Bu gün – 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur.
Modern.az xəbər verir ki, bu xüsusi gün 21 dekabr 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə təsis edilib.
Bu günün təsis edilməsində əsas məqsəd silahlı münaqişələr, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşən, gizli həbsxanalarda saxlanılan və ya naməlum şəraitdə həlak olan insanların xatirəsini yad etmək, eləcə də yaxınlarının taleyindən xəbərsiz olan ailələrin yaşadığı faciəyə diqqət çəkməkdir.
Bu gün Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4000-dən artıq Azərbaycan vətəndaşı – hərbçi və mülki şəxs itkin düşmüş hesab olunur.
İşğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı son illərdə bir sıra kütləvi məzarlıqlar aşkar edilib. Xocalı, Şuşa, Füzuli və digər ərazilərdə aşkarlanan qalıqların kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. İtkin şəxslərin müəyyənləşdirilməsi məqsədilə onların qalıqlarından götürülən nümunələr üzərində DNT analizləri aparılır. Bu proses itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və uzun illərdir cavab gözləyən ailələrin yaxınlarının aqibəti barədə məlumat əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.