Modern.az saytı xəbər verir ki, Türkiyə Qəzetəçilər Federasiyası ilə Azərbaycan Parlament Jurnalistləri Birliyi arasında əldə olunan razılaşmaya əsasən 2010-cu il federasiya tərəfindən Türkiyədə “Qarabağ ili” elan olunub. Bunun tərkib hissəsi kimi qurumlar arasındakı digər razılaşmaya əsasən, federasiya 2010-cu il ərzində Türkiyənin əksər bölgələrində “Ermənilərin Azərbaycanda törətdikləri soyqırmları fotolarda” adlı sərgi keçirəcək.
Artıq sərgi Ankara, İzmir, Alanya, Adanada keçirilib.
Türkiyə Qəzetəçilər Federasiyasının genel başkanı Atilla Sertel Modern.az saytına bildirib ki, bu ay ərzində sərgi Kapadokiya və Nevşeherdə keçiriləcək: “Biz bu sərgini ilin sonunadək Türkiyənin əksər bölgələrində keçirməyi planlaşdırırıq. Qardaş Azərbaycanın problemi Türkiyənin problemidir. Bizlər də jurnalist olaraq bu mövzuda gücümüz çatan bütün yükü daşımağa hazırıq. Ankara və Alanyada keçirilən sərgilərdə Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, sədr müavini Xətayi Əzizov və digər dostlarımız, İzmirdə keçirilən tədbirdə isə Azərbaycanın millət vəkili, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Elşad Eyvazlı və digər arkadaşlar Əliməmməd Nuriyev, Səfər Alışarlı iştirak etdi. Adanada isə sərgini özümüz keçirdik. Bundan sonra keçiriləcək sərgiləri də özümüz təşkil edəcəyik. Təbii ki, bu sərgilərdə azərbaycanlı dostlarımızın da iştirak etməsini istərdik. Ancaq iştirak etməsələr belə, qarşıya qoyduğumuz məsələni icra edəcəyik. Bu, Azərbaycan xalqı qarşısında bizim borcumuzdur”.
Qeyd edək ki, Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Atilla Sertel başda olmaqla Türkiyə Qəzetəçilər Federasiyasının nümayəndə heyətinin yaxın zamanlarda Azərbaycana səfəri də gözlənilir.
Modern.az