Modern.az

İnsanların istilərə dözümü niyə azalıb?

İnsanların istilərə dözümü niyə azalıb?

Ölkə

1 İyul 2010, 13:36

Son dövrlər planetdə baş verən qlobal istiləşmə diqqəti cəlb edən mühüm problemə çevrilib. Havaların kəskin istiləşməsi insanların sağlamlığına birbaşa təsir edən faktordur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər havanın hərarətinin yüksək olması bir sıra xəstəliklərin yaranmasına və kəskinləşməsinə, günvurmaya səbəb olur.

 

Ölkəmizdə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onlar günün ən qızmar çağlarında belə yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, beton tökür, tarlada çalışırlar. Temperatur hətta 40 dərəcəyə çatanda da açıq havada işləyənlərə güzəşt edilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında iyulda maksimal istilik 40 dərəcəyədək yüksələcək. Yeri gəlmişkən havaların əlverişsiz keçməsi təcili tibbi yardıma və digər xəstəxanalara müraciət edənlərin sayının artmasına səbəb olub. Artıq günvurmalar da qeydə alınıb.

Dövlət Əmək Müfəttişliyindən Modern.az-a bildirilib ki, Əmək Məcəlləsinə əsasən iş rejimi temperatur yalnız 41 dərəcəyə çatanda dayandırıla bilər. Söhbət süni yolla soyudulması mümkün olmayan yerlərdə, açıq hava altındakı iş yerlərindən gedir.

Açıq havada qızmar Günəş altında çalışmaq işçilərin günvurmaya məruz qalma riskini artırır ki, nəticədə də onlar uzun müddətli əmək qabiliyyətini itirə, hətta həyatlarını itirə bilərlər. Bu zaman işə götürən heç bir məsuliyyət daşımır.

Qeyd edək ki, Avropa regionuna daxil olan Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə isnsanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Belə ki, yayda həmin ölkələrdə iş saatı səhər saat 7.00-da başlayır, gündüz saat 11.00-dan 17.00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22.00-dək davam edir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda temperatur göstəricisi 38 dərəcəni ötəndə həmin iş rejimini tətbiq etmək yaxşı olar.

Maraqlıdır ki, 15-20 il öncə də Azərbaycanda yayda temperaturun bəzən 40 dərəcəyə çatdığı günlər olub. Amma o zaman istidən zərərçəkənlər indiki qədər olmayıb.

Həkim-kardioloq Samir Nəcəfovun sözlərinə görə, həmin dövrlərdə temperatur yüksək olsa da, istinin mənfi təsiri indiki qədər deyildi: «Günəş şüasındakı radiasiyasının insanlara təsirində dəyşiklik baş verib. Həmçinin insanlarda immun sisteminin aktivliyi bir qədər aşağı düşüb, istinin təsirinə qarşı dözümlülük azalıb».

Mütəxəssis bildirir ki, bütün insanlar, xüsusilə də ürək-damar xəstəliyi olan şəxslər özlərini qorumaq üçün günün isti saatlarında açıq havaya çıxmamalıdırlar. Çıxdıqları halda isə baş örtüklərindən istifadə etməlidirlər: «Bəzi adamlar günün ən isti saatlarında çimərliklərə üz tuturlar. Ancaq bu müsbət hal deyil, əksinə ziyanlıdır. Çimərliklərdən səhər saat 7.00-dan 11.00-dək və axşamüstü saat 17.00-dan 21.00-dək istifadə etmək daha məqsədəuyğundur. Həkimin məsləhətinə görə, valideynlər xüsusilə azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki, uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilirlər.

S.Nəcəfov deyir ki, kəskin istilər zamanı təkcə ürək-damar, qan təzyiqi olan xəstələr deyil, sağlam adamlar da günvurmaya məruz qala bilərlər: «Sağlam adamlar da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər ki, nəticədə həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. İsti havada sinir sistemində baş verən dəiyişiklik nəticəsində insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalar müşahidə olunur. Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman insanlar çətin nəfəs alırlar. Kəskin istidə işləyənlərdə güclü tərləmə baş verir. Bu zaman orqanizmdə su-duz mübadiləsi pozulur. Tərləyən insanda orqanizm üçün vacib olan mikroelementləri itirir. Onların yeri meye qəbulu ilə doldurulmalıdır».

Mütəxəssis deyir ki, isti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. İsti havada qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir. Qida yüngül olmalıdır, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən,  yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyrəti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır.

Günvurmaya məruz qalan şəxslərin qoltuq altına, boynuna, başına soyuq kompres qoymaq lazımdır.

Adəm Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı