AzTV-də işləyəndə qəribə bir əhvalatla rastlaşdım. Ondan sonra özümə söz verdim ki, çəkilişə - xüsusilə də tənqidi süjetlər çəkməyə gedəndə bu amili yaddan çıxarmayım.
Hacıbala Abutalıbov Prezident Heydər Əliyevin fərmanıyla Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu. Bakının küçə və prospektlərində kütləvi təmizlik və abadlaşdırma işlərinə başlanmışdı. Demək olar ki, bütün rayonlar, idarə və təşkilatlar bu işə cəlb olunmuşdu. Bizi dəvət etməsələr də, kameramızla qıraqdan bu hadisələri lentə alırdıq. Yox, tərifləmirdik. Sadəcə gözdən-nəzərdən qaçan məqamları xatırladırdıq. Tənqid hədəfi isə bu qədər iş görməsinə baxmayaraq Hacıbala Abutalıbov idi. Hər süjetin sonu da belə qurtarırdı: “Görəsən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hara baxır?”.
Hacıbala müəllim bu tənqidləri çox səmimi qarşılayar və gözdən qaçan nöqsanları həmən aradan qaldırılması üçün işçilərinə tapşırıq verərdi. Əlbəttə ki, yaxşıca tənbeh etməklə. Nöqsanlar aradan qaldırılandan sonra isə AzTV-nin çəkiliş qrupu həmin yerə dəvət olunar, “tənqiddən nəticə” adlı süjet efirə gedərdi.
Növbəti belə çəkilişlərin birinə həmkarım Akif Məcidoğluyla dəvət almışdım. Nöqsanlarını efirdə işıqlandırdığımız idarə müdiri isə gecikirdi. Qəbul otağında gözləyirdik ki, müsahibə alaq. Birdən qapı açıldı. Ortaboylu, yaşlı bir kişi qəbul otağına girdi. Bizə tərəfə əsəbi baxaraq direktorun otağının qapısını açdı. Bizə də salamsız-kalamsız “gəlin içəri” dedi. Otağa girdik. Demə bu adam gözlədiyimiz həmin müdirmiş. Düzün desəm, onun bu hərəkəti xoşuma gəlmədi:
- Yaşar müəllim, süjetimizdəki faktlarla razı deyilsiniz?
Elə bil bu sualımla müdirə od qoydum:
- Mən materiala baxa bilmişəm ki? Bütün günü iş başındayıq, toz-torpağın içində. Televizor yada düşür? Özünüz də bilirsiniz ki, Hacıbala müəllim gələndən bəri gecəmiz-gündüzümüz yoxdur. İllər boyu yığılıb qalan problemləri qısa müddət ərzində həll etməyə çalışırıq. Evə yalnız paltarımı dəyişməyə gedirəm. Süjetdə gedən nöqsanları da Hacıbala müəllim dedi mənə və tapşırıq verdi ki, aradan qaldırılsın. Gecəylə də hər şeyi düzəltdik. Səhər evə getmişəm ki, əl-üzümü yuyub, bir stəkan çay içim... arvad-uşaq nə desə yaxşıdır? - “Yaşar, hardan gəlirsən?” Dedim ki, işdən. “Nə iş? Bütün günü evdə tapılmırsan. Soruşanda da deyirsən ki, işdəyəm. Yaxşı işləsəydin AzTV-nin “Xəbərlər”ində sənin haqqında tənqid getməzdi”. Ay jurnalistlər, bütün günü işləyirik, adama bir quru sağ ol da demirsiniz, amma xırda bir nöqsan görən kimi aləmə car çəkirsiniz. Kollektivdə də üzümüzü qara edirsiniz, evdə də.
Nədənsə Metropolitenin rəisi Tağı Əhmədovla bağlı mətbuatda gedən yazıları oxuyanda həmin hadisə yadıma düşür. 16 illik jurnalist kimi rəsmi fəaliyyətimdə Tağı müəllimlə yalnız bir dəfə rastlaşmışam, o da qiyabi. Mənim hansısa süjetimlə bağlı baş redaktorumuza zəng etmişdi. Təsadüfən mən də müdirin otağındaydım. O da dəstəyi mənə verdi ki, “sənə aiddir, cavab ver”.
Tağı müəllim ağzını açmaq istəyirdi ki, bir-iki cüzi çatışmazlığı ona dedim. O nöqsanlar da metronun professional fəaliyyətiylə yox, dil xətalarıyla bağlı idi. Əsəbi şəkildə “sağ ol” deyib dəstəyi asdı. Baş redaktorum Allahverdi müəllimdən icazə alıb tez “Elmlər Akademiyası” metrostansiyasının önünə gəldim. Gördüm ki, Tağı müəllimin başçılığı altında fəhlələr bu xətaları aradan qaldırırlar. Səhəri gün işə gələndə metro stansiyalardakı digər nöqsanlara da rast gəlmədim. Çünki iradım düzgün idi, Tağı müəllim də ona görə qəbul etmişdi.
Hörmətli Tağı müəllim, mən, ailəm Sizin rəhbərlik etdiyiniz Metropolitenin fəaliyyətindən razıyıq. Pik vaxtı basabas olsa da mənzil başına vaxtında çatmağın yeganə yolu metrodur. Metro yayda sərin olur, qışda isti. Probka yoxdur. Maşinistlər istədikləri yerdə saxlayıb sərnişin götürmürlər. Pulu kart sistemiylə ödəyirsən. “İçərişəhər” stansiyasından “Neftçilər”ə cəmi 18-20 dəqiqəyə çatmaq olur. Nizam-intizam yüksəkdir. Heç bir işçinizdən ağır, təhqiramiz söz eşitməmişik. Səhər saat 6-dan gecə saat 12-yədək işləyib, 6 saat istirahət edirsiniz. Yox, burda yanlışlığa yol verdim. Metropolitendə gecə də cari təmir işləri gedir axı. Bütün bunlara isə siz nəzarət edirsiniz. Sizi tərifləmək istəməzdim. Nöqsanlar əlbəttə ki, var. Çünki iş olan yerdə, çatışmazlıqlar da labüddür. Sadəcə qiymətləndirməyi özümə borc bildim. Çünki sizin işinizi dəyərləndirmək, bütövlükdə Metropoliten sahəsində işləyənlərin əməyinə verilən bir qiymət sayılmalıdır.
Avtomobil sürən bir sürücü üç şeyə cavabdehdir. Bir özünə, bir nəqliyyat vasitəsinə, bir də avtomobilindəki sərnişinlərə. Bu misalımla müqayisə etsək sizin məsuliyyətinizi anlamaq, dərk etmək heç də çətin deyil.
Biz jurnalistləri isə qınamayın, inciməyin də. Bizim sənətimiz sual verib, cavab almaqdır. Kimsə üstümüzə qışqıranda, kobud davrananda onu ikiqat cəzalandırmağa qərar veririk. Axı, biz 4-cü hakimiyyətik.
Tağı müəllim, mən də sizin kimi yumoru çox sevirəm. Deyirlər, 28 May metrosunda sürüşkən döşəmədə bir-iki hündürdaban ayaqqabı geyinənin ayağının büdrəməsi, digər idarə müdirlərinə də görk olub. Artıq bütün qadın ayaqyolularına kavrolit döşənir, ya da girişdə rezin çəkələklər qoyulur. Buna imkanı olmayan təşkilatlar isə qapının üstünə xəbərdarlıq lövhəsi yapışdırırlar: “Ehtiyatlı olun. Metlax sürüşkəndir”, yaxud da “Hündürdabanla giriş qadağandır!”
Tağı müəllim, bilmirəm özünüz tapmısınız bu fəndi, ya kimsə deyib. Suallara çox qısa cavab verirsiniz. Bununla da növbəti sualın yaranmasının qabağını alırsınız. Nəticədə isə qısa zaman kəsiyində verilən suallar təkrar xarakter alır. Amma metroda elektrik enerjisinin kəsilməsiylə bağlı keçirdiyiniz təlaşı mən ekrandan hiss edirdim. Hər an gözlədiyiniz, amma sizə verilməyən o sualı eşitmədikcə çöhrənizə gülüş qonurdu, artıq həmkarlarımla məzələnməyə də başlamışdınız. Məncə sizi 825 voltun verilməyi, vaqonların hərəkətə gəlməsi maraqlandırmırdı. Əsas 380 idi ki, o da verilmişdi. Nasoslar işə düşmüşdü. Bəladan qurtulmuşdunuz, elə deyilmi? Ona görə belə inamla jurnalistlərin qabağına çıxmışdınız. Həmkarlarım isə bunu tuta bilmirdilər. Hətta özünüz onlara ayaq versəniz belə...
Metroda sonuncu dəfə işıq sönəndə verdiyiniz müsahibəni internet səhifələrində dəfələrlə izlədim. KİV nümayəndələriylə söhbətiniz əsnasında sizin cib telefonunuza zəng gəldi. Danışığınızı qurtarandan sonra gözləyirdim ki, jurnalist həmkarlarım sizə bu telefon söhbətindən doğan növbəti sualı verəcəklər. Amma...
Sualımı sizə ünvanlayıram. Nə vaxtsa əgər mətbuat nümayəndələriylə görüşsəniz mənim də bu sualımı eksklüziv olaraq cavablandırarsınız. Əgər arzu etsəniz.
“380 verilib. 380 verildiyinə görə də sular vurulur. Ən əsas qorxulu hissə o idi ki, sular vurulur. Vəssalam”. Bu sizdən gətirdiyim sitat idi. İndi isə sualım: 380 volt elektrik enerjisinin verilməsi 12 saat və ya bir sutka yubadılsaydı, nə baş verə bilərdi? Fəlakət?
Bircə dənə də xahişim var. Mümkünsə metro stansiyasının girişindəki (keçidləri demirəm) ticarət köşklərini yığışdırasınız ki, basabas yaranmasın. Metronun bütün qapıları bizim üzümüzə taybatay açılsın.