Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu müsahibələrdə həmin jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışır, digər məsələlər barədə fikir mübadiləsi aparırıq.
Budəfəki müsahibimiz Özbəkistandan olan həmkarımız Hamza Cumayevdir. Tanınmış jurnalist və media eksperti olan müsahibimiz həm də Qlobal Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) Mərkəzi Asiya üzrə koordinatorudur.
– Hamza bəy, özbək jurnalist kimi Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Bu əlaqələri digər türk dövlətləri ilə münasibətlərdən fərqləndirən əsas xüsusiyyətlər nələrdir?
– Digər türk dövlətlərindən fərqli olaraq, Azərbaycan–Özbəkistan münasibətlərində siyasi və ya iqtisadi münasibətlərdən daha çox ortada qardaşlıq, səmimiyyət var. Bizim əlaqələrimiz sadə iqtisadi layihələr həyata keçirmək, yaxud siyasi anlaşmalardan ibarət deyil. Əlaqələrimiz isə əslində tariximizi, mədəniyyətimizi, kökümüzü oyandırmaq və bunun əsasında bərabər yüksəlmək prinsipinə dayanır.
– Bu gün Özbəkistanda jurnalist olmaq asandır, yoxsa çətindir?
– Əvvəllər Özbəkistanda jurnalist olmaq çətin idi. Senzura vardı, jurnalistlərin maddi durumu yaxşı deyildi. Ancaq son 10 il ərzində durum dəyişdi. Jurnalistlər çox rahat çalışa bilir. Jurnalistlərin maddi durumları da çox yaxşıdır. Bunun üçün professional olmaq kifayətdir. Başqa bir maneə görmürəm.
– Son illərdə Azərbaycan və Özbəkistan arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, media əməkdaşlığı da genişlənir. Sizcə, iki ölkənin media qurumları arasında əməkdaşlığı hansı istiqamətlərdə daha da gücləndirmək mümkündür?
– Azərbaycanla Özbəkistan arasında media münasibətlərinin inkişafı bizi sevindirir. Bunu daha da genişləndirib, gücləndirmək mümkündür. Onsuz da bu əlaqələr daha da güclənir. Lakin digər ortaq layihələrlə əlaqələri daha da gücləndirmək mümkündür və lazımdır. Yəni sosial mediada aktivliyi artırıla, jurnalistlər üçün mediaturlar davamlı təşkil edilə bilər. Hazırda belə Özbəkistanda səfərdə olan azərbaycanlı jurnalistlər var. Prezidentin səfərindən öncə də azərbaycanlı jurnalistlər gəlib-gediblər. Məsələn, mən keçən həftə Azərbaycanda idim. Amma yenə deyirəm ki, media əlaqələrini daha da gücləndirmək, genişləndirmək üçün ata biləcəyimiz addımlar çoxdur. Məsələn, Azərbaycan dövlət media qurumlarının Özbəkistanda şöbələrini açmaq və ya Özbəkistan media qurumlarının Azərbaycanda müxbirlik otaqlarını qurmaq daha da gücləndirə bilər.
– Azərbaycan liderinin Özbəkistan səfəri cəmiyyət və media tərəfindən necə qarşılandı?
– Prezident İlham Əliyevin Özbəkistan səfəri cəmiyyətdə maraqla, səmimiyyətlə, sevinclə qəbul edildi. Paytaxt Daşkənddə, eləcə də Buxarada küçələr Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədildi. Monitorlarda iki ölkə başçılarının görüntüləri vardı. Azərbaycan dilində mədəniyyət nümunələri onlara göstərilmişdi. Azərbaycan Prezidentinin Özbəkistana gəlməsi həm mediada, həm də cəmiyyət içərisində müsbət mənada rezonansla qarşılandı.Sevinməmək üçün səbəb yoxdur. Bizim hər tərəfimiz eynidir. Eyni tarixi, dili, dini paylaşan qardaş ölkə liderləri bir-biri ilə görüşdüyündə təbii olaraq, sevinirlər.
– Azərbaycan və Özbəkistan jurnalistlərinin bir-birinin ölkəsində baş verən prosesləri işıqlandırması sizcə arzuolunan səviyyədədirmi? Qarşılıqlı media mübadiləsinin artırılmasına ehtiyac varmı?
– Azərbaycan və Özbəkistan jurnalistlərinin bir-birlərinin ölkələrində baş verən prosesləri işıqlandırmaları prosesi yüksəlir. Hazırki vəziyyətin kafi olub-olmadığını deyə bilmərəm. Biz bir-birimiz haqqında daha çox danışmalı, yazmalı və göstərməliyik. Qarşılıqlı media əlaqələrinin artırılmasına həmişə ehtiyac var. Bu ehtiyac 100 faiz qarşılansa belə, yenə də ehtiyac olacaq. Bu iki dövlət və xalq bir-birlərinə uzun müddət həsrət qalıb. Hər iki xalq əkizlər kimi bir-birlərindən qopdular, bir-birilərini görmədilər. Danışılacaq şeylər üst-üstə yığılıb, çoxalıb. Bu iki dövlət və millət təbii ki, media vasitəsilə danışa bilər. Media vasitəsilə məsələlər nə qədər çox əks etdirilərsə, bir o qədər bir-birimizlə çox danışmış, sıx tanımış olarıq.
– Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələr arasında vahid informasiya məkanının formalaşdırılması son illərdə daha çox müzakirə olunur. Sizcə, türk dövlətlərinin mediası ortaq informasiya platforması yarada bilərmi?
– Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında vahid informasiya məkanının formalaşdırılmasının son illərdə daha çox müzakirə olunduğunu bilirəm. Lakin vahid informasiya məkanının yaranması bir qədər zaman alacaq. Bir-iki ölkə ilə bu məsələ həll olunası deyil. Vahid informasiya platformasının yaradılması siyasi baxımdan da bəzi ölkələrin qorxulu yuvasına çevriləcək. O baxımdan Türk Dövlətlərinin hər hansı formada birləşməsi bəzi başqa ölkələrin rahatını poza bilər. Media baxımından da birləşmək eyni effekti verə bilər. TDT üzvü olan ölkələrin öz aralarında media platforması yaratması dünyada böyük rezonans doğurar və təbii ki, bəzilərinin rahatını da pozar. Ona görə də bu məsələ strateji işdir. Asanlıqla həyata keçiriləcək qərar deyil. Məncə, çətin də olsa, belə bir addım atıla bilər.
– Özbəkistan mediasında Azərbaycanla bağlı xəbərlərə maraq hansı səviyyədədir? Azərbaycanla bağlı hansı mövzular Özbəkistan auditoriyasının daha çox diqqətini çəkir?
– Özbək mediasında Azərbaycanla bağlı xəbərlərə yüksək maraq var. Azərbaycandan Özbəkistana hər hansı bir heyətin getməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı xəbərlər çox oxunur. Özbək sənətçinin Azərbaycanda konsert verməsi, yaxud teatrda özbək əsərinin səhnələşdirilməsi və ya ortaq film çəkmək, özbək film və seriallarının Azərbaycan televiziyasında göstərilməsi kimi xəbərlər özbək cəmiyyətini çox maraqlandırır. Həm də Azərbaycanın hər hansı sahədə əldə etdiyi uğurlar özbəkləri çox maraqlandırır və sevindirir.

– Şuşa, Qarabağ və Azərbaycanın digər bölgələrinin son illərdə beynəlxalq tədbirlərin keçirildiyi məkanlara çevrilməsini Özbəkistan mediası necə qiymətləndirir?
– Qarabağda, Şuşada və digər yerlərdə tədbirlərin keçirilməsi Özbəkistan üçün o yerlərin artıq Azərbaycana məxsus olduğu mesajını verir. Bu tədbirlər göstərir ki, həmin yerlərin dəyəri var, oralar müqəddəsdir. Və o yerlərin daha çox maraq göstərməyə, daha çox insanlara tanıdılmasına ehtiyac var. Eyni zamanda həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi regionun artıq təhlükəli olmadığını göstərmək məqsədi daşıyır. Məncə bu, regionun sadəcə Özbək mediasında yox, dünya mediasında önəmini, adını eşitdirir və oranın Azərbaycana aid olduğu xəbərini verir. Məncə, bu istiqamərdə atılan addımlar doğru qərardır.
– Sizcə, Azərbaycan və Özbəkistanın türk dünyasının gələcəyində hansı rolu daha böyük ola bilər? Bakı və Daşkənd arasında daha sıx koordinasiya digər türk dövlətlərinə də təsir göstərə bilərmi?
– Azərbaycan Prezidentinin Özbəkistan səfəri zamanı Əbədi dostluq haqda Müqaviləyə imza atıldı. Daşkəndlə Bakı arasında daha sıx koordinasiya digər Türk Dövlətlərinə təbii ki, təsir göstərər. Bir ailənin 5 uşağı olsa və onlardan ikisinin qıraqda oturub danışıb-gülməsi digər qardaşların da diqqətini çəkər. Eyni zamanda onlar qardaşlarının onların əleyhinə danışıb, heç bir qərar vermədiyinə də əmin olarlar. Eyni zamanda, düşünürəm ki, Azərbaycan və Özbəkistanın bir-birləri ilə dost və səmimi olması digər qardaşları da sevindirir. Bu həmçinin onları bir yumruq və güc olmağa da ilhamlandıra bilər. Yəni Özbəkistan-Azərbaycan münasibətlərinin təsiri sadəcə gözəl olacaq. Bunun, daha çox layihələr həyata keçirilməsinə və türk dünyasının birləşməsinə çox böyük qatqısı ola bilər.
– Müasir dövrdə sosial şəbəkələr ənənəvi medianın rolunu ciddi şəkildə dəyişib. Özbəkistanda bu proses necə gedir və jurnalistlər dezinformasiya ilə mübarizədə hansı çətinliklərlə üzləşirlər?
– Sosial şəbəkələrin ənənəvi medianın rolunu ciddi şəkildə dəyişməsi Özbəkistan üçün də keçərlidir. Özbəkistanda bu proses davam edir. Amma ənənəvi medianı tərcih edənlər də çoxdur. Cəmiyyət tamamilə sosial mediaya bağlı deyil. Biraz daha aktiv olan, internet və qədcetləri istifadə edə bilən, əsasən gənclərdən ibarət auditoriya var. Həmin toplum sosial şəbəkə ilə maraqlanır. Amma uzaq bölgələrdə, kəndlərdə insanlar yenə də sosial media ilə paralel ənənəvi mediadan da istifadə edirlər. Amma get-gedə ənənəvi medianın ortadan qalxma tendensiyası yaranır. Bunu inkar edə bilmərik. Eyni zamanda dezinformasiya ilə mübarizədə bizdə də problemlər yaşanır. Özbəkistanda Prezident Administrasiyası yanında media üçün kontent yaradan mərkəz açıldı. Bu mərkəz sosial media üzvlərini, blogerləri, kontent yaradıcılarını oxudur. Qurum onlara əngəl olmaq yox, yardımçı olmaq, yol göstərmə funksiyalarını həyata keçirir. Media eyni zamanda insanlar arasında da bilgiləri yaymağa çalışır. Biz də toplum içərisində media ilə münasibətlərin necə olmalı olduğu barədə bilgilər veririk. Dezinformasiya ilə doğru xəbəri necə ayırd edəcəyimizin fərqini öyrətməyə çalışırıq. Bölgələrdə müxtəlif təlim kursları var. Sosial media ilə çalışmağa məcburuq, ona görə də bu üsula gedirik və gözəl nəticələr də əldə edirik.
– Bir jurnalist kimi Azərbaycan mediasını izləyirsiniz. Azərbaycan jurnalistikasında sizi ən çox təəccübləndirən və ya Özbəkistan mediasından fərqli gördüyünüz məqam hansıdır?
