Modern.az

Dünyanın şərab mütəxəssisləri Şəkidə - GÖRÜNTÜLƏR

Dünyanın şərab mütəxəssisləri Şəkidə - GÖRÜNTÜLƏR

Aktual

Bu gün, 13:42

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi və “Sheki Wines” şirkətinin təşkilatçılığı ilə keçirilən üzüm yığımı festivalının ikinci gününə start verilib.

Modern.az xəbər verir ki, festival proqramının əsas tədbirlərindən əvvəl qonaqlar “EL Resort” otelində səhər yeməyində iştirak ediblər. Daha sonra proqram çərçivəsində “Marxal Resort & Spa”da şərabçılıq, turizm və enoturizmin inkişaf perspektivlərinə həsr olunmuş konfrans keçirilib.

Konfransın açılışında Şəki Şərab Muzeyinin rəhbəri Kamilla İskəndərova çıxış edib. O, tədbir iştirakçılarını salamlayaraq Şəkidə şərabçılıq ənənələrinin qorunması və bu sahənin turizm imkanları ilə əlaqələndirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış üçün söz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova verilib. İcra başçısı Şəkidə turizm sahəsində beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin həm şəhərin beynəlxalq turizm imkanlarının tanıdılmasına, həm də şərabçılıq sahəsinin inkişafına töhfə verdiyini bildirib.

Elxan Usubov Şəkidə keçirilən tədbirlərin təşkilində iştirak edən qurum və əməkdaşlara təşəkkürünü çatdırıb, şəhərin turizm potensialının daha da genişləndirilməsi istiqamətində görülən işlərdən söz açıb.

Konfransın rəsmi hissəsində çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Yevdokimov isə Azərbaycan mədəniyyəti və ölkədəki qonaqpərvərlik ənənələrindən danışıb.

Diplomat Azərbaycanın təhlükəsiz ölkə olduğunu qeyd edərək, rusiyalı turistlərin Azərbaycanı səyahət üçün seçməsində bu amilin də mühüm rol oynadığını bildirib. O, Azərbaycanda artıq 4 ildir fəaliyyət göstərdiyini deyərək ölkə ilə bağlı şəxsi təəssüratlarını bölüşüb, Azərbaycan mətbəxinin zənginliyindən və tarixi abidələrindən söz açıb.

Bununla konfransın beynəlxalq hissəsinə start verilib.

Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) direktoru Xose Antonio Vidal çıxışında şərabçılığının yalnız istehsal və istehlak sahəsi olmadığını, onun qastronomiya və turizmlə birbaşa əlaqəli böyük bir iqtisadi və mədəni potensiala malik olduğunu bildirib.

O, konfrans üçün adi təqdimatlardan fərqli, xüsusi təqdimat hazırladığını qeyd edib. Təqdimat zamanı müxtəlif cədvəl və statistik göstəricilər vasitəsilə turizmin hansı istiqamətlərdə inkişaf etdirilə biləcəyi, dünyada şərab istehlakı ilə bağlı yaranan böhran, alıcıların çoxluğu və bazarın dəyişən tələbləri barədə məlumat verilib.

Xose Antonio Vidal bildirib ki, mövcud problemlərin həllində enoturizm mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu istiqamətdə əsas məqsədlərdən biri güclü brend yaratmaq və həmin brendin satış imkanlarını genişləndirməkdir. O, uğurlu təcrübələrin məhz brendin formalaşdırılması və onun düzgün təqdimatı ilə bağlı olduğunu diqqətə çatdırıb.

GWTO direktoru sahibkar və biznesmenlərin xidmət sektoruna daxil olarkən yeni yanaşmalar düşünməli olduqlarını vurğulayıb:

“Şərabçılıqdan enoturizmə hərəkəti düşünmək lazımdır. Bu yolda təhsil, brend, satış və data vacib elementlərdir”.

O, Uruqvay, Çin və Portuqaliyada keçirilən beynəlxalq sammitlər və həmin tədbirlərdə müzakirə olunan mövzular barədə də məlumat verib. Növbəti görüşlərin Meksikada keçiriləcəyini bildirən Xose Antonio Vidal təqdimatının davamında beynəlxalq tədbirlər nəticəsində əldə edilmiş müxtəlif mükafat və sertifikat nümunələrini də iştirakçılara nümayiş etdirib.

Konfransda Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova da çıxış edib.

“Mədəni irsdən turizmə” mövzusunda danışan Səkinə Əsgərova şərabın qastronomiyanın ayrılmaz hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, müasir şərabçılıq ənənələri ilə yanaşı, qastronomiya, turizm, ədəbiyyat, xalçaçılıq və digər sahələrdə də şərab xüsusi əhəmiyyət daşıyır.

O, çıxışı zamanı şərab yazarlarının fikirlərinə də istinad edib və şərab butulkasını bir növ “GPS”ə bənzədib:

“Hər bir şərab butulkası bir GPS hesab olunur. Bir yerdən digər yerə aparır insanı”.

Səkinə Əsgərova Azərbaycan şərabçılarının beynəlxalq tədbirlərdə əldə etdiyi uğurlardan da danışıb. O bildirib ki, müxtəlif beynəlxalq yarışlarda Azərbaycan üzüm sortlarının özünəməxsusluğu, xüsusi şərabların hazırlanması və yüksək keyfiyyətli məhsullar ölkənin enoturizm imkanlarının inkişafına yol açır.

Qeyd olunub ki, Azərbaycan şərabçılarının bu sahədə böyük qızıl mükafatları mövcuddur və ölkənin şərab mütəxəssisləri dünya şərab irsi ilə bağlı beynəlxalq müsabiqələrdə iştirak etməklə özlərini daha da təkmilləşdirirlər.

Səkinə Əsgərova vurğulayıb ki, turizm və şərabçılıq paralel şəkildə inkişaf etdirilməlidir. Onun sözlərinə görə, əsas hədəflərdən biri şərab məhsulunun daha aktiv şəkildə tanıdılması və bu məhsula münasibətin Azərbaycan üçün artan turist axınına töhfə verəcək səviyyəyə çatdırılmasıdır.

Konfransın beynəlxalq hissəsi GWTO Akademiyasının rəhbəri Fransisko Xavyer Sançez Verdehonun çıxışı ilə davam edib.

O, şərab mədəniyyətindən danışaraq bildirib ki, ölkəyə gələn turistlər artıq sadəcə görməli yerləri ziyarət etməklə kifayətlənmir, həm də yadda qalan və emosional təcrübələr yaşamaq istəyirlər.

Xüsusilə qastronomiya ilə maraqlanan turistlərin sayının artdığını qeyd edən Fransisko Xavyer Sançez Verdeho turistlərdə emosional təəssürat yaratmağın vacibliyini vurğulayıb.

GWTO Akademiyasının rəhbəri bu istiqamətdə təhsilin əhəmiyyətindən də danışıb. O, şərab turizmi və əlaqəli sahələr üzrə ixtisaslaşmaq istəyən mütəxəssislərə keçirilən təlimlərdə iştirak etməyi tövsiyə edib və özünün uğurlu iş standartları ilə bağlı təcrübələrini bölüşüb.

Konfransda “Şəki Şərab”ın icraçı direktoru Ernest Mingazov da təqdimatla çıxış edib.

O, “Terruardan turizm brendinə” mövzusunda təqdimatını iştirakçılara təqdim edib. Ernest Mingazov Şəkinin turizm və şərabçılıq potensialı ilə bağlı statistik göstəricilərdən danışıb, müxtəlif layihə təkliflərini diqqətə çatdırıb və bu təşəbbüsləri dəstəklədiyini bildirib.

O, Şəkidə hər şeyin – həm xidmətlərin, həm də məhsulların keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib:

“İnsanları, coğrafiyası, turistləri, restoranları – hərtərəfli keyfiyyətli yer olan Şəkidə bu tədbiri keçirməkdən, şərab mütəxəssislərini burada görməkdən qürur duyuruq”.

Ernest Mingazov Azərbaycanın yeni ideyalara və yeni işlərə açıq olduğunu bildirib. O, regional səviyyədə müxtəlif işlər görməyə, yeni layihələr həyata keçirməyə və dəyər yaratmağa çalışdıqlarını qeyd edib.

“GWTO-ya təşəkkür etmək istəyirəm. Təcrübələrini bizimlə bölüşdülər. Biz birlikdə hədəfə getmək üçün çalışırıq. Şəkiyə xoş gəlmisiniz. Sizi burada görməkdən çox şadam”, – deyə Ernest Mingazov bildirib.

Daha sonra “Savalan ASPİ Winery” şirkətinin satış və marketinq şöbəsini təmsil edən Aygün Atayeva çıxış edib. O, Azərbaycanda şərab turizmi infrastrukturunun yaradılması və inkişaf perspektivləri barədə danışıb.

Aygün Atayeva şərabçılıq sahəsində mövcud imkanların turizm infrastrukturu ilə birləşdirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanda şərab turizminin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, festival çərçivəsində ənənəvi üzüm yığımı, şərab dequstasiyası, qastronomiya, musiqi proqramları və sənətkarlıq yarmarkasının keçirilməsi nəzərdə tutulub. Festival zamanı həmçinin yeni şərabçılıq ilinin başlanğıcı qeyd ediləcək.

Tədbirin əsas məqsədlərindən biri Azərbaycanın, xüsusilə də Şəkinin qədim şərabçılıq ənənələrinin və müasir şərab istehsalı imkanlarının beynəlxalq auditoriyaya təqdim edilməsi, şərabçılıqla turizmin və qastronomiyanın daha sıx əlaqələndirilməsi, eləcə də enoturizmin inkişafına yeni imkanların yaradılmasıdır.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...