st1:*{behavior:url(#ieooui) }
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi bildirib ki, aprel ayı ərzində bazara təklif olunan ümumi 800,1 ha torpaq sahəsinin 77,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında yay mövsümünün yaxınlaşması ilə əlaqədar bir qədər artıb. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə stabillik müşahidə olunub və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən nisbi şəkildə mənfiyə doğru dəyişib.
Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabilləşməsinə səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0.8% artaraq 255 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Ötən aylarda olduğu kimi aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1.2% azalaraq 14436 $/sot səviyyəsindən 14265 $/sot səviyyəsinə enib.
Ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınmışdır. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən baha olması ilə bağlıdır.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması, I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Martdan fərqli olaraq apreldə I zona üzrə qiymət azalması bir qədər stabilləşməyə doğru yönəlib. Amma II, III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını əvvəlki kimi saxlayır. III və IV zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərində problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına daha ciddi təsir göstərir. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Apreldə rayonlar üzrə ən çox qiymət azalması Səbail (-1.6%) rayonunda qeydə alınıb. Yay mövsümünün yaxınlaşması Əzizbəyov rayonu üzrə torpaq qiymətlərinin nisbi artımına (0,2%) səbəb olub.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nizami rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ötən ay torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250000 $sot Nəsimi (Kubinka) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 $sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
Modern.az