Modern.az

“Məşhur tələbə yoldaşım”: Həmidə Ömərovanın tələbə yoldaşı danışır: “Məni yandıran odur ki...” - LAYİHƏ

“Məşhur tələbə yoldaşım”: Həmidə Ömərovanın tələbə yoldaşı danışır: “Məni yandıran odur ki...” - LAYİHƏ

Ölkə

5 Aprel 2014, 10:52

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytı “Məşhur tələbə yoldaşım” adlı layihəyə davam edir. Bu layihədə siz müxtəlif sahədə tanınmış şəxslər haqqında tələbə yoldaşlarının dilindən eşidəcəksiniz.

Bu dəfə aktyor, əməkdar artist Ötkəm İsgəndərov Moskvada 1975-79-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) aktyorluq fakültəsində bir yerdə oxuduğu aktrisa, xalq artisti Həmidə Ömərova və digər tələbə yoldaşları barədə xatirələrini bölüşür:


“1975-ci ildə mərhum prezidentimiz Heydər Əliyev bizi Moskvaya göndərəndə hamımıza yaxşı yol dilədi, öyüd nəsihət verdi və biz Moskvaya yollandıq. Mən çəkilişlərim olduğuna görə bir az gecikmişdim. Uşaqlar qabaqcadan getmişdilər. Amma ayın birində gəldim, çatdım. Getdim yataqxanaya yerləşdim, uşaqlarla da orada tanış oldum. Həmidə xanım o dəqiqə diqqətimi cəlb elədi. Özünə məxsus iri gözləri, zərif danışıq tərzi var idi. Mən İncəsənət İnstitutundan, O da Bakı Dövlət Universitetinin filologiyasından çıxıb gəlmişdi. Dərslərimizə başladıq və tədricən, bir-birimizlə tanış ola-ola isinişdik, bir-birimizə meylimizi bağladıq. Çox mehriban bir kurs olduq. Həmişə də bütün işlərimiz bir yerdə olurdu. Tələbə yoldaşlarım arasında Həmidə Ömərova, Ömür Nağıyev (“Həyat bizi sınayır”da Fərəc, “Bizim küçənin oğlanları” nda Rasim) Azər Qurbanov (“Sehirli xalat”da Rəşid, 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır), Sona Mikayılova (“Onun bəlalı sevgisi”ndə Xalidə), Züleyxa Zülfüqarova (bəstəkar Oqtay Zülfüqarovun qızı), Mikayıl Kərimov (“Onun bəlalı sevgisi” də Bəhruz), Fərhad İsrafilov (“Yeddi oğul istərəm”də Qəqəni, “Evlənmək istəyirəm”də Mahmud bəy), Vəliəhd Vəliyev ( “Evlənmək istəyirəm” də Əhməd bəy, Amerikada yaşayır), Əliqulu Səmədov (“Azərbaycanfilm” kinostudiyasında çalışır), Tanya İsmayılova, Tamillə Əhmədova, Vaqif İbrahiməliyev var idi. Tanya İsmayılovanın nitqində qüsuru olduğuna görə onu başqa ixtisasa keçirmişdilər”.

““Sehirli xalat” filminin Rəşidi universitetdən xaric olundu”

-
“Sehirli xalat” filmində Rəşidin rolunu ifa edən Azər Qurbanov da bizimlə oxuyurdu. Amma çox təəssüflər olsun ki, o, birinci kursun birinci smestrində dərslərə gəlmədiyinə, nizam-intizamı pozduğuna görə institutdan xaric olundu. Deyəsən, nəsə problemləri var idi, ona görə gəlmirdi. Amma o, problemi bizim heç birimizə danışmırdı.  

Deməli, birinci proqramın kursunu yaxşı bitirdik. Gözəl, yüksək səviyyədə yerinə yetirdik. Bütün kinomatoqrafiya institundan əlavə Moskvada başqa ali məktəblərin nümayəndələri bizim imtahanlara baxmağa gəlmişdilər. Onlar üçün milli Azərbaycan kursunun yaradıcılığının hansı səviyyədə olduğu maraqlı idi. Hər dəfə də gələndə onları mat-məttəl qoyurduq. O vaxtı hətta rus dili müəllimi bizə deyirdi ki, “siz deyəsən bir az geridə qalmış millətsiniz. Ona görə gərək sizə rus dilini yaxşı tədris eləyək”. Bunu eyhamla, tikanlı sözlər kimi dedi. O zaman mən də özümü saxlaya bilmədim. Dedim ki, “hələ indiyə qədər bir çəlləyin içində çimirdiz, amma lap keçmişdə  Türkiyədə köhnə hamam var idi”. Ona görə müəllim mənimlə bir az prinsipə getdi. Təbii ki, qiymətimi kəsdi. Yəni, özümüzün mədəni, ədəbi, savadlı xalq olmağımızı orada bəzi müəllimlərə sübut edirdik. Bu da bizi mübarizə ruhunda tərbiyələndirirdi. Çox böyük zövqlə, çox böyük canfəşanlıqla imtahanlarımıza hazırlaşırdıq ki, Moskva teatr, kino ziyalıları maraqla gəlib bizə baxsın və öz fikirlərinin təsdiqini tapsın”.

