Modern.az

Son zəng məzunlara neçəyə başa gəlir?

Son zəng məzunlara neçəyə başa gəlir?

Ölkə

30 May 2010, 21:04

31 may saat 10.00-da Azərbaycanda 4500-dən çox ümumtəhsil məktəbinin XI sinfini bitirən 103 min 317 nəfər məzun üçün son zəng çalınacaq. Təhsil naziri Misir Mərdanov  mayın 20-də “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2010-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək.

Amma bəzi orta məktəblərin məzunları təhsil ocaqlarında saat 13.00-da başa çatacaq tədbiri şəhərin müxtəlif məkanlarında (Dənizkənarı bulvarda, kafe və restoranların banket zalında, şəxsi evlərdə) davam etdirmək qərarı veriblər.
Son illər XI sinfi bitirənlər bu hadisəni xüsusi təmtəraq və təntənə ilə qeyd etməyə çalışırlar. Son zəngin qeyd edilməsi orta məktəb məzunlarına elə-belə başa gəlmir və onlar müxtəlif məbləğdə pul xərcləməli olurlar.

Modern.az Bakıdakı bir neçə orta məktəbin XI sinfini bitirən məzunlarla söhbət edərək onlardan son zəng günü nə qədər pul xərcləyəcəklərini soruşub. Suallarımıza cavab verərkən öz adlarını və soyadlarını gizlətməyən məzunlar yalnız oxuduqları məktəblərin nömrəsinin qeyd edilməsini istəməyiblər.

Nərimanov rayonundakı prestijli orta məktəblərdən birində oxuyan XI sinif şagirdi Elmira Əhmədova bildirib ki, o, direktora 20 manatlıq hədiyyə, 15 manatlıq gül dəstəsi, sinif rəhbərinə isə 15 manatlıq gül dəstəsi alacaq. Bundan başqa, müəllimlər üçün sinfin birlikdə alacağı hədiyyəyə görə daha 10 manat ödəyəcək. Elmira sinif yoldaşları ilə birlikdə restoranda təşkil edəcəkləri banket üçün 50 manat, tədbirin videokamera ilə çəkilişinə görə 5 manat, xüsusi olaraq son zəng üçün geynicəyi paltar üçün isə 40 manat xərcləyəcək. Beləliklə E.Əhmədova son zəng günü 155 manat xərcə düşəcək. Elə onun sinif yoldaşlarının hər birini də bu qədər vəsait xərcləmək gözləyir.
  

Nəsimi rayonunda yaşayan XI sinif şagirdi Pərvanə Məmmədov isə son zəng günü bir qədər artıq pul xərcləyəcək. O, direktora, sinif rəhbərinə və digər müəllimlərə hədiyyə, gül dəstəsi alınması üçün 80  manat verəcək. Banket üçün 50 manat, son zəng günündə geyinəcəyi xüsusi paltar üçün 50 manat, qadın salonunda yüngülvari bəzənmək üçün 10 manat, banketin çəkilişinə görə 10 manat xərcləyəcək. Bundan başqa Pərvanə son zəng çalınarkən ona gül dəstəsi gətirəcək 1-ci sinif şagirdi üçün də 15 manatlıq hədiyyə alıb. Nəticədə P.Məmmədova sabah 215 manat xərcləməli olacaq.

Yeri gəlmişkən, məzunlar onu da bildiriblər ki, onları direktor və müəllimlər üçün hədiyyə almağa heç kim məcbur etmir, sadəcə bu, artıq adət-ənənəyə çevirilib.

Onu da qeyd edək ki, son günü məzunların xərcləyəcəkləri vəsaitin məbləği onların harada yaşamalarından asılıdır. Göstərilən məbləğlər paytaxtın mərkəzində yaşayan məzunlar üçün artır (270-300 manatadək), şəhərətrafı qəsəbələrdə isə azalır (100-50 manatadək).

 


Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı