Modern.az

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri turistlərdə də günah görür

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri turistlərdə də günah görür

Ölkə

23 İyun 2010, 17:39

Azərbaycanda turizm mövsümünü açıq elan etmək olarmı? Regionlardakı istirahət mərkəzləri yüksək səviyyəli xidmət göstərməyə hazırdırlarmı? Bu mövzu Azərbaycan Media Mərkəzində keçirilən növbəti  debatda müzakirə edilib.

 

Modern.az xəbər verir ki, debatda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm şöbəsinin rəhbəri Mahir Qəhrəmanov deyib ki, adətən regionlarda açılan istirahət mərkəzləri ilk dövrdə normal xidmət göstərirlər: “Amma bir neçə il sonra orda yoxlama aparanda bir sıra nöqsanlar üzə çıxır. Elə olanda biz bu obyektlərin ulduzunun alınması, bəzilərinin isə hətta lisenziyasının geri alınması haqda məsələ qaldırırıq”.

 

M.Qəhrəmanov deyib ki, Azərbaycanda mövcud olan 452 turizm obyektinin 55-də ulduz var. “Onların əksəriyyəti 3-4 ulduzu olanlardır. Və bu otellərin 80-90 faizi öz keyfiyyət göstəricisinə uyğun fəaliyyətdədir”. M.Qəhrəmanovun sözlərinə görə, hazırda istirahət mərkəzlərində gündəlik xərci 8-10 manatdan tutmuş 130 manatadək xidmət göstərilir. Nazirlik təmsilçisi bildirir ki, bu sahədə rəqabət artsa, daha ucuz qiymətə daha yüksək səviyyəli xidmət göstərən obyektlərin sayı da artar. M.Qəhrəmanov turistlərin özlərinin də bəzi məqamlarda günah görür. Onun fikrincə, istirahət edənlər obyekt sahibindən daha yüksək səviyyədə xidmət tələb etməlidir.

 

Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Natiq Hüseynov isə bildirib ki, onlar Azərbaycan regionlarında turizmin inkişafına dair dövlət proqramının həyata keçirilməsinin monitorinqini aparıblar. 5 zonada fəlaiyyət göstərən 12 oteldə aparılan araşdırma zamanı məlum olub ki, bir çox obyektlərdə hələ də isti su problemi qalır. Otellərin əksəriyyətində İnternet, avtomobilin icarəsi, baqaj daşıma xidmətləri yoxdur. Həmçinin, müştərlərə masa arxasında xidmət göstərən ofisiantlar da səviyyəyə uyğun işləmirlər. N.Hüseynov Azərbaycan regionlarında göstərilən xidmətə görə qiymətlərin çox yüksək olduğunu da bildirib. Dediyinə görə, Nabranda 4 ulduzlu otellərdən birinə nəm iyindən girmək mümkün deyil. Onun iddiasına görə, hansısa rayonda 5-6 gün dincəlmək üçün tələb olunan pula Türkiyənin yüksək səviyyəli turizm mərkəzlərində 11-12 gün istirahət etmək olar. Ona görə də insanlar da daha ucuz və daha keyfiyyətli xidmət göstərilən ölkələrə - Türkiyə, Misir, Dubay və digər yerlərə üz tuturlar.

 

“Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsində baş tutan bu debat zamanı Britaniya Şurasının nümayəndəsi Enn Castis Azərbaycanda həyata keçirdikləri turizm proqramı haqqında məlumat verib. Dediyinə görə, Şura nümayəndələri ölkəmizdə turizm sənayesində çalışan insanlar üçün treninqlər keçirlər. Hətta proqram çərçivəsində Azərbaycan rəsmi qurum nümayəndələrinin Şotlandiyaya səfəri də baş tutub. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 6500 nəfər turizm sənayesində çalışır. 5 milyon əhalisi olan Şotlandiyada isə 200 min nəfər bu sektorda məşğuldur və həmin ölkədə turizmdən gələn gəlirin dövriyyəsi 5,5 milyard dollar təşkil edir.

 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşən debat  proqramı “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Media Mərkəzinin təşkilatçılığı ilə baş tutur. Modern.az

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı