Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumu öz işini başa çatdırıb. Forumun sonuncu günündə konfliklər və təhlükəsizlik mövzusu müzakirə olunub. Modern.az-a verilən məlumata görə, müzakirlər zamanı Azərbaycan nümayəndə heyyətinin üzvü millət vəkili Qənirə Paşayeva forum iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Ermənistanın BMT- təhlükəsizlik şurası da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi və 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməməsi barədə məlumat verib. Millət vəkili deyib ki, münaqişənin tənzimlənməsi üçün mütləq BMT, onun təhlükəsizlik şurası və digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlər etməlidir. Çünki bu ölkə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin heç birini yerinə yetirmək istəmir və beynəlxaq təşkilatlar və ictimaiyyət bu məsələyə laqeyid baxmamalı və onların yerinə yetirilməsi istiqamətində öz təzyiq mexanizmlərinə əl atmalıdır. Bundan sonra çıxış edən Türkiyə diplomatı, MİT-nın sabiq rəhbəri Sönməz Koksal Azərbaycanın mövqeyini müdafiə edib. O, deyib ki, Türkiyə həmişə olduğu kimi bundan sonra da Azərbaycanı müdafiə edəcək. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal etdiyi ərazilərdən çəkilməlidir. Türkiyənin bu problemin həlli istiqamətində atdığı addımlardan və səylərindən danışan Koksal Sonməz münaqişənin tənzimlənməsində vasitəçi olan güclərin və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətinin fəallığının artmasının vacibliyini vurğulayıb.
Modern.az