqdarda yardım edilir. Bunu gördükdə, həqiqətən də düşünürəm ki, Afrika unudulmuş bir qitədir.
- Cənab səfir, kitab rəfinizdə masa üstü Azərbaycanın və Türkiyənin bayrağını görürəm. Bunu nə ilə izah edə bilərsiniz?
- Sudanla əlaqələri olan qardaş ölkələrin hamısının bayrağını evimdə saxlayıram. Bu sırada Azərbaycan və Türkiyə də var. Həmişə bu iki ölkənin mədəniyyəti, bayrağı, xalqı ilə fəxr etmişəm. Digər ölkələrin də bayraqları var, amma gözə görünən bu iki ölkənin bayraqlarıdır. Bu iki ölkəni çox sevirəm. Azərbaycan gözəl ölkədir. Buradakı əmin-amanlığa söz ola bilməz. Övladlarımın burada olmasından heç də narahat deyiləm. Səlahiyyət müddətim başa çatdıqda və ya başqa ölkəyə təyinat alarsam, ailəmi burada qoyacağam.
Laçın SƏMLA