“Keçən ilki qaz borcuna görə dünən gəlib qazımı kəsiblər. Belə də haqsızlıq olar. Prezidentin fərmanıyla ləğv edilmiş ötənilki borclara görə heç kimin haqqı yoxdur qazı kəssin. Bu da pul yeməyin təzə yoludur”.
Bu sözləri Modern.az-a Yasamal rayonu 1-ci Alatava küçəsi 8 a ünvanında yaşayan Radə Abbasova deyib. R.Abbasova bildirib ki, 2010-cu ilin ötən 5 ayında istifadə etdiyi qazın haqqını ödəyib. Ancaq dünən gəlib onun qaz təchizatını qanunsuz olaraq dayandırıblar.
“Yasamal rayonu Qaz İstiamar İdarəsinin işçiləri deyirlər ki, 337 manat borcun var. Mən başa düşə bilmirəm bu 337 manat haradan çıxdı? Ölkə Prezidenti fərman vermişdi ki, əhalinin 2009-cu ildəki qazpulu borcları silinsin. O vaxt da mənim 352 manat borcum vardı. Deməli həmin borc da silinməli idi. Digəl ki, indi o silinməyən borca görə qazı kəsdilər”.
Radə Abbasova hara müraciət etsə də xeyri olmadığını söyləyib.
“Hara müraciət etsəm də heç kim bu işə baxmır. Yasamal rayonu Qaz İstiamar İdarəsinin 7 saylı sahə rəisi də deyir ki, qaz nəzarətçilərinin günahıdır. Bilməyib keçən ilki, borcları bu ilə yazıblar. Necə olur, hansısa qaz işçisinin günahından mən bu qədər qanunsuz pul ödəməliyəm. Yasamal rayonu Qaz İstiamar İdarəsinin rəisi isə deyir ki, “get hara mürciət edirsən elə. Bu bizim işimiz deyil. Borc yazılıb deməli ödəməlisən””.
R.Abbasova bildirib ki, yeganə yol məhkəməyə müraciət etməkdir.
“Müharibə veteranıyam, 2-ci qrup Qarabağ əliliyəm. Evdə xəstə anam, uşağım var. Anamın 7 övladından 4-ü müharibədə iştirak edib. İkisi əlildir. Məmurların müharibə veteranına qoyduqları hörmət budur? Pensiya ilə dolanan adamam. Pensiyamı kiminsə cibi üçün xərcləməyəcəm. Prezidentə də, baş prokurora, eyni zamanda Rövnəq Abdullayevə teleqram vurmuşam. Məhkəməyə də mürciət edəcəm”.
Azad İstehlakçıların sədri Eyyub Hüseynov da dəfələrlə “Azəriqaz”ın əhalidən qeyri-qanuni pullar yığdığını, borcların bir hissəsinin hələ də pozulmadığını bildirib.
Xatırladaq ki, ölkə Prezidenti əhalinin 2009-cu ildəki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borclarının silinməsi haqda fərman imzalamışdı.
Təhminə Paşayeva