Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair növbəti hesabatına əsasən bu gün dünya əhalisinin təqribən 90 faizi mobil rabitə şəbəkələri ilə əhatə olunub, 25 faizi isə internet istifadəçisidir.
Bu günlərdə Hindistanın Heydərabad şəhərində keçirilən Telekommunikasiya İnkişafı üzrə Ümumdünya Konfransında təqdim olunmuş hesabatda 2015-ci ilə kimi qlobal informasiya cəmiyyətinin yaradılması çərçivəsində əldə olunmuş tərəqqinin ortamüddətli təhlili əks olunub.
Sənəddə səyyar mobil rabitə texnologiyaları sahəsində sürətli artım və inkişafın müşahidə edildiyi qeyd olunur ki, bunun sayəsində əvvəl qoşulma imkanları olmayan ərazilər artıq rabitə ilə əhatə olunublar.
İnternetin inkişafına gəldikdə isə hesabatda bildirilir ki, 2003-cü ildə ilk İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin keçirildiyi vaxtdan bu günə kimi olan müddət ərzində internet istifadəçilərinin sayı iki dəfədən çox artıb və bu gün dünya əhalisinin 25 faizi Qlobal Şəbəkə istifadəçisidir. Bununla yanaşı sözügedən göstəricinin artması üçün əlavə səylərin tələb olunduğu da vurğulanır.
Hesabatın müəllifləri internetin nisbətən az inkişaf etdiyi ölkələri ümumi qoşulmanın təmin edilməsi üçün daha fəal sərmayə yatırımı həyata keçirməyə çağırır.
Sənəddə informasiya-kommunikasiya texnologiyaları həmçinin səhiyyə və təhsil kimi istiqamətlərin inkişafı üçün zəruri olan infrastruktur kimi qələmə verilir. Qeyd olunur ki, inkişaf edən ölkələrdə İKT-nin tibb müəssisələrində tətbiqi məhduddur və “bütün tibb ocaqlarının internetə qoşulması” məqsədinə çatmaq üçün əlavə səylərə ehtiyac var. Sözügedən işin yerinə yetirilməsi üçün genişzolaqlı çıxışın istifadə olunması isə daha məqsədəuyğun olardı.
Həmçinin BTİ mütəxəssisləri məktəblərdə Şəbəkəyə çıxışın, eləcə də tədris prosesində İKT imkanlarının tətbiqinin zəruriliyini də qeyd edirlər. Bu səpkidə hesabatda fərqli göstəricilər nümayiş etdirilir. Bir sıra ölkələrin təhsil sahələrində yüksək texnologiyaların geniş tətbiq olunduğu bir halda bəzi ölkələrin məktəblərində internetə çıxış imkanları yoxdur.
Beynəlxalq Telekommunikasiya İttifaqının təqdim etdiyi hesabatda həmçinin internetin kontentinə dair məsələyə də toxunulur. Bildirilir ki, Şəbəkədə hələki ingilisdilli resurslar əksəriyyət təşkil edir. Bu dildə isə dünya əhalisinin cəmi 15 faizi danışır. Digər tərəfdən internetin ingilisdilli istifadəçilərin ümumi sayda payı azalmağa doğru gedir ki, belə vəziyyətdə düşünmək olar ki, internetdə ingilis dilində danışmayan istifadəçilərin sayə getdikcə artır. Kontentin diversifikasiyasının digər nümunəsi milli domen zonalarında qeydiyyatdan keçmiş veb-saytların sayının artmasıdır.
Ümumiyyətlə isə, BTİ-nin hesabatında belə nəticəyə gəlinir ki, son beş ildə böyük nailiyyətlərin əldə olunduğuna baxmayaraq, inkişaf edən ölkələrdə bu sahədə hələ çox işlər görmək lazımdır ki, 2015-ci ilə kimi qarşıya qoyulmuş hədəflər dəf edilsin və nəticələr əldə olunsun.
Beynəlxalq Telekommunikasiya İttifaqı qeyd olunan vaxtadək dünya əhalisinin yarısının internet şəbəkəsi ilə əhatə olunması üçün bütün ölkələri əllindən gələni əsirgəməməyə çağırıb.