Pensiya alanların yarıdan çoxunu qadınlar təşkil edir.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, 01.01.2026-cı il tarixinə pensiya alanların ümumi sayı 1098890 nəfər olub. Onlardan 610460-ı qadın, 488430-u kişi təşkil edib.
Yaşa görə pensiya alanların sayı 711772 nəfər olub. Bu kateqoriyada 391826 qadın, 319946 kişi yer alıb.
Əlilliyə görə pensiya alanların sayı 251195 nəfər təşkil edib. Onlardan 111067-si qadın, 140128-i kişi olub.
Ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 135923 nəfər olub. Bu kateqoriyada 107567 qadın, 28356 kişi qeydə alınıb.
Qeyd olunub ki, 2025-ci ildə kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 64,5 olub. Bildirilib ki, 2027-ci il iyulun 1-dən sonra qadın və kişilər arasında pensiya yaşı fərqi aradan qalxacaq və hər iki cins üzrə pensiya yaşı 65 olacaq.
Məlumata əsasən, 2025-ci il yekunlarına görə orta pensiya yaşı kişilər üzrə normativ yaşdan 2,3 il, qadınlar üzrə isə 1,4 il daha az olub.
Hesabatda sosial müavinət və kompensasiya alanlarla bağlı statistika da açıqlanıb.
Belə ki, 01.01.2026-cı il tarixinə aylıq sosial müavinət və kompensasiya alanların sayı 471796 nəfər olub. Onlardan 229319-u qadın təşkil edib.
Prezident təqaüdü alanların sayı isə 406881 nəfər olub. Bu kateqoriyada 134129 qadın yer alıb.
Ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin sayı 76103 olub. Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı isə 339954 nəfər təşkil edib. Onlardan 178927-si qadın olub.
Hesabatda əlilliyi olan şəxslərlə bağlı göstəricilər də yer alıb. Bildirilib ki, 2025-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkədə 5795 nəfər əlilliyi olan şəxs işlə təmin olunub. Onlardan 3820-si kişi, 1975-i qadın olub.