Modern.az

Nəhayət ki, “Avro - 2” gəlir...

Nəhayət ki,  “Avro - 2”  gəlir...

Ölkə

21 İyun 2010, 13:47

2010-cu il iyul ayının 1-də Azərbaycanda daha yüksək yanacaq standartlarına - Avro-1 və Avro-2 standartlarına keçid başlayır. Təbii ki, avtomobil sahiblərini bu dəyişikliyin mahiyyəti, müsbət və mənfi tərəfləri çox düşündürür. Ətraf mühitin saflaşması, insan sağlamlığı baxımından avtomobil yanacağının Avro standartlarına keçməsi zəruridir. Bizdə hələ də qurğuşunlu benzindən istifadə edilir.

Dövlət Yol Polisi İdarəsi rəsmilərinin məlumatına görə, indi Azərbaycanda 950 mindən çox maşın var. Bu avtomobillərin 650 minə yaxınının istismar vəziyyəti Avropa standartlarının tələbinə uyğun deyil. Böyük əksəriyyəti ötən əsrin 60,70, 80-ci illərində istehsal olunan bu avtomobillər ekologiyaya böyük ziyan vurur.

Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən birinci ekoloji standart - Avro-1 1992-ci ildə yaranıb. Avro-2 1995-ci ildən, Avro-3 1999, Avro-4 2005, Avro-5 isə 2009-cu ildən tətbiq edilir. Bu illərdə avtomobillər həmin standartlara uyğun istehsal edilib.

Ekspertlərin fikrincə, avtomobil yanacağının təsiri nəticəsində yaranan qaz tullantıları atmosferi zəhərləyən əsas səbəblərdən biridir. Məsələn, azot oksidi dəm qazından 10 dəfə çox təhlükəlidir. İşlənmiş qazların zəhərlədiyi mühitlə uzunmüddətli təmas orqanizmin zəifləməsinə, immun çatışmazlığına gətirir. Bu zəhərli qazlar müxtəlif xəstəliklərə, məsələn bronxitə, bronxopnevmoniyaya, ağ ciyər xərçənginə, baş beyinin aterosklerozuna səbəb olur. Havanın çırklənməsi ürək-damar sistemində ağrılara da gətirib çıxarır.

Acınacaqlı təsirlərdən qurtulmaq üçün Avro standartlarına mərhələlərlə keçid zəruridir. İslahatlar elə aparılmalıdır ki, aztəminatlı, orta təbəqənin nümayəndələri olan avtomobil sahibləri ziyan çəkməsin. Adamlar var, qazanc mənbəyi və yeganə ümid yeri köhnə “Jiquli”dir. Əgər Avro standartı onu maşınından məhrum edərsə, onda daha ağır durum yaranar.

İslahatlar zamanı problemlərlə ciddi üzləşməmək üçün nə etmək lazımdır? Bəzi Şərqi Avropa ölkələri Avro standartlarına xeyli vaxdır keçib. Həmin ölkələrdə mövcud standarta uyğun gəlməyən və istismar müddəti başa çatan avtomobillər yığışdırılıb, maşın sahiblərinə isə dövlətdən kompensasiya ödənib. Bu addım ətraf mühitə, insan sağlamlığına yönələn sərmayədir.

Azərbaycanda şəffaf prosedur qaydalarına yetərincə əməl olunsa, belə təcrübədən yararlanmaq səmərə verər. Dəqiq demək çətindir ölkədə nə qədər avtomobil yeni standartlardan kənarda qalacaq. Təbii ki, bütünlükdə avtoparkı yeniləmək indi ki, vaxtda qəliz məsələdir. Deməli, bu məsələlərə kompleks yanaşıb, geniş əhatəli proqramlar hazırlanmalıdır.

Bu prosesdə korrupsiya halları ilə üzləşməmək üçün insanların daha çox maariflənməsinə ehtiyac var. Avtomobil sahiblərinin məlumatsızlığından və yaranmış şəraitdən istifadə edib qeyri-qanuni pul qazanmaq istəyənlər çox olacaq. Azərbaycana Rusiyadan və digər ölkələrdən idxal olunan maşınların Avro standartlarına uyğunluğunun yoxlanması və göstərilən tələblərə cavab verməyən avtomobillərin sərhəddən geri qaytarılıb-qaytarılmaması məsələsi necə tənzimlənəcək? Bu prosesin qeyri-şəfaflığa gətirib çıxarmaması üçün maarifləndirici tədbirlər indidən keçirilməlidir.

Avtomobil biznesi ilə məşğul olan sahibkar da bilməlidir ki, standarta uyğunsuz maşınların gətirilməsi mümkün deyil. Sərhəd-keçid məntəqələrində davamlı şəffaflığın təminatı üçün reallığa uyğun mexanizmlər işlənib hazırlanmalıdır. Əks təqdirdə problemlər qaçılmazdır. Bu məsələlərlə bağlı QHT-lərin dövlət qurumları ilə birlikdə fəaliyyətinə ehtiyac var.

Azərbaycanda avtomobil həvəskarları çoxdur. Onlar istənilən standartı mənimsəməyə hazırdır, əsas odur ki, normal hüquqi mexanizmlər formalaşsın. Bir də elə etmək lazımdır orta və kasıb təbəqəni təmsil edən sürücülər bu dəyişiklikdən ziyan çəkməsin.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı