Modern.az

Hadı Rəcəbli məni Toğrul Adıgözəlovla “tanış etdi”

Hadı Rəcəbli məni Toğrul Adıgözəlovla “tanış etdi”

Ölkə

3 İyun 2014, 21:04

Milli Məclisdə qanunlar necə qəbul olunur? Bilmirəm. Sadəcə sıralamanı bilirəm. Bilirəm ki, qanunların qəbulunda əsas yük daimi komissiyaların, indiki dildə desək komitələrin üzərinə düşür. Əsas məsuliyyət də komissiya sədrlərinin üzərindədir. Yalnız bir qanunun hazırlanmasının mən də müşahidəçisi olmuşam. Bu İnsan Hüquqları İnstitunun ortaya çıxardığı “Ombudsman haqqında” Azərbaycan Respublikasının Qanunudur. Amma başqa bir qanunumuzun da hazırlıq prosesi mənə ləzzət edib. Yazımı Hadı Rəcəblinin başçılıq etdiyi Sosial siyasət daimi komissiyasının fəaliyyətiylə başlayacağam. Amma əsas məqsədim bu deyil.

“YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ, BİR DƏFƏ GÖRMƏK YAXŞIDIR”

AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Dedilər ki, kameranı götür çıx qapıya – Milli Məclisin komissiyasının iclasıdır. Məəttəl qaldım. Komissiyadırsa niyə qapıya çıxmalıyam, elə Milli Məclisin özünə gedərəm də. Dedilər ki, yox. Hadı müəllim dedi ki, qapıda gözləyirəm çəkiliş qrupunu. Baş redaktorum deyən təki də elədim. Hadı Rəcəbli bizi öz “DEU-Espero” hökumət maşınıyla qapıda gözləyirdi. Ondan başqa digər maşında da deputatlar əyləşmişdi. Nə isə oturub maşına yola düşdük. Soruşdum:

- Hadı müəllim, hara gedirik?

- “Leyla Şıxlinskayanın klinikası”na- deyə cavab verdi.

Məəttəl qaldım, deputatlar hara, doğum evi hara. Çünki o vaxt bu ilk özəl klinika doğuş üzrə ixtisaslaşmışdı. Hadı müəllim bu nigarançılığımıza son qoydu:

- Mahir, özəl səhiyyə haqqında qanun layihəsi hazırlanır. Bu klinika da Azərbaycanda ilkdir. Gedirik yaxından tanış olaq, bu sahəni daha dərindən öyrənək ki, qanun da mükəmməl alınsın. Təkliflərimizi verə bilək. Ona görə də iclası zalda yox, səyyar keçirmək qərarına gəldik.

Düzü Hadı Rəcəblini o günə qədər köhnə kommunist, köhnə fikirli adam kimi tanıyırdım. Amma bu yenilikçiliyinə görə fikirlərim tam dəyişdi. Klinikaya çatdıq. Hadı müəllimdən əlavə 4 nəfər də qadın deputatımız onunla idi. Binanın qarşısında bizi Leyla Şıxlinskaya və qonşumuz, böyük bəstəkarımız Vasif Adıgözəlovun oğlu Toğrul qarşıladılar. Mən bilirdim ki, Toğrul həkimdir, cərrahdır.

Amma burda işləməyini bilmirdim. İçəri keçdik. Hamımıza xüsusi xalatlar, papaq və sellofan ayaqqabılar verdilər. İlk dəfə idi ki, belə şey görürdüm. Başladıq xəstəxananı gəzməyə. Toğrul deputatlarımızı tanış etdikcə, onları maraqlandıran suallara da cavab verirdi. Bir jurnalist kimi mənimçün də yeni məqamlar çox idi. Mən həm də məhlə uşağı, bir vaxtlar futbol oynadığım Toğrulu da bir həkim kimi tanımağa başlayırdım. Daha doğrusu kəşf edirdim. Sonra Leyla xanımın otağına yığışdıq və komissiyanın iclası açıq elan olundu. Suallar olduqca Leyla xanım Toğrula yönəldirdi. O da hamısına cavab verir, sadə dildə əsaslandırırdı. Sonda o da məlum oldu ki, Toğrul Adıgözəlov bu klinikanın baş həkimidir. Ayrılanda mənə yaxınlaşıb soruşdu ki, sən demə AzTV-də işləyirmişsən, xəbərim yoxmuş. Sabah saat 12-də vaxtın olsa gəl bura. Səninlə söhbətim var.

Toğrulla həkim – jurnalist tanışlığımız burdan başladı.

UNİKAL BEYNƏLXALQ TƏDBİR

Səhəri gün klinikaya gəldim. Dedi ki, bir tədbir keçirməyi planlaşdırmışıq. İstərdim ki, Az.TV-də işıqlandırılsın. Səni də çağırdım ki, öyrənim. Mümkündürmü bu. Razılıq verdim. Tədbir haqqında isə heç nə soruşmadım. Ayda yüz belə beynəlxalq seminar, simpozium, konfrans çəkirdik. Hamısı da biri-birinin eyni. “Giriş sözüylə filankəs açdı, vacib məsələlər müzakirə olundu, məruzələr dinlənildi, sonra da filankəs bağladı”. Düzü, əhəmiyyətli bir şey sanmadım.

Konfrans günü operatorla klinikaya gəldik. Balaca zal ağzınacan dolu idi. Rəyasət heyətində fransalı həkimlər oturmuşdu. Uzun-uzadı danışmadılar. Ayağa durub zalı tərk etdilər. Fikirləşdim ki, elə bu? Amma heç kim yerindən tərpənmədi. Zala ani nəzər yetirdim. Respublikanın tanınmış həkim və cərrahlarıydı. Bir də gördüm ki, səhnədə ekran sallandı. Bir azdan isə cərrahiyyə zalı, nəsə cərrahiyyə əməliyyatı göstərməyə başladılar. Mənə maraqlı deyildi. Özü də ki, qandan qorxan mən üçün əməliyyatın bütün təfərrüatlarının bu dərəcədə incəliklərinə qədər göstərilməsi film-ujasa bərabər idi. Dəhlizə çıxdım. Gördüm ki, Toğrul gəlir.

- Biz kifayət qədər kadrlar götürdük, icazənlə gedirik.

- Hara gedirsiniz? Konfrans hələ başlamayıb axı...

- Bəs bir nəfər fransızca danışdı, sonra da əməliyyat filmini başladılar göstərməyə. Hamısından da kadrlar götürdük.

- Nə film? Mahir bu həkimlər Fransadan gəlib. Onların elədiyi əməliyyatı digər ölkələrdə eləmirlər. Azərbaycanda bu xəstəliyə düçar olan xəstələrimiz kifayət qədərdir.Bizə də müraciət edirdilər ki, xaricə getməyə o qədər pulumuz yoxdur. Biz də seminar-konfrans təşkil elədik, həkimləri dəvət etdik ki, gəlsinlər həm puluyla cərrahiyyə əməliyyatı eləsinlər, həm də bizim həkimlər baxıb ixtisaslarını artırsınlar. Səhnədə də film deyil, cərrahiyyə zalından xüsusi kameralarla birbaşa yayımdır. Əməliyyatdan sonra qonaqlar yenidən zala gələcək və həkimlərimizi maraqlandıran suallara cavab verəcəklər. Bu minvalla iki gün davam edəcək.

Beynəlxalq tədbirin əhəmiyyətini anlamağa başladım. Birinci xəstələrimizə bu əməliyyat iki qat ucuz başa gəlmişdi, ikincisi isə milli kadrlarımız heç bir xərc çəkmədən iki gün bu əməliyyatları seyr edəcək, incəliklərini öyrənməyə çalışacaqdılar. Üçüncüsü isə, “Leyla Şıxlinskaya klinika”sının həkimləri fransızlara assisentlik edib, daha da püxtələşəcəkdilər. Bir gülləylə iki dovşan vurmağı eşitmişdim. Amma baş həkim Toğrul Adıgözəlov üç hədəfə birdən çatmışdı.

İNKİŞAF

Özəl klinika yaratmaq pul yığmaq, varlanmaq demək deyil. Heyf ki, bəzi klinikaların bugünkü yarıtmaz fəaliyyəti insanlarda bu sahəyə bir ikrah hissi yaradıb. Buna da səbəb sahibkarların tibdən anlayışının olmamasıdır. Onları pul qoyub mayanı çıxarmaq maraqlandırır. Özü də qısa müddət ərzində. Üstə də gəl baş həkimlərin səriştəsizliyi. Necə deyərlər, gözəl həkim ola bilərsən, amma baş həkim olmaq üçün xüsusi bacarıq, qabiliyyət lazımdır. Ona görə də bəziləri xarici ölkələrə getməyə üstünlük verirlər. Dərdlərinin çarəsi Azərbaycanda ola-ola.

Atam xəstəxanaya düşəndə qəribə bir situasiyayla rastlaşdım. Üç gündür ki, yatırdı. Həkimi yaxınlaşıb soruşdu ki, ürəkdən başqa narahatçılığı yoxdu ki? Qulağına pıçıldadı ki, var. O saat uroloq dəvət etdilər. Atamı dinlədi. Dedi ki, kateterin yeridir, tədricən keçib gedəcək. Sonra atam dedi ki, gözlərim sulanır. O saat göz həkimi dəvət etdilər. Sual verdi ki, Qabil müəllim əvvəllər də belə şey olubmu? Dedi ki, yox. Cavab verdi ki, narahat olmayın bu yaşda belə şeylər olmalıdır. Keçib gedəcək. Başqa “problemlər” də dedi. Onu da yaşla əlaqələndirdilər. Axırda da baxdım ki, hər həkim çağrılmasına görə pul-xidmət kağızına üç-dörd şirvan “həkimin təqibi” xidmət haqqısı yazıblar. Həkim gəlməmişdən qabaq isə bu sözləri mən atama artıq demişdim: “Papa, fikir vermə, səksəndəndir”. Özü də bir qəpiksiz, havayı.

Gözəl bilirdim ki, İlk özəl klinikanın baş həkimi kimi, Toğrul bununla kifayətlənən deyil. Bir müddətdən sonra klinika digər sahələr üzrə də ixtisaslaşmağa başladı. O da sirr deyil ki, insanlar xəstələnəndə klinika yox, yaxşı həkim axtarırlar. Ona görə də Azərbaycanın yüksək ixtisaslı həkimləri bu işə cəlb olunmağa başladı. Onların təklifləri dinlənildi. Xaricdən müvafiq aparaturalar alınaraq Azərbaycana gətirildi.

Bir qohumumuz var. İmkanlı şəxsdir. Söhbət əsnasında dedi ki, bəs uşağın burnunda sümük əyri idi, nəfəs ala bilmirdi. 90-cı illərdə əməliyyat elədilər. Çəkiclə burnuna o qədər vurdular ki, psixikası da pozuldu. Nəfəs almağıda köhnə qaydasında qalıb. Təkrar əməliyyata girməkdənsə qorxur. İndi deyirlər ki, “Leyla Şıxlinskayada” müasir üsullarla əməliyyat edirlər. Çəkicsiz-baltasız. Tanışın yoxdur ki?

O saat Toğrula zəng elədim. Bizi qəbul etdi. Qohumun mənə də danışdıqlarına qulaq asıb güldü.

- Siz nə danışırsınız. Heç qorxub eləməyin. Oğlanı gətirin bircə analiz götürək. Heç deməyin ki, əməliyyat edəcəyik. Sonra uzadacağıq onu palataya. Bir də ayılacaq ki, əməliyyata girib də çıxıb da... hər şey də qaydasındadır. Bir gün qalacaq burda, sonra buraxacağıq evə.

Toğrulun nə dediklərini sonralar başa düşdüm. Bir başqa qohumumuzun gözünü əməliyyat edəcəkdilər. Bunu da beş gün qabaqdan demişdilər. Yaman qorxurdu, həyacan keçirirdi. Əməliyyata bir az qalmış ürəyi tutdu, infarkt oldu, iki gündən sonra isə öldü.

Onda bildim ki, həkim həm də gözəl psixoloq olmalıdır.

XARİCİ TƏCRÜBƏ

Tibdə müasir texnologiyalar icad olunduqca kadrların ixtisaslarının artırılması da önə keçirdi. Toğrul Adıgözəlov bu işlərə də böyük önəm verirdi. Klinikada işləyən həkimlər xarici ölkələrin qabaqcıl klinikalarına ixtisasartırma kurslarına göndərilirdi. Özü də uzun müddətə. Bu da özəl sahənin əsas tələblərindən biriydi. Deyəcəksiniz ki, burda nə var ki? Nə çox respublikamızda belə kadrlar. Adına da “uzman” deyirlər. Amma nəzərə alın ki, bu yazım 1999- 2003-cü illəri əhatə edir.

ÖZƏL KLİNİKADA HAVAYI XİDMƏT

Yox, düz oxudunuz. Özəl klinikada havayı xidmət. Özü də kampaniya xarakterli yox, il boyu. Həm də heç yanda reklam edilmədən. İndi deyəcəksiniz ki, reklam edilməyibsə, bəs sən hardan bilirsən?

Günlərin bir günü baş həkim Toğrul Adıgözəlov zəng elədi ki, Mahir, sabah səhər 11-də gəl klinikaya, gedəcəyik uşaq evinə, bayram sovqatı aparacağıq.

Vədələşdiyimiz kimi də elədim. Klinikadan yola düşdük mənim də tez-tez getdiyim uşaq evlərindən birinə. Həyətə girməyimizi görmüşdük. Uşaqlar Leyla xanımla Toğrulu, həkimləri dövrəyə aldılar. Qucaqlayıb, öpdülər. Bir də gördük ki, bir maşın da həyətə girdi. Müğənni Aygün Bəylər öz çalğıçı dəstəsiylə maşından düşdü. Zalda bir gözəl bayram düzənləndi. Canlı musiqi, rəqslər. Hədiyyələr də öz yerində. Mən bu uşaq evində çox tədbirlərdə olmuşdum, amma beləsini görməmişdim. Bir də gördüm ki, məni də ortaya dartıblar, rəqs edirəm. Üç saata yaxın orda olduq. Sonra geri qayıdıb materialı hazırladım. Efirə verdim. Yadigar qalsın deyə üzünü köçürüb səhəri gün klinikaya gəldim. Toğrul deyəsən əməliyyatdaydı. Başladım klinikanı gəzməyə. Bir də gördüm ki, on-on beş uşaq məni dövrəyə alıb qucaqladılar. Baxdım ki, bəs dünən məniylə rəqs edənlərdir.

- Siz burda neyləyirsiniz?

- Həkimə gətiriblər.

- Xəstələnmisiniz? Çox oynadınız da dünən, yəqin tərlədiz. Ona görə də soyuq dəydi.

- Yox. Xəstə olduq olmadıq. Hər ay bizim hamımızı növbəylə gətirib burda müayinədən keçirirlər. Ehtiyacı olanları müalicə, əməliyyat da edirlər. Klinika hamiliyə götürüb bizi.

“Xəbərlər”də efirə gedən süjetdə klinikanın uşaq evini hamiliyə götürməsini, yəni ki, sağlamlıqlarını nəzarətə almasını verməmişdim. Çünki bilmirdim. Baş həkim –təşkilatçı Toğrul gizlətmişdi bunu məndən.

SON

Toğrul Adıgözəlov “Leyla Şıxlinskayanın klinikası”ndan sonra digər özəl layihələrə də uğurlu imza atdı. Amma bu günlərdə Azərbaycanın bir nömrəli sağlamlıq ocağı sayılan Mərkəzi Klinik Xəstəxanasına baş direktor təyin olunması məni daha çox sevindirdi. Çünki belə geniş meydan onun kimi yenilikçi insanların yeridir. Təxminən bilirəm nələr edəcək. Yeni şöbələr yaradacaq. Bəziləri kimi nazir Oqtay Şirəliyevin etimadını sözdə yoxda, əməldə həyata keçirəcək. “Leçkomissiya” kimi tanıdığımız səhiyyə ocağını daha da yüksəldəcək. Bunun üçün onun böyük potensialı var.

Səhiyyə xadimi, həkim olmadan 34 yaşından, 15 il bu sahədə bir təşkilatçı, baş həkim kimi çalışan Toğrul Adıgözəlovdan çox əmin danışdım, elə deyilmi? Bilirsinizmi hardan qaynaqlanır bu əminlik? Çünki mən də yaradıcı insanın ailəsində böyümüşəm. Bizim üçünsə əsas kökdür. Adı yaşatmaq, daha da ucaltmaqdır. Zülfi, Vasif, Rauf Adıgözəlovlar bu dünyada olmasalar da Yalçın və Toğrul bu böyük nəslin davamçılarıdır. İnanıram ki, bu adların simasında bu məşhur familiya daim yüksəklərdə olacaq. Həm musiqimizdə, həm də səhiyyədə.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı