Moskva vilayətində meymunçiçəyinə (mpox) yeni yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxduğu təsdiqlənən 38 yaşlı kişi Domodedovo Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rusiyada qeydə alınan yeni yoluxma halı Azərbaycanda da xəstəliklə bağlı narahatlığı gündəmə gətirib.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
Qeyd olunub ki, hazırda ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.
Meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davam etdirilir. Bununla yanaşı, tibb işçiləri arasında maarifləndirmə işləri aparılır, əhaliyə isə profilaktik tövsiyələr verilir.
Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqlarına diqqət yetirmək tövsiyə olunur.
Mərkəzdən bildirilib ki, hazırda Azərbaycanda meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil.