Modern.az

Kreditlər və digər aktivlər əsasında istiqraz buraxılacaq

Kreditlər və digər aktivlər əsasında istiqraz buraxılacaq

Ölkə

Bu gün, 12:33

Azərbaycanda sekyuritizasiya fəaliyyətinin hüquqi əsasları yaradılır. Bu mexanizm kreditorlara gələcəkdə alacaqları ödənişləri daha tez əldə etmək imkanı verəcək.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, kreditor sahib olduğu aktivlər üzrə gələcək pul tələblərini sekyuritizasiya şirkətinə sata biləcək. Şirkət isə həmin aktivlər əsasında istiqrazlar buraxacaq. İstiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

Hər bir sekyuritizasiya prosesi üçün Mərkəzi Bankın təsdiq etdiyi plan tələb olunacaq. Planda iştirakçılar, satılan aktivlər, mümkün risklər və onların azaldılması yolları göstəriləcək. Aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğuna dair kənar auditor rəyi də plana daxil ediləcək.

Dəyişikliklərə görə, aktivləri satan kreditor həmin aktivlər əsasında buraxılan istiqrazların azı 5 faizini özü almalı və tədavül müddətinin sonuna qədər saxlamalıdır. Bu tələb sekyuritizasiya ilə bağlı risklərin azaldılması məqsədi daşıyır.

Mərkəzi Bank planı təsdiqlədikdən sonra sekyuritizasiya şirkəti 60 iş günü ərzində istiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!