– Əlbəttə, Azərbaycan mediasını izləyirəm. Azərbaycan jurnalistikasında məni çox maraqlandıran nöqtələr var. Jurnalist tərəfindən Azərbaycanın başqa ölkələrlə əlaqələri barədə açıq danışıla bilir. Təbii ki, Azərbaycan illərlə müharibə görmüş, şəhid vermiş bir ölkədir. Azərbaycana müharibə açmış ölkələrə qarşı belə bir bilgilərin, münasibətlərin olması normaldır. Yerinizdə olsaq, bəlkə biz də belə davranardıq. Lakin yenə də, o nüansları gördükdə mənə biraz fərqli gəlir. Allaha min şükür, bizim başqa dövlətlərlə savaşımız olmadı. Bir-iki kiçik hücum, terrorlar oldu, lakin illərlə sürən, oğlanlarımızın şəhid olduğu müharibə yaşamadıq. Buna görə də başqa dövlətlərin siyasətinə qarışmamaq prinsipini mənimsəyirik. Özbəkistan daxilində olan məsələlərlə bağlı da başqa təsirlərdən qoruma prinsipini həyata keçiririk. Azərbaycan mediasında isə başqa ölkələrə qarşı daha sərt və xoş olmayan fikirlərin jurnalistlər tərəfindən səsləndirildiyini gördüm. Beynəlxalq jurnalistikada belə bir qayda var: jurnalist soyuqqanlı olmalı, hisslərini açıq bildirməkdən çəkinməlidir. Çünki obyektivlik jurnalistikanın əsas qaydasıdır.
– Azərbaycan və Özbəkistan arasında jurnalistlər üçün birgə layihələrin, təlimlərin və media forumlarının keçirilməsi sizcə nə dərəcədə vacibdir?
– Azərbaycan və Özbəkistan arasında jurnalistlər üçün birgə layihələrin, təlimlərin və media forumlarının keçirilməsi çox vacibdir. Çünki münasibətlər sıxlaşdıqca, gediş-gəliş çoxaldıqca media forumlarında jurnalistlərin təmsil olunmaları üzərində də düşünməyə ehtiyac yaranır. Yaxın vaxtlarda belə addımlar atılacaq.
– Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək 5–10 ilini necə görürsünüz? Sizcə, bu əməkdaşlığın hələ tam istifadə olunmamış hansı potensialı mövcuddur?
– Azərbaycan–Özbəkistan münasibətlərini qarşıdakı 5–10 ildə çox yüksək səviyyədə görürəm. Yetər ki, hazırkı prezidentlərimizin, liderlərimizin siyasi iradəsinə və dostluğuna nəzər dəyməsin, münasibətlər bu şəkildə davam etsin. Liderlərimiz bu münasibətləri davam etdirdikcə xalqlarımız və insanlarımız da bir-biri ilə daha rahat ünsiyyət quracaq, münasibətlərini daha da sıxlaşdıracaq, bir-birini daha çox sevəcək və qarşılıqlı əlaqələrin genişlənməsinə daha çox səy göstərəcəklər. Ona görə də potensial çox böyükdür. Ancaq məncə, iki ölkə arasında istifadə olunmalı mühüm potensiallardan biri Özbəkistan və Azərbaycan xalqlarının bir-birinə turist kimi və ya başqa səbəblərlə səfərlərinin sayını artırmaqdır. Bu məsələdə biz media nümayəndələrinin üzərinə çox böyük məsuliyyət düşür. Biz Bakını, Şuşanı, Xəzər dənizini özbəklərə daha çox göstərməliyik ki, onlarda Azərbaycana gəlmək marağı yaransın. Siz də eyni zamanda Buxaranı, Səmərqəndi, Xivəni daha çox tanıtmalısınız ki, azərbaycanlı dostlarımız, azərbaycanlı qardaşlarımız bizim tərəflərə gəlib bu yerləri öz gözləri ilə görmək istəsinlər.

– Azərbaycanda olmusunuzmu? Sizi ən çox maraqlandıran, təəccübləndirən nə olub?
– Azərbaycanda üç dəfə olmuşam. Məni ən çox maraqlandıran və təəccübləndirən məqamlardan biri bu oldu: bir toyda iştirak etdim və gördüm ki, toy Azərbaycanın Dövlət Himni ilə başlayır. Bu, mənim çox xoşuma gəldi. Hamının birlikdə himni oxuması, toyun bu şəkildə başlaması məndə böyük təəssürat yaratdı. Bizdə, məsələn, böyük dövlət tədbirləri İstiqlal Marşı ilə başlayır. Amma sizdə toyların belə başlaması məni çox maraqlandırdı. Bunun səbəbini də yuxarıda dediyim kimi, uzun illər mübarizə aparmış, şəhidlər vermiş bir millətin dünyaya öz sözünü demək, öz səsini duyurmaq istəyinin ifadəsi kimi görürəm. İlk baxışdan bu, kiçik bir detal kimi görünə bilər, amma əslində çox böyük mahiyyəti və mənası var. Mən bunu dünyaya verilən böyük bir mesaj kimi qiymətləndirirəm.
– Sizcə, azərbaycanlılarla özbəklərin bir-birinə ən çox bənzəyən və ən çox fərqlənən cəhətləri hansılardır?
– Azərbaycanlılarla özbəklərin bir-birinə ən çox bənzəyən cəhətlərindən biri xarici görünüşümüz və geyimlərimizdir. Bu baxımdan bir-birimizə çox bənzəyirik. Mətbəxlərimiz də demək olar ki, eynidir. Arada çox az fərq var. Məsələn, Özbəkistan və Azərbaycan mətbəxləri Türkiyə mətbəxi ilə müqayisədə bir-birinə daha yaxındır. Türklər də əslində eyni kökdən gəlirlər, amma onların yeməkləri daha fərqlidir. Azərbaycanda bizim öz mətbəximizdə, kafelərimizdə olan demək olar ki, hər şeyi tapa bilirik. Bəzən bizə hansısa yeməyi başqa adla təqdim edib deyirlər ki, bu, Azərbaycanın milli yeməyidir. Amma həmin yemək Özbəkistanda da milli yemək hesab olunur. Ona görə də bu baxımdan çox bənzərliyimiz var. Məncə, ən çox bənzəyən cəhətlərimizdən biri məhz budur.
Ən çox fərqləndiyimiz cəhətə gəlincə, əslində mən bu iki ölkə və iki xalq arasında ciddi fərq görmürəm. Amma azərbaycanlılarda məni hər zaman heyran edən bir xüsusiyyət var: Azərbaycan xalqı çox vətənpərvər xalqdır. Vətənini çox sevir. Şəhidlərinə böyük hörmət və sevgi ilə yanaşır. Şəhidlərini hər zaman yad edir, onların xatirəsinə dualar oxuyur. Bu dövlət, bu Vətən üçün hər şeyə hazır olan bir xalqdır. Azərbaycan insanlarında Vətən duyğusu, Vətən sevgisi çox yüksəkdir. Hətta heyranlıq doğuracaq dərəcədə güclüdür. Mən bunu Azərbaycan insanlarında açıq şəkildə görmüşəm.
– Azərbaycanlı oxucuların Özbəkistan haqqında bilməsini istədiyiniz ən vacib üç şey nə olardı?
– Azərbaycanlı oxucularımızın Özbəkistan haqqında bilməli olduqları mühüm məqamlardan biri budur ki, bizim sənətimiz və ədəbiyyatımız bir-birinə çox yaxın, hətta ortaqdır. Düşünürəm ki, dünyada ədəbiyyatı və sənəti bir-birinə bu qədər yaxın olan xalqlar çox azdır. Bizim toylarımızda da “Mehriban ailəyik” mahnısı səslənir, “Qaynana” tamaşası səhnəyə qoyulur, “Arşın mal alan” filminə televiziyalarda böyük maraqla baxılır. Hətta musiqi alətlərimiz, sazlarımız da bir-birinə bənzəyir. Mədəniyyətimizdə çox böyük yaxınlıq var. Bu, birinci məqamdır.
İkincisi, istəyərdim ki, azərbaycanlı tərəfdaşlarımız, qardaşlarımız Özbəkistanı yalnız mediada göstərildiyi və ya tarix kitablarında təqdim olunduğu şəkildə deyil, gəlib öz gözləri ilə gördükdən sonra tanısınlar və bundan sonra Özbəkistan haqqında fikir formalaşdırsınlar. Üçüncüsü isə azərbaycanlı oxucularımız bilsinlər ki, Özbəkistan xalqı azərbaycanlılara hər zaman qucağını açmağa, onları qonaq etməyə hazırdır və bundan çox böyük sevinc duyur. Biz davamlı gediş-gəlişin, daimi dostluğun olmasını və birlikdə xoşbəxt həyat yaşamağı çox istəyirik.