Modern.az

Şirməmməd Hüseynov: “Cavanları bu yolla getməyə dəvət edirəm”

Şirməmməd Hüseynov: “Cavanları bu yolla getməyə dəvət edirəm”

Ölkə

2 İyun 2010, 16:15

Bu gün Bakı Dövlət Universitetində (BDU) xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Modern.az xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək B.Vahabzadənin zəngin ədəbi və elmi yaradıcılığından danışıb, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.   Çıxış edən digər alimlər də xalq şairinin ədəbiyyatımıza verdiyi dəyərli töhfələrdən danışıblar.

BDU-nun professoru, Bəxtiyar Vahabzadənin məsləkdaşı Şirməmməd Hüseynov xalq şairi barədə xatirələrini söyləyib.

“Bəxtiyar haqqında kim daha mükəmməl danışa, onu qiymətləndirə bilər? Yalnız ona yaxın adamlar. Düşünürəm ki, bu mənada mən daha çox danışa bilərəm. Çünki Bəxtiyarla əqidə, məslək dostları olmuşuq. Onunla bağlı bir neçə məqama toxunmaq istəyirəm. Bəxtiyar Vahabzadə Azərbaycan cəmiyyətində böyük şair, böyük alim, böyük ictimai-siyasi xadim kimi tanınır. Amma mən onun böyük vətəndaş olması barədə danışmaq istəyirəm. Bir dəfə  Bəxtiyarla Şəkiyə getmişdik. Orada Axundovun ev muzeyinə də baş çəkdik. Həmin vaxt güclü yağış yağmağa başladı. Yağış Axundovun ev muzeyinin içinə də damdı.  Bəxtiyar dedi ki, görəsən rayon Mədəniyyət evinin direktorunun, Rayon İcraiyyə Komitəsinin sədrinin  evinə də yağış damır? Biz həmin adamların evlərinə baş çəkməyi qərara aldıq. Özləri evdə olmasa da, xanımları dedilər ki, evlərinin içərisinə yağış damcılamır. Sonra Bəxtiyar rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayevə dedi ki, “nə mədəniyyət evinin, nə İcraiyyə Komitəsinin rəhbərlərinin, nə də ki sizin evinizə yağış suları damır. Ancaq Axundovun evinə yağış  suları tökülür. M.F.Axundov kimi şəxsiyyətə belə münasibətmi olar..?””.

Şirməmməd Hüseynov həmçinin Bəxtiyar Vahabzadənin vətəndaşlıq missiyası barədə də fikirlər söyləyib:

“Əqidə, məslək yoldaşı kimi biz Bəxtiyarla özümüzdən başladıq. Rüşvətxor, riyakar olmadıq. Mən cavanları bu yolla getməyə dəvət edirəm - Bəxtiyar yolu ilə”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı