Salam, xalq diplomatlarımız!
Hər dəfə xalq diplomatiyası sözünü eşidəndə sizi bilmirəm, burdakı ölülərin gülməyi gəlir. Yox, düzgün çıxmadı. Yaman yumşaq dedim. Xalq diplomatiyası sözü eşidəndə elə bil ki, atamızı söyürlər. Bax belə düzgün çıxar. Özü də bunu ermənilər yox, Bakının mərkəzində oturub, beynəlxalq təşkilatların çörəyini yeyənlər deyəndə özümüzə yer tapmırıq. Nə istəyirsiniz ay xalq diplomatları, Azərbaycanlıların, Türklərin ürəklərindəki kinimi, küdurətimi silmək? Onu da sual vermək istəyirəm. Kimin yaratdığı kini, küdurəti? Biz Azərbaycanlıların, yoxsa ki, ermənilərin? Əlbəttə deyəcəksiniz ki, fərqi yoxdur, olan oldu, ötən ötdü. Nə fərqi var ki? Fərqi böyükdür. Bir misal deyim başa düşün. Lap müasir tərzdə.
“Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş sədr müavininin oğlu yol qəzası törədərək, yüksək sürətlə idarə etdiyi maşınıyla tarzən Ağasəlim Abdullayevin ailəsi olan maşını vuraraq xurd-xəşil edib. Sənətkarın həyat yoldaşı, nəvəsi ölüb, özü, gəlini, oğlu müxtəlif xəsarətlər alıb. Aftoş sürücünü də tutub basıblar dama. Atasını da işdən qovublar. Gəlin tarzənin ürəyinə bir rəhm salaq, ona sizin xalq diplomatiyanızı aşılayaq. Yəni ki, o durub getsin Mübariz Mədətovun qapısına ki, gəl barışaq. Olan olub, keçən keçib. Sonra polis, prokurorluq, məhkəmə oraqanlarına müracİət etsin ki, aftoş oğlunu bağışlayıram, həbsdən buraxın. Ən nəhayət, xalq diplomatiyasında görünməyən addım – Prezidentə ailəsinin ölən və qalan üzvləri adından məktub ünvanlasın ki, bəs xahiş edirəm Mübariz Mədətovu vəzifəsinə bərpa edəsiniz. Gülüncdür, elə deyilmi? Bu xalq diplomatiyasıdırmı? Yox , burda Azərbaycan xalqına məxsus, onun xarakterinə uyğun bir diplomatiya görmürəm. Bu erməni-hay xalq diplomatiyasıdır.
Hörmətsiz Azərbaycanlı xalq diplomatları, erməni bizim qapımızı kəsdirib barışıq diləməkdən, yalvarıb üzr istəməkdən, sizə nə olub ki, Ermənistanın yolunu su yoluna çevirmisiniz? Belə çox istəyirsiniz gələcək nəsilləri? Elə bilirsiniz ki, xalq diplomatı olsanız başınıza tac qoyacaq ermənilər? Beynəlxalq təşkilatlar hesabınıza pul qoya bilər, amma taca inanmıram.
Qaranquş xalq diplomatlarından Polad Bülbüloğlu yadıma düşür. Qarabağda vertalyotdan düşüb öz doğma obasını gəzməyini əks etdirən kadrlar indi də gözümün qabağındadır. Bilirsinizmi ordakı ermənilərin gözündən nə oxuyurdum:
“Polad Bülbüloviç, atovun büstünü güllələyib, deşik-deşik edib göndərdik Bakıya. İndi nə istəyirsən? Gəlmisən sonuncu dəfə ata-baba yurduna baxmağa? Gəl bax. Beş dəqiqə vaxtın var. Qoca kişisən də. Sənə mojnadır. Bir ayağın burda, bir ayağın gorda. Necə olsa məşhur adamsan. Fəxri məcburi köçkün-qaçqın sayılırsan. O biri qaçqın bacı-qardaşların kimi o dünyaya ürəyi vətən nisgilli getmə. Axırıncı dəfə heç olmasa Şuşanı gör. Torpaq da götürə bilərsən. Öləndə qəbrinə səpərlər. Bir pinqvin kulyoku qədər. Artıq olmaz. Bizim bundan artıq Azərbaycanlılara veriləsi torpağımız yoxdur”.

