Bir anlıq təsəvvür edin: çox yaxın qonşunuz sizin mənzilinizdə otaqları zəbt edir. Sizin ailə üzvlənizin yaşayış hüququ pozulur. Bunun qarşısını almağa sizə imkan vermirlər. Qonşunuz isə bütün vasitələrdən istifadə edir, müraciət etdiyiniz məhkəmə sistemini ya aldadır, ya da ona təzyiq edir ki, zəbt etdiyi otaqlardan çıxmasın. Məhkəmə də sizi get-gələ salır, həqiqəti bilə-bilə vaxtı uzadır. Qonşunuz isə gedib uzaq yerlərdə yaşayan qohumlarını gətirib sizə məxsus zəbt olunan otaqlarda məskunlaşdırır. Sizin ailə üzvləriniz isə çadırlarda yaşamağa məhkum olur... Digər qonşuları köməyə çağırırsınız. Onlar zəbt olunan otaqların sizin olduğunu təsdiqləyir. Amma otaqlarınızın boşaldılması ilə bağlı kömək etmirlər. Otaqlarınızı özünüz qonşudan azad etməyə çalışırsınız. Buna da imkan vermirlər ki, zor tətbiq etmək olmaz. Beləcə, zaman keçir, sizin gözünüz baxa-baxa evinizdə başqaları yaşayır, sizin ailə üzvləriniz isə çadırlarda yaşamaqda davam edir. Zaman keçir, amma vəziyyət dəyişmir, indi qonşunuz sülh istədiyini bəyan edir. Amma sizin otaqları boşaltmamaq şərtilə. Yaxın, uzaq qonşular da artıq bu məsələdən beziblər. Bütün ətrafınız bu məsələnin tezliklə həllini istəyir. Onlar üçün sizin otaqlarınızın azad edilməsi əhəmiyyət daşımır. Sadəcə, səs-küy, dava-dalaş istəmirlər. Elə qonşunuzun da istəyi bu. Qonşunuzun belə sülh istəyi ilə razılaşarsınızmı? Ermənistan Azərbaycanın qonşusudur Bu qonşu Azərbaycanın bütün sərhədboyu ərazilərini atəş altında saxlayır. Naxçıvan, Qarabağ, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Akstafa və digər bölgələr Ermənistanın hədəfindədir. Artıq Ermənistan Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal edib. Amma onun istəyi daha böyükdür, daha məkrlidir. Azərbaycanın ərazi bütövlüyünü pozmaq. Demək olar ki, Ermənistan bu istəyinə nail olub. Azərbaycanın rayonlarını işğal edib, ərazi bütövlüyünü pozub. İndi dünya bu məsələyə göz yumur, Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsinə mane olur.
Mövcud situasiya Ermənistanın istəyinə tam uyğun... İndi Ermənistan bu vəziyyətin dəyişməməsi şərtilə “sülh” istəyir. Elə bir sülh ki, bu, adamların öz doğma evlərində yaşamasına mane olur. Bu “sülh” Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Qonşunun belə “sülh” istəyi ilə razılaşmaq olarmı? Bu sülh əslində daha böyük münaqişə, müharibə istəyidir. Ermənistanın istədiyi sülhü dəstəkləmək dünyaya müharibə istəməkdir. Bir qonşunun qanuni otaqlarını əlindən alıb, bir dövlətin ərazi bütövlüyünü pozub da bundan sonra sülh istəməyin başqa adı varmı? Varsa, bizə də deyin, biz də bilək. Modern.az