“Özünü lallığa vurdu ki, atası həyəcan keçirtsin”

“Dördüncü kursda 3 diplom tamaşası oynadıq. O tamaşalardan biri də Molyerin “Zorən təbib” tamaşası idi. Orada baş rolu mən oynayırdım və özünü lallığa vuran bir qız obrazı var idi. Bu rolu da bizdə Elmira adında qız oynayırdı. Elmira təhsil aldığı müddətdə orada oxuyan Sergey adlı bir oğlanla ailə həyatı qurmuşdu. Diplom tamaşasına gələndə artıq Elmira hamilə idi. Ona görə bir az çətinlik yaratdı. Bizim hər məşqimizdə Həmidə xanım mütləq gəlib yanımızda otururdu. Birdən biz Elmiranın bu halı ilə əlaqədar çətin vəziyyətə düşəndə müəllimimiz soruşdu ki, “Elmira, bəs indi neyləyək, sənin əvəzinə kim oynayacaq?”. Həmidə xanım bir kənarda oturmuşdu. Dedi ki, “mən oynayaram”. “Necə ay Həmidə xanım? Sən axı heç məşq eləməmisən. Bir dəfə də səhnəyə çıxmamısan”. Həmidə xanım dedi ki, “mən hər məşqdə olmuşam. Bütün nizamlar - hamısı yadımdadı”. Məsələ burasındadır ki, həmin rolun sözləri yox idi. Orada özünü lallığa vuran qız idi deyə iki-üç kəlməsi var idi. Əslində səhnədə lal kimi şeylər danışırdı. Yəni, atası həyacan keçirsin ki, qızımın dili tutulub. Çətin sözlər yox idi, amma nizamlar, aktyor oyununu Həmidə hər bir məşqimizdə iştirak elədiyinə görə çox yaxşı dərk eləmiş, qəbul eləmişdi. Müəllim deyəndəki, “Həmidə dur, çıx oyna” biz həmin o səhnəni məşq eləməyə başladıq. Həmidə oyunu ilə hamını heyrətləndirdi. Yevgeni Semyenoviç Martıyevin özünün də ağzı açıla qaldı ki, “ay, mən niyə indiyə qədər bu rolu Həmidəyə etibar eləməmişəm”. Həmidənin ifasında o rol çox gözəl alındı və beləliklə, o həmin tamaşada özünün nəyə qadir olduğunu sübut elədi. İstedadını parıltısını da biz onda gördük.

Həmidə xanım bütün dərslərdə yaxşı idi. O bizim içimizdə, 14 nəfərdən yeganə adamdır ki, qırmızı diplom alıb. Tələbə yoldaşı kimi də hamıya böyük ehtiramla, hörmətlə yanaşan, hamının qayğısına qalan idi. Bəzən qızlar arasında intriqa düşür. Çünki mən burada (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində-red.) tədrisdə onu görürəm. Amma orada elə bir şey yox idi. 3 nəfər - Sona, Züleyxa və Həmidə yataqxanada bir otaqda qalırdılar. Yəni, umu-küsü heç zaman olmayıb. Həmişə də Həmidə xanım mehriban olub, əlindən gələn köməyi eləyib, məsləhətləşib. Xüsusilə də nəzəri imtahanlarda qiymət almaq üçün bizə kömək eləyirdi (gülür). Hələlik, bizim aramızda parıldayan və xalq artisti adına layiq görülən odur. Harda oldu deyirəm, mən fəxr edirəm ki, Həmidəylə, Sonayla, Fərhadla, Əliqulu, Ömür ilə bir kursda təhsil almışam. Onların adını ona görə çəkirəm ki, sənətdə qalan adamlar bunlardır. O birilərin çoxu yoxdu, vidalaşıb”.

