Bu gün Təhsil Nazirliyində “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib. Modern.az-ın məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bildirib ki, “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Bu ilin əvvəlindən reallaşdırılan layihə Bakı şəhərində pilot seçilmiş 3 orta ümumtəhsil məktəbini (5, 31, 207 nömrəli məktəblər) əhatə edib. Layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub, eləcə də şagirdlər özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. Tədris prosesində “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı tədris vəsaitlərindən istifadə olunub.
Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, belə bir tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.
“Təhsil Nazirliyi belə layihələrə dəstək verir. Məktəblərin bu gün maddi texniki bazası möhkəmləndirilir. Bu il 2 min məktəb ictimaiyyətə təqdim edilib. Həmçinin məktəblərin informasiya-komunikasiya texnologiyaları ilə təhcizatı yüksək səviyyədədir. Əgər əvvəlki illərdə 1063 şagirdə 1 kompüter düşürdüsə, bu gün 20 şagirdə 1 kompüter düşür. Bu istiqamətdə yeni layihələr də həyata keçiriləcək”.
Misir Mərdənov onu da vurğulayıb ki, pilot seçilmiş hər bir məktəbə əlavə olaraq 20 kompüter veriləcək.
Tədbirin sonunda “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi çərçivəsində fərqlənən şagirdlərə hədiyyələr verilib.
Təhminə Paşayeva