Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər? Siyasi partiyaların rəhbərləri övladlarının da siyasətdə olmasını istərdilərmi?
Moden.az-ın “Siyasi partiya rəhbərlərinin övladları barədə dedikləri” adlı rubrikasının budəfəki qonağı Azad Demokratlar Birliyi Partiyasının Təşkilat Komitəsinin sədri, deputat Əli Məsimlidir.
Əli Məsimlinin 2 övladı var: bir oğlan, bir qız. Millət vəkilinin sözlərinə görə, ailənin böyük övladı qızdır. İradə Məsimlinin 26 yaşı var. O, atası kimi iqtisadçıdır, İqtisad Universitetinin həm bakalavr, həm də magistr pillələrini bitirib. Həmçinin Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunun dissertantıdır. “İradə həm dissertasiya üzərində işləyir, həm də bir audit şirkətində çalışır”-deyə Əli Məsimli bildirib.
25 yaşlı Anar isə Əli Məsimlinin ikinci övladıdır.
“Anar Azərbaycan Universitetində beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində magistr dərəcəsi alıb. O, Daxili Qoşunların Zaqataladadakı “N” saylı hərbi hissəsində hərbi xidmət keçib. Hazırda ixtisası üzrə “stajirofka” keçir”.
Əli Məsimlinin sözlərinə görə, övladlarının ixtisas seçiminə müdaxilə etməyib:
“Hər biri öz istəyi ilə ixtisaslarını seçiblər. Yəqin ki, qızım müəyyən dərəcədə mənim təsirimə düşüb, iqtisadçı olub. Amma mən heç birinə diqtə etməmişəm ki, filan ixtisası seçməlisiz. Oğlum da heç bir təsirə düşməyib. Uşaqlıqdan hüquq fakültəsində oxumaq istəyirdi. Elə uşaq vaxtı BDU-nun yanından keçəndə həmişə deyirdi ki, bu univeristetdə oxuyacaq, necə arzulayırdısa, elə də oldu.
Qızım Azərbaycanın xarici iqtisadi əlaqələri ilə bağlı dissertasiya işi üzərində işləyir. Təbii ki, müəyyən məqamlarda müraciət edəndə mən ona bacardığım köməyi edirəm. Hələlik çox yüksək səviyyəli əməkdaşlıqdan danışmaq olmaz. Ancaq deyə bilərəm ki, ata-bala əməkdaşlığın birinci mərhələsindəyik Elmi əməkdaşlıq edirik”.
Siyasi əməkdaşlığa gəlincə, Əli Məsimli övladlarını siyasətdə görməyi məsləhət bilmir:
“Azərbaycan siyasəti o qədər çirkabdadır ki, övladlarımım siyasətdə olmalarını heç vaxt məsləhət görmərəm”.
Əli Məsimli deyir ki, övladlarının onun adından istifadə edərək buna görə hansıısa məsələdə güzəşt qazanmağa çalışmalarının həmişə əleyhinə olub: “Onlar özləri imkan daxilində necə deyərlər istirahətə, dəniz kənarına harasa gedəndə mənimlə getmirlər ki, ətrafdakılar bilməsinlər kimin övladlarıdır. Oğlum ordu sıralarında olanda da kimin oğlu olduğunu gizlədib. Universitetdə oxuyanda da mənim övladlarım olduqlarını gizli saxlamağa çalışıblar. Övladlarım mənə görə onlara güzəşt edilməsinin tərəfdarı deyillər. Hansısa müəllim sonradan biləndə mənə təşəkkür edib. Mən övladlarımı elə tərbiyə etmişəm ki, onlar kiminsə övladı olmaq, kiminsə adamı olmaq və təhsildə də biliksiz olub yüksək qiymət almaq mərhələrindən uzaq olublar. Ona görə fəxr edirəm ki, onlar bu kimi neqativ hallardan uzaq oldular”.
Əli Məsimli deyir ki, övladlarına heç vaxt qadağa qoymayıb.
“Ailədə altı qardaş olmuşuq. Altı qardaşın beşinə müəyyən məhdudiyyətlər olub. Mən yaxşı oxuduğuma görə mənə qadağalar tətbiq edilməyib. Mən də övladlarıma qadağalar qoymamışam”.
Ə.Məsimlinin sözlərinə görə, övladları ilə nadir hallarda birgə istirahət edə bilir: “Əgər uşaq vaxtlarından söhbət gedirsə, müsbət cavab verə bilərəm. Ancaq son dövrlərdən söhbət gedirsə, bizdə istirahətdən söhbət gedə bilməz . Ona görə ki, istirahət etməyə imkanım yoxdur. Həmçinin onlar bir yerdə mənim övladlarım olmasını biləndə onlara güzəştlər olunmasını istəməyən adamlar olduğuna görə də onu da arzulamılar ki, onları mənə görə tanısınlar. Məsələn Şəkiyə gedəndə bir neçə günlük istirahət edə bilirik. Bu uzunmüddətli olmur. Oğlum bir də görürsən həftənin sonunda, xüsusən yay vaxtlarında Quba, Şəki, Şimal zonasına özü istirahətə gedir .Yaxud bir də görürsən ki, hansısa məqamda bacısına da şans olanda bacısını tək qoymur, onunla birgə gedir. Amma birgə istirahətimiz nadir hallarda olur”.
“Övladlarınızdan hansı sizə daha yaxındır” sualını Ə.Məsimli belə cavablandırıb: “Mən övladlara fərq qoymuram, peyğəmbərimiz də bildirib ki, “övladlarınıza fərq qoymayın, xüsusilə qızları aşağı tutmayın, əgər fərq qoymaq lazım gəlsə idi, mən edərdim”. Peyğəmbərimizin dediyi bu ifadə mənim üçün də çox vacibdir. Hesab edirəm çox ibrətamizdir. Qız təbii ki, daha çox diqqət tələb edir. Yaxud qıza necə deyərlər, mənəvi bir dəstəyin olması həmişə vacibdir. Qız istəyər ki, ata faktoru, valideyn faktoru onun üzərində həmişə olsun. Hər ikisinə də eyni münasibətim var, eyni cür yanaşıram. Uşaq vaxtdan necə deyərlər, birinə 2 paltar alanda, o birisinə də eyni sayda almışam. Nə almışamsa, çalışmışam ikisində də bərabər olsun ki, fərqlilik baş verməsin. Amma müəyyən dərəcədə kənardan deyirlər ki, mənim qıza münasibətim bir az fərlidir. Fərqli münabət göstərmək mümkün deyil. Amma yəqin ki, mənim bacım olmayıb, buna görə də mənim qıza münasibətimdə bir addım irəliləyiş var. Övladlarımdan da razıyam. Onlara təhsili mən verməmişəm. Özləri öz qabiliyyətləri hesabına yaxşı təhsil alıblar və milli ruhda tərbiyə olunublar”.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təhminə Paşayeva