“Axırıncı dəfə onunla 11 bir il qabaq tərəf-müqabili olmuşuq”

-
Həmidə xanım institutu bitirəndən sonra gələn kimi dalbaldal filmlərə çəkilməyə başladı. Bütün filmlərdə ona təlabat var idi. Ardıcıl olaraq neçə filmdə çəkildi: “Anlamaq istəyirəm” , “Gümüşü furqon”, “Nizami”, “Qızıl uçurum” və s. Həmidənin repertuarı, yaradıcılığı zənginləşdi, o artıq profesionallaşdı. Bizim aramızda yeganə adamdır ki, xalq artisti adına layiq görülüb və bu adı da fəxrlə, böyük məsuliyyətlə daşıyır. İndi də öz biliyini tələbələrə öyrədir, bəzi seriallarda çəkilir. Kitablar da yazıb. Yəni, bu adam sakit duran adam deyil. Daim öz üzərində çalışır. Kino sahəsində ya rol oynayır, ya nəsə yazır.  

Həmidə xanımla mən birlikdə iki filmdə rol almışıq. Birinci dəfə biz “Məlikməmməd” (“Əzablı yollar” filmi) filmində görüşmüşdük. Mən Məlikməmmədi, o Nurzadı oynayırdı. Bizim bir yerdə atla çapma, vuruş səhnələrimiz var idi. İkinci dəfə isə “Tənha durna uçuşu” filmində görüşdük. Televiziya rejissorumuz Ələkbər Kazımovski məni bu filmə dəvət elədi və dedi ki, ikiniz oynayacaqsınız. Rejissor, operator, bizimlə bərabər çəkilən digər aktyorlar bir daha Moskva məktəbinin nümayəndələrinin kinodakı ünsiyyətinin, ifa etmə ustalığının şahidi oldular və bir az da həsəd apardılar. Yəni, demək istəmirəm ki, biz Həmidəylə hamıdan yaxşı oynayırdıq, yox, söhbət ondan getmir. Amma sadəcə olaraq onlar gördülər ki, Moskva aktyor məktəbinin əsasında bir tərbiyə almışıq, bizim baxışlarımız, dialoqlarımız, münasibətimiz filmdə necə qurulurdu. Həm rejissor, həm operator böyük məmnuniyyətlə o kadrları çəkirdilər. Bu, mənim şəxsi təəssüratımdı. O film artıq 11 il bundan qabaq çəkilib. Amma çox təəssüflər olsun ki, başqa bir filmdə biz tərəfmüqabili olmamışıq. Qismət olmayıb. Allahın yazısıdır. Bilmirəm, bundan sonra bir də qismət olacaq onunla filmə çəkilmək, ya yox”.

“Tələbə yoldaşım Ömür Nağıyev həm də mənə dərs keçib”

“Bizim aramızda Fərhad İsrafilov kimi görkəmli sənətkar oxuyurdu. O vaxtı Moskvaya qəbul olanların arasında rəhmətlik Ömür, Fərhad, Vəliəhd, İbrahim də var idi. Bizim artıq təcrübəmiz var idi. Mən burada “Tütək səsi” və “Firəngiz” filmlərinə çəkilmişdim . Ömürün də, Fərhadın da 3 filmi var idi. Vəliəhd Gəncə teatrından gəlmişdi. İbrahimin də qabaq Gəncədə işləyib. Amma onda İncəsənət İnstitutunda birinci kursda oxuyurdu. Mən ikinci kursda oxuyurdum. Fərhalda mən bərabər atıb Moskvaya getmişdik. Fərhad artıq kürəyində kino yükü olan bir adam idi və kinonu bilirdi. Onunla bərabər 4 il həmişə duetlə işləmişik. Diplom tamaşasında Molyerin “Zorən təbib”, Şeksprin “İki veronalı əsilzadə” əsərini oynayırdıq. Orada da bizim səhnəmiz var idi.

Ömür Nağıyev yaşca bizdən böyük idi. Mən İncəsənət İnstitutuna qəbul olmazdan qabaq kinostudiyanın axşam aktyor kurslarında-Adil İsgəndərovun kurslarında oxuyurdum. Ömür hələ o vaxt oranın ştatda olan aktyoru idi. O, Adil müəllimin tələbəsi idi və Adil müəllimin tapşırığı ilə gəlib bizə dərs də keçib. Şəxsən mənə Ömür dərs keçib. Digər tərəfdən gəlib artıq Moskvada təhsil almağımız bizim üçün maraqlı idi. Ömür heç vax özünü göstərmirdi ki, hə, mən bunu sizdən çox bilirəm, mənim artıq böyük təcrübəm var. Həmişə mehribancasına ünsiyyət bağlamışıq”.

“Ömür bir az tez getdi, məni yandıran odur”

-Bütün uşaqlar hamısı bir-biri ilə mehriban idi və hamı da eyni səviyyədə istedadlı idi. Sadəcə olaraq institutu bitirəndən sonra hərənin taleyi bir cürə gətirdi. Ömür kinorejissor kimi film çəkdi, istedadını sübut elədi. Amma belə deyək, aktyorların taleyinə hərdənbir belə şeylər yazılır. Nəsə nəzərdə, gözqabağında olmurlar. Yaddan çıxılır, unudulur. Ömür çox istedadlı insan idi. Çox filmlərdə çəkilib. O gün “Qaçaq Nəbi”yə (“Qanlı zəmi” filmi) baxdım, gözəl rolu var. Ömür son zamanlar bilirəm ki, Rus Dram Teatrında işlədi, sonra hansısa bir başqa teatrda işlədi. Həmin o axtardığı yaradıcılıqla təmin ola bilmədi. Yavaş-yavaş artıq yaş da öz işini gördü, xəstələndi. Hayıflar olsun ki, rəhmətə getdi. Dözə bilmədi. Dekabrın 31-də dünyasını dəyişdi. O Allahın yazısıdır. Bundan kənara heç kəs qaça bilmir. Belə də olmalıdır. Heç kəs ölümdən qaçmayacaq. İntəhası geci-tezi var. Ömür bir az tez getdi. Məni yandıran odur”.



“Mikayıl Sovet quruluşunda yaşamaq istəmirdi”

“Bizlə oxuyan Mikayıl (Mikayıl Kərimov) Finlandiyaya köçmüş, oranın vətəndaşlığını almışdı. Çoxdan eşitmişəm ki, İsveç teatrında Hamleti oynayıb. Mikayıl özü də çox istedadlı oğlan idi. Ancaq Sovet quruluşunda yaşamaq istəyi onda yox idi. Həmişə içində suallar olaraq gəzirdi.

İbrahim bir az qapalı oğlan idi. İndi eşitdiyimə görə Amerikaya köçüb. Bizdə Tamilla Əhmədova var idi, o bir ərəbə ərə getdi. İndi Kanadada yaşayır. Yəni, hərənin taleyi bir cürə gətirib”.

“Avtobusda xanım ayağa qalxıb mənə yer verdi”

“İndi mən burada (Mədəniyyət və İncəsənət Universiteti-red) aktyor sənətini tədris edirəm. Qabımda, canımda, biliyimdə nə var, çalışırıq onları öyrədək. Fərhad da, Sona da burada dərs deyir. Həqiqəti danışırıq, yəni, ayırmırıq Moskva məktəbi, Bakı məktəbi. Əsl aktyor məktəbində bizim övladlarımızı necə yetişdirmək lazımdır, biz bunu tapmışıq. Öyrənmək istəyən öyrənir, öyrənmək istəməyən də ya zəif aktyor olur, yaxud özü dərk eləyəndən sonra ki, o aktyor olmayacaq, gedir özünə başqa bir sənət tapır. Bu çox çətin sənətdir, bu qisas alan sənətdir. Əgər ona yaxşı münasibət bəsləmirsənsə, o dəqiqə səni cəzalandıracaq. Yaxşı münasibət bəsləyəni isə qazandırır. Konkret olaraq Həmidə xanımın adını çəkdik. Sona xanım, Fərhad İsrafilov, Ömür Nağıyev, mən özüm. Fakt budur, əməkdar artist adını almışıq. Şəxsən mən indiyə qədər küçədə ifa elədiyim rollara görə utanmıram. “Tənha durna uçuşu” filmi ekranda göstərilənin səhərisi günü avtobusla gedirdim. Oturmağa yer yox idi. Bir qadın ayaq üstə durdu ki, Nəsib müəllim (“Tənha durna uçuşu”nda oynadığı obrazın adı) buyurun, əyləşin. Dedim, “o nə deməkdir”. “Yox, yox, dünən mənim gözlərim yaşardı, elə heyrətləndirdiniz, elə gözəl oynamısınız”. Mən utandım, xəcalət çəkdim ki, xanım durub mənə yer verir. Təbii ki, oturmadım, ancaq bir fəxarət hissi keçirdim. Yəni, mənim əməyimi xalq görür. Mən də xalq üçün çalışıram, camaat üçün çalışıram”.








Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı