İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında süd məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib. Belə ki, məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5% təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə kərə yağı aşkar edilməyib. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ “qarışıq kərə yağı” kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda “HALAL KƏRƏ YAĞI”, kiçik həflərlə isə “qarışıq” sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Modern.az xəbər verir ki, qey olunanlarla əlaqədar, Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsində yoxlamaya başlayıb.
İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən “BS” əmtəə nişanlı əla növ bişmiş “Südlü”, “Doktorskaya” və “Lyubitelskaya” kolbasalarının və əla növ “Manqalüstü” sosiskanın, yağlılığı 1,4% olan ayranların, 15% və 25% yağlılıqlı xamaların, “Səhliyalı” brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ “Ovçu”, “BS” əmtəə nişanlı əla növ “Doktorskaya” kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub.
Eyni zamanda, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kq ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kq inqridiyentlər aşkar edilib.
Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsində araşdırmalarını davam etdirir. Qeyd edək ki, “Səhliyalı” müəssisəsi ATV telekanalında yayımlanan bir sira verilişlərin sponsoru olduğundan onun məhsulları bu kanalda eninə-boyuna reklam olunur. Hətta "Səhliyalı”nın “1000 bərəkət, halal nemət” markalı mallarının reklam rolikinə çəkilən
ATV-nin “El içində” verilişinin aparıcısı əyninə ağ xalat geyinib
efirdən tamaşaçılara həmin məhsulları almaq dərsi də keçir. Modern.az