Həəəə, erməni-hay xalq diplomatlarımız, sizi nə gözləyir bilmirəm. Mənə yox, heç olmasa həmcənnətlərim o dövrün xalq diplomatları Mirzə Fətəli Axundovla Cəfər Cabbarlıya inanın. İndi də peşmandırlar əsərlərində məzlum erməni obrazını, Tuğ kəndini təsvir etməklərinə. Deyirlər ki, yaxşı şey olsaydı ermənilər xalq diplomatiyasının bariz nümunəsi olan, əsrlər boyu formalaşmış, daha dəqiq özlərinin formalaşdırdığı xalq diplomatiyasının bayrağı, bayraqdarı Tuğ kəndini qoruyub saxlayardılar da. Niyə işğal etdilər? Niyə dağıtdılar?
Hörmətli erməni-hay xalq diplomatlarımız, mən də sizlərdən biri olmaq istəyərdim. İndidən məram və məqsədi olan çıxışım da hazırdır. İstəyirsiniz sizə də oxuyum. Deməli ermənilər Azərbaycan torpaqlarını azad edir, ordularını geri çəkirlər, ata-baba torpaqlarımızın adlarını özlərini qaytarırlar, üzr istəyirlər beynəlxalq səviyyədə deyirlər ki, pox yemişik, qələt eləmişik və bundan sonra mən də sizə qoşuluram. Yox hüquqi şəxs kimi yox, mənə qrant-mrant lazım deyil. Burda hər şey var, özü də havayı. Və başlayıram məqalə yazmağa, çıxış eləməyə ki, “mənim xalqım, ermənilər axır ki, öz taqsırlarını boyunlarına aldılar. Elədiklərini özlərinə yedirtdik. Özü də artıqlamasıyla. Peşmandırlar, özü də it kimi. Gəlin bir şans da verək. Yoxlayaq”. Bu sözümdən sonra bir-iki misal da gətirəcəyəm ki, inandırıcı olsun. Məsələn “faşistlər Dünya müharibəsində 60 milyon insanın qanına bais oldular, onda gərək heç kim “Mersedec”də, BMV-də, “Opel”də, “Volsfagen”də gəzməsin, ya da Almaniyaya müalicəyə getməsin” və sair, ilaxır.
Bax buna deyərəm xalq diplomatiyası. Yoxsa ki, sizin yolunuz birtərəflidir. Düşmən erməni topuyla-tüfəngiylə qulağımızın dibində, siz isə başlamısınız erməni-hay xalq diplomatiyasına.
Xalq diplomatlarımız, bilmirəm şəhər uşağısınız, ya kənd, amma danışıqlarınızdan başa düşürəm ki, qorodskoysunuz. Kənd uşağı olsaydınız belə şey eləməzdiniz. Ona görə də sizin ermənilərlə birgə fəaliyyətinizin gələcək uğurlarıyla bağlı bir test təklif etmək istəyirəm. Xərcini oğlum Mahirə deyərəm, o çəkər. Ermənistanda olanda gedərsiniz bir kəndə. Bir tövlə istəyərsiniz. Mahirin sizə verdiyi pula bir ton darı alarsınız. Darı, yəni ki, “pşeno”. Bir ton darını tökərsiniz tövlənin küncünə. Sonra erməni kəndlisindən bir donuz istəyərsiniz. Donuzu buraxarsınız tövləyə. Yazıq heyvan yemi görən kimi daraşacaq darıya. Siz də erməni həmkarlarınıza deyərsiniz ki, gəlin indi də “kış-kış” edək, donuzu darıdan çıxaraq. Onlar da sizinlə birgə başlayarlar kış-kış etməyə. Əgər bu kış-kışla donuz darıdan çıxsa ermənilərlə əməkdaşlığı davam etdirin. Mən də, bütün Cənnət-məkan da sizin arxanızdayıq. Əgər donuz kış-kışla darıdan çıxmasa ver-veşinizi yığışdırıb, suyunuz süzülə-süzülə qayıdın geriyə.
Bunu gözünüzlə görməsəniz, bilirəm ki, ağıllanmayacaqsınız. Nə ermənilər kış-kış diplomatiyası ilə torpaqlarımızdan çıxacaq, nə də ki, ürəklərindəki kini kökündən təmizləyəcəklər. Biz azərbaycanlılara isə xalq diplomatiyası lazım deyil. Ürəyimizdə nə kin var, nə də küdurət ki, silib təmizləyəsiniz. Sadəcə düşmənimiz var. Darıya daraşan düşmənimiz.
Qabil, Axirət respublikası,
Cənnət şəhəri, aprel 2014.