Modern.az

Xətai rayonunda yaşıllıqların çəpərlənməsi halları var

Xətai rayonunda yaşıllıqların çəpərlənməsi halları var

Ölkə

9 İyun 2010, 11:44

Xətai rayonu ərazisindəki Hacı Zeynalabdin Tağıyev adına tikiş fabrikinin yaxınlığında yeni salınan park üç aydan çoxdur açılışa hazır olsa da, onu istifadəyə vermirlər. Əraziyə yaxın binaların sakinləri dincəlmək üçün parka ehtiyac duyduqlarını, ancaq sözügedən parkın qırmızı lentlə əhatələndiyini və parka girişin qadağan edildiyini bildirirlər. Məsələ ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynov Modern.az saytına açıqlamasında parkın yaxın günlərdə açılacağını vəd edib: “Hacı Zeynalabdin Tağıyev adına tikiş fabrikinin yaxınlığında 2 hektara yaxın ərazidə yeni park salınıb. Hazırda orada arxitektura işləmələri gedir. Nəzərdə tutulan işlər tam yekunlaşmayıb. Yaşıllaşdırma, uşaqlar üçün müəyyən  atraksionların quraşdırılması prosesi getdiyindən parkın açılışı bir az yubanıb. Bu işlər ən çoxu 4-5 günə yekunlaşacaq.  Çox güman ki, iyun ayının 14-ü ya da 15-i parkın açılışı olacaq”.  Xeyrulla Hüseynov onu da qeyd edib ki, son  4 il ərzində Xətai rayonunda 2 böyük park salınıb: “Bunlar “Xocalı” və Ukrayna dairəsi yaxınlığındakı “Heydər Əliyev” parklarıdır. Hər iki park həm memarlıq, həm də işlərin yerinə yetirilməsi baxımından müasir tələblərə cavab verən parklardır. Orada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. “Heydər Əliyev” parkında  ilk dəfə olaraq suyun üzərində lazer filmlər nümayiş olundu. Musiqili fəvvarə də orada fəaliyyətdədir. Həmin parklar daim nəzarətdə saxlanılır”.

X.Hüseynov bəzən yaşıllıq ərazilərin bir hissəsinin qeyri-qanuni olaraq insanlar tərəfindən zəbt edildiyini deyir: “Ayrı-ayrı vətəndaşlar tərəfindən ümumi istifadə yerlərinin çəpərlənməsi halları var. Hələ üstəlik deyirlər ki, “özümüzə bağ düzəldirik”. Xətai rayonunda da  belə ərzilər var. Mütəmadi olaraq rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən qeyri-qanunui çəpərlənmiş hissələr sökülür və əhalinin ümumi istəfadəsinə verilir”.

Xətai rayonunda yeni parkların salınmasına gəlincə, X.Hüseynov qeyd edib ki, gələcəkdə mini-parkların salınması nəzərdə tutulub: “Park geniş anlamda heç olmasa müəyyən əraziyə malik olmalıdır. Ola bilsin ki, bu işləri yekunlaşdırandan sonra məhəllədaxili yerlərdə,  mini-parkların salınması həyata keçirilsin. Konkret deyə bilmərəm nə vaxt, neçə park salınacaq. Hələlik bu parkı təhvil verəndən sonra rəhbərlik belə bir tələb qoyarsa, təbii ki, ayrı-ayrı məhəllələrdə də mini parkların salınması məsələsinə baxıla bilər”.

 

Günay Musayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı