Gözə çarpan ikincilərdir. Birincilər toxunulmazdır. Onlar üçün ictimai qınaq mövcud deyil. Bir nahara milyonlar xərclərlər, ancaq heç kim soruşmaz, daha doğrusu məhşər ayağına çəkməz ki, bu pullar hardandı səndə. Haranı nəylə, necə qazdın ki, belə küpə tapdın!
Ölkədə hələ də orta təbəqə formalaşmayıb. Bunu doğuran səbəblər yetərincədir. Əsas səbəb isə oliqarxların tükənməz sərvətinin dövretmə mənbəyi olan, yüksək faizli bank kreditləri, əhalini kreditə sövq edən əməkhaqqının aylıq dolanışıq üçün yetərincə olmamasıdır.
Bu ölkədə müəlliminin aldığı əməkhaqqı olduqca aşağıdır. Nə qədər çeynənmiş söhbət adlandırsaq da, bunu vurğuladıqca vurğulamaq lazımdır. Bəlkə, başa düşən oldu bu bədbəxtləri! Termin nümayişinə çıxan gənclərin iştirakıyla təhsil problemləri mövzusunda dəyirmi masalar( malalar) təşkil etməkdənsə, nisyə dəftərlərinin dəyişməz sakinlərinin əməkhaqqının artırılması kifayətdir ki, dərsdə oğlunun cırıq çəkməsinin dərdini çəkmək əvəzinə, Nizamidən, Nəsimidən, Çəmənzəminlidən danışsın. Kor bucaqla açıq bucağın fərqini başa salsın ki, gələcək nəslin həyata baxış bucağı 90+ -180 dərəcə arasında var -gəl etməsin. Nicatını Rusiyanın qara bazarında axtarmasın.
Rüşvəti pisləyirik, ölkədəki durumu xarakterizə edərkən ilk öncə mənfi nüans olaraq, rüşvəti önə çəkirik, ancaq düşünmürük ki , bunu doğuran səbəblər rüşvətdən heç də az deyil. Bayramda şagirdini "tanıdığı" üçün vicdansız adlandırılan müəllimi, vicdandan məhrum edən onun qırtlağacan borcun içində olmasıdır. Corabını illərlə istifadə edən peşə sahibinin əlamətdar günlərdə pul dilənməsi fonunda milyonlar xərclənərək "Atletiko Madrid" klubunun formasında "Land of fire Azerbaijan" yazılır.
"Bacarana can qurban" prinsipi boş yerə yaranmayıb, bu xalqın təfəkküründə.
O cəmiyyətdə ki, bu prinsip işləyir, alverçi ab-havası hökm sürür, pedaqoq çevrəsində ironiya hədəfi olub bədbəxt insan təəssüratı yaradır, professor sözü vurğusunu istehzayla dəyişir, onun sivilizasiyalı formasından bəhs etmək, meşşan maraqlarından tamamilə məhrum olmuş şəxsin xəyallarında qurduğu utopik cəmiyyət qədər mümkünsüz görünür.
Zülmünü çəkdiyimiz kimi, ölkədə aylıq dolanışıq üçün nə az, nə çox minimum 600- 800 manat gərəkir. Dövlət işçisi maksimum 400 manat məvacib alırsa, o qızıl balığı çağırmaldır köməyə, yoxsa sehrli çırağıyla Ələddini. Yoxsa pirə gedib mədəd ummalıdır ki, əvəzində kimlərsə Havayda, Seyşeldə yayın dadını çıxarsın. O da meyvə-tərəvəzin bol vaxtında dükanının yanından keçəndə ağzının suyunu axıtsın. Bəlkə, "ac qarnım, dinc qulağım" prinsipini rəhbər tutub, "soğan çörəklə xəşbəxtlik" özünütəlqiniylə axının əksi istiqamətində üzməlidir. Yox, bu cəmiyyətin yaşam qaydalarından kənara çıxmaq böyük səhv olar!
Cek Londonun Martin İden romanında aclıqdan Katar xəstəliyinə yoluxmuş varlı qoca professorun aqibəti gözləyir, bu xalqın qarnını deyil, başını düşünənləri. Hansı ki, utopist Martin belə, ona kinayə edir.
Bu cəmiyyət saflığı, dürüstlüyü sevmir. Buna görədir ki, çoxları "diribaş" olmağı üstün tutur. "Diribaşlığ"ın komponentlərini də, əsasən saxtakarlıq, fırıldaqlıq, hər işdə öz mənafeyini düşünmək təşkil edir. Bu üç cəhət bir araya gəldikdə isə "diribaş" yox, yekəbaş olursan!
Hansı tələbədən onun xəyallarını soruşub, gerçəkləşməsi üçün ixtisasının perspektivlərini əsas gətirsən cavabı belə olacaq : "Əşi kimdir e dövlət işiylə yaşayan . Biznes quracam, öz ixtisasım üzrə işləsəm də arada "çak-çuk" olur” və s. Çak-çuk. Qrammatik baxımdan heç bir fikir ifadə etməsə də, əlacsızlıqdan doğan "əli uzunluğ"un leksikonumuza gətirdiyi yeni anlayışdır.
Belə baxanda, "çak-çuk"un da ömrü çox olmur. "Yumurtadan yun qırxanlar"ın qayçısı tez kütləşir. "Xoruzu da yumurta verənlər" üçün isə göründüyü kimi, heç bir qanunauyğunluq yoxdu.