Mənim yaşım az idi. Atamın bir dostu vardı, adı Rafiq idi. Onunla şəklimiz vardı, Şuşada. Həmişə o şəkilə baxanda Rafiq əminin ölümünü xatırlayıram. O, iki dəfə ölüb. Birinci dəfə 23 yaşında. Kliniki ölüm olub. Atam deyirdi Rafiq ilk dəfə öləndə 23 yaşında idi. Onun ölümü bütün tanıyıb bilənləri üzdü. Anası, bacısı, yaxınları ağlamaqdan məhv olmuşdular. Rafiq düz bir gün ayılmayıb. Onu el dili ilə desək, yumağa aparıblar, kəfənliyib evə gətiriblər. Anası bacısı, meyitin üzərində az qala özlərini öldürürmüş. Sən demə elə Rafiq yuyat yerindəcə ayılb. Amma həyatda da çox zarafatcıl olan Rafiq əmi ayıldığını hiss etdirməyib. Kəfənlənib, adət-ənənəylə son mənzilə yola salınmaq üçün evə gətirilib. Ağlaşmadan sonra onu əzizləri, elə atam da çiyninə alıb dəfn etmək üçün maşına qədər aparıblar. Amma o, cənazə maşınına minmədən ayağa qalxmağa çalışıb. İnsanlar da ölü xortladı deyə, onu elə ordaca yerə atıb, qaçmağa başlayıb. Bayaqdan saçını-başını yolan, oğulları ölüb deyə, az qala özlərin öldürən qadınlar da başlayıblar ağ kəfəndə gülə-gülə onlara tərəf gələn Rafiqi daşlamağa. Onu “xortladıgı” üçün yenidən öldürməyə çalışıblar.
Atam deyirdi ki, Rafiqin atası insanları güclə tutub, qışqırıb ki, “bayaqdan ölməsin deyə, ağlayırdız, indi niyə öldürürsüz?”.
“Ölü” diriləndən sonra yasa gələn qadınlar ayaqqablarını qoyub qaçıblarmış. Rafiq də bir-bir ayaqqabıları götürüb qonşulara aparıb verirmiş. O vaxt, “xortlayanı” qapısında görən neçə qadının halı pisləşib, həkim çagırılıb. Rafiq deyirmiş ki, “məni yuyanda üzərimə tökülən sudan ayıldım. Gözümü açdım, mürdəşir yenidən gözümü bagladı ki, yazıq gəncdi, həyatdan doymayıb. O vaxt dedim ki, yaxşı oldu mən də özümü ölülüyə vurum görüm, necə ağlayırlar, kim məni nə qədər istəyir”.
Yazıq atama deyib ki, “vallah atamdan başqa hamı elə ölümü sevirmiş. Məni elə qəşəng bəzəyib-düzəyib ağlayırdılar ki, elə bildim söhbət məndən yox, başqa adamdan gedir. Amma “diriləndə” gördüm elə ölmək urvatlıymış”.
Sonra atamın o dostu 10 il yaşayıb və dünyasını dəyişib. Ondan bizə qalan isə Şuşada Cıdır düzündə çəkdirdiyimiz şəkildi. Bu bəzəksiz-düzəksiz olmuş bir əhvalatdan yadımda qalandı. Ağdamda yaşayan bir çox insanın xəbəri var bu hadisədən.
Neçə gündü Hüseyn Dəryanın ölümü ilə bağlı yazılanları, deyilənləri oxuyandan sonra yadıma düşdü. Rəhmətlik Rafiq əmi haqlıymış. Öləndə insanı elə ağlıyırlar ki, dirilib kənardan baxsa, özünü tanımaz. Demək öləndə insanın qiyməti artır. Sağlığlnda birinə dəyər verməsək də, ölümündən şou düzəltməyi bacaran xalqıq. Halal olsun bizdəki bu əsrarəngiz yetənəyə. Mən Hüseyni şəxsən tanımırdım. İnsan kimi necə olduğunu da bilmirdim. Rep də mənim dinlədiyim musiqi janrı deyil. O üzdən onun ölümünə sadəcə gənc olduğu üçün üzülmüşdüm.
Hüseyn Dərya bu dünyadan köç etdi, artıq onun ruhunu azad edin. İmkan verin, o dünyada haqq-hesabını çəksin. Günahkardısa günahının, savabkardısa savabını ödəsin. O dünyadan gəlmək mümkün olsa, inanın gəlib deyər “əl çəkin məndən”. Öləni qəhrəman, ucalanı rəzil edən mediam, arada bir nəfəs alın. Nəfəsimiz kəsiləndə o dünyada üz-üzə gələcəyik....