2026-cı ilin ilk rübündə Azərbaycanda mehmanxanalarda gecələyənlərin böyük hissəsini əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təşkil edib.
Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, onların keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 493,6 min olub və bu, ümumi gecələmələrin 58,9 faizinə bərabərdir.
Xarici turistlər arasında ən böyük pay Rusiya (12,8 faiz) və Türkiyə (12,6 faiz) vətəndaşlarının payına düşür. Onları Hindistan (9,5 faiz), Səudiyyə Ərəbistanı (6,2 faiz), İsrail (4,9 faiz), Pakistan (4,4 faiz) və digər ölkələr izləyir.
Əcnəbilərin gecələmələrinin 78,9 faizi Bakıda qeydə alınıb. Qusar (9,7 faiz), Naftalan (5,2 faiz), Qəbələ (2,0 faiz) və Quba (1,2 faiz) da turist axınının cəmləşdiyi əsas istiqamətlərdəndir.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı 344,6 min olub və bu da ümumi göstəricinin 41,1 faizini təşkil edib.