2025-ci ildə Azərbaycanda 1412 nikah pozulub, 20675 boşanma qeydə alınıb. Həm nikahların pozulması, həm də boşanma sayına görə Bakı şəhəri ilk sırada qərarlaşıb.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabata əsasən, 2025-ci ildə Bakı şəhərində 360 nikah pozulub, 6307 boşanma qeydə alınıb.
Boşanma sayına görə növbəti yerlərdə Qarabağ iqtisadi rayonu (1590), Abşeron-Xızı iqtisadi rayonu (1504), Mərkəzi Aran iqtisadi rayonu (1442), Gəncə-Daşkəsən iqtisadi rayonu (1374) və Lənkəran-Astara iqtisadi rayonu (1292) qərarlaşıb.
Nikahların pozulması üzrə isə Lənkəran-Astara iqtisadi rayonu 223 faktla ikinci, Mil-Muğan iqtisadi rayonu 171 faktla üçüncü olub. Abşeron-Xızı iqtisadi rayonunda 122, Şirvan-Salyan iqtisadi rayonunda 105, Mərkəzi Aran iqtisadi rayonunda isə 97 nikah pozulub.
Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonunda 15, Qazax-Tovuz iqtisadi rayonunda 19, Naxçıvan Muxtar Respublikasında isə 10 nikah pozulması qeydə alınıb.
Hesabatda bildirilib ki, ən az nikah pozulması Şərqi Zəngəzur iqtisadi rayonunda olub. Bölgədə ötən il cəmi 5 belə hal qeydə alınıb.
Sənədə əsasən, 2025-ci ildə Dağlıq Şirvan iqtisadi rayonunda 577, Quba-Xaçmaz iqtisadi rayonunda 922, Şirvan-Salyan iqtisadi rayonunda 922 boşanma qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında isə 889 boşanma rəsmiləşdirilib.