Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Hər birimiz üçün adiləşən polietilen paketi və onun istifadəsinin fəsadları haqqında biz nə bilirik? Bu məsələ "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin bu günlərdə paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı araşdırılıb. Sorğu Bakı şəhərinin Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonları ərazisində yaşayan əhali arasında keçirilib. Sorğuda 186 nəfər iştirak edib.
"ELS"-dən Modern.az-a bildirlib ki, tədqiqat respondentlərin evlərində şəxsi müsahibə (face to face) üsulu ilə aparılan rəy sorğusu formasında keçirilib.
Tədqiqatın nəticələrinə görə sorğuda iştirak edənlərin 23,9%-i kişi, 76,1%-i isə qadınlar olub. Respondentlərin 2,2%-i natamam orta, 22,8%-i tam orta, 15,2%-i orta ixtisas, 5,4%-i natamam ali, 53,3%-i ali təhsilli, 1,1%-i isə elmi dərəcəli olmuşlar. Rəyi soruşulanların 25,0%-i dövlət, 16,3%-i isə özəl sektorunda çalışanlar, 17,4%-i işsizlər, 23,9%-i evdar qadınlar, 12,0%-i təqaüdçülər, 5,4%-i isə tələbələr olub.
Bununla bərabər respondentlərin polietilen paketlər və onların istifadəsi məsələlərinə olan münasibəti öyrənilib. Rəyi soruşulanlar paketlərin su və nəmişliyə davamlılığı (51,8%), gəzdirmək üçün rahatlığı, yüngüllüyü və təhlükəsizliyi (40,9%), mağazalarda pulsuz verilməsi, özünlə bazarlığa gedəndə aparmaq lazım olmaması (39,4%), ucuzluğu (35,2%), elastikliyi və möhkəmliyi (18,6%), zibil yığmaq üçün əlverişliliyi (18,3%), mədəni servis xidmətinin göstəricisi olduğu (14,9%), ərzaq və digər məhsulların ayrı-ayrı yığılması üçün konteyner qismində istifadəsi (13,2%) kimi amilləri qeyd ediblər. Rəyi soruşulanların 2,1%-i “heç bir xeyri yoxdur” cavabını verib, 12,0%-i isə bu barədə münasibətlərini dəyərləndirə bilməyib. Eyni zamanda rəyi soruşulanların 87,9%-i polimer məhsulların istifadəsinin ətraf mühit və insan sağlamlığına mənfi təsirini qeyd edib. 12,1%-i isə bu istifadənin fəsadlarına dair məlumatlı olmadıqlarını deyib. Zərəri qeyd edən respondentlərin 74,8%-i paketlərin ətraf mühiti çirkləndirdiyini və artıq məişət tullantılarının əhəmiyyətli komponentinə çevrildiyini deyib. 46,3%-i polimer materiallarının tərkibinə daxil olan kimyəvi birləşmələrinin sağlamlığa mənfi təsir göstərdiyini, 35,5%-i paketlərin zibillə birlikdə yandırıldılması zamanı havaya zəhərli birləşmələrin ayrılmasını və başqa (11,0%) amilləri göstərib.
Sorğu zamanı polietilen paketlərin təbiətdə parçalanmasına 100 ildən çox müddətin tələb olunması barədə rəyi soruşulanların 38,2%-i məlumatlı olduqlarını, 21,7%-i təxmini bunu güman etdiklərini, 40,1%-i isə bilmədiklərini bildirib. Respondentlərin polietilen paketlərinin təkrar emalının edilməməsi və ya çətinliklə başa gəlməsi barədə məlumatlı olması öyrənildikdə rəyi soruşulanların 20,3%-nin tam məlumatlı, 24,5%-nin qismən məlumatlı, 55,2%-nin isə məlumatsız olduqları müəyyən edilib. Polietilen paketləri yandırıldıqda ətraf mühitin zəhərli birləşmələrlə çirklənməsi haqda 75,2% respondent xəbərdar olduğunu, 12,3%-i bu barədə nə isə eşitdiyini bildirib,12,5%-i isə ümumiyyətlə məlumatlı olmadığını deyib.
Polietilen paketlərindən imtina edərək parça və ya kağız paketlərdən istifadə etməyə razı olmaları sualına respondentlərin 41,6%-i müsbət cavab verib, 15,6%-i bunu müəyyən şərtlərlə etməyə hazır olduqlarını bildirib, 20,5% respondent razı olmayıb, 14,1%-i isə bunun ümumiyyətlə mümkün olmadığını qeyd edib. Rəyi soruşulanların 7,9%-i münasibətlərini bildirməkdə çətinlik çəkib. Beləliklə, polietilen paketlərdən imtina yalnız müəyyən tədbirlərin həyata keçirilməsi şərtilə mümkün ola bilər. Lakin uzun illər ərzində istifadəsinə öyrəndiyimiz paketlərdən imtina etmək heç də asan iş olmayacaq, çünki bu paketlər məişətimizdə əhəmiyyətli rol oynayır. Bunu həm imtina etməyə razılıq verən, həm də razılıq verməyən respondentlərin cavablarından görmək olar.
Yuxarıda göstərilənlərdən belə nəticə çıxarmaq olar ki:
polietilen paketlərin istifadəsindən imtina yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması əsasında həyata keçirilə bilər;
polietilen paketlərdən imtina üçün uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır;
parça torbaların istehsalı və əlverişli şərtlərlə satılması təşkil olunmalıdır; kağız paketlərin istehsalı məqsədi ilə makulaturanın toplanılması və emalı təşkil edilməlidir.
Modern.az