Dünən Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunan Xalq şairi, “Vətəndaş Həmrəyliliyi Partiyası”nın sədri, uzun illər deputat seçilən Sabir Rüstəmxanlı bu gün 80 yaşını qeyd edir.
Yubiley günü Modern.az-a danışan Sabir Rüstəmxanlı bildirib ki, insan həyatda ilk növbədə düzgün və ədalətli yaşamağa çalışmalıdır:
“Necə yaşamaq planla olan bir şey deyil. O, bir taledir, yazıdır. İnsan insan kimi yaşamalıdır, düz və ədalətli. Sonra da nə bacarırsa, milləti və vətəni üçün etməlidir. Torpağını becərməlidir, insanları sevməlidir. Allahın verdiyi istedad varsa, onunla məşğul olmalıdır”.
Xalq şairi qeyd edib ki, şöhrətin arxasınca qaçmaqla ona çatmaq mümkün deyil:
“Şöhrətin dalınca qaçmaqla şöhrət gəlməz. Gərək öz həyatını yaşayasan, öz nəğməni oxuya-oxuya yolunla gedəsən. Onda şöhrət sənin dalınca gəlir”.
O, heç vaxt orden və təltif haqqında düşünməyib:
“Mənim bir yolum olub, Azərbaycanın müstəqillik yolu. Onun üçün çalışmışam. Amma bunun mükafatını heç vaxt gözləməmişəm. Son günlər sosial mediada, mətbuatda haqqımda yazılan yazılar mənim üçün ən böyük sevgidir. Xalqın sevgisini qazanmaq ən böyük mükafatdır”.
S. Rüstəmxanlı bildirib ki, dövlət başçısının belə bir vaxtda ədəbiyyat adamını təltif etməsi mədəniyyətə verilən dəyərin göstəricisidir:
“İndiki vaxtda Azərbaycanın qayğıları başdan aşır. Qarabağın bərpası gedir, böyük beynəlxalq tədbirlər keçirilir. Belə bir dövrdə bir şairin əməyinin yada düşməsi, ona orden verilməsi ölkə başçısının ədəbiyyata və mədəniyyətə münasibətidir”.
O doğum günü münasibətilə ilk təbriki gecə saat 12-də ailəsindən aldığını deyib:
“İlk təbriki gecə saat on ikidə nəvəmdən aldım. Nəvəm və qızım qapını açıb içəri girdilər, məni təbrik etdilər. Sonra uşaqlar, qohumlar zəng etdilər”.
Xalq şairi Türkiyədə onun yubileyi ilə bağlı keçirilən tədbirlərdən də danışıb. O bildirib ki, Ankarada bir neçə gün davam edən görüşlər təşkil olunub:
“Mənim adıma Zəfər parkında 80 ağac əkildi. Türkiyə ziyalıları ilə görüşlər keçirildi. TÜRKSOY-da səfirlərin, nazirlərin iştirakı ilə gözəl tədbir oldu. Düşünürəm ki, Türkiyədə keçirilən tədbirlərin səviyyəsinə çatmaq çətin olacaq”.
Sabir Rüstəmxanlı siyasi baxış fərqlərinə baxmayaraq insan münasibətlərinin qorunmasının vacib olduğunu da vurğulayıb:
“Mən heç vaxt iqtidar-müxalifət söhbətində sərhəd görməmişəm. Siyasi düşüncələr fərqli ola bilər. Amma hamımız eyni torpağın, eyni millətin övladıyıq. Belə məsələlərdə qarşıdurma axtarmaq lazım deyil”.
Sabir Rüstəmxanlı doğum gününü ailəsi ilə qeyd edəcəyini bildirib:
“Doğum günümü rəsmi olaraq ayın 26-da Azərbaycan Milli Dram Teatrında qeyd edəcəyik. Amma bu gün evdə də uşaqlarla birlikdə oturacağıq”.
80 yaşında olmasına baxmayaraq enerjili qalmasının səbəblərindən danışan Xalq şairi bunu həm genetik amillərlə, həm də sevgiylə əlaqələndirib:
“Onun iki kökü var biri genetikdir, biri sevgidir. İnsan sevgiylə qanadlı olur. Öz işinə, vətəninə, insanlara sevgi ilə yanaşmalıdır. Nifrət və paxıllıq insan ömrünü qısaldır. Həyatı sevərək yaşamaq lazımdır”.
Sabir Rüstəmxanlı siyasətdə keçdiyi yolun çətinliklərindən danışarkən isə bildirib ki, bütün mübarizələrə sevgini itirmədən yanaşıb:
“İnsan haqlı olduğuna inananda, düz bildiyini müdafiə edəndə içində yenə sevgi olur. Mən həmişə düzgün bildiyim yolu müdafiə etmişəm”.
“Sabir müəllim, bəs bu uzun siyasət və ədəbiyyat yolunda sizi kədərləndirən, təəssüfləndirən, pis edən nələr oldu? Kimdən incik qaldınız?” sualına isə ictimai-siyasi və mədəni mühitdə həmişə öndə olan Sabir Rüstəmxanlı 80 illik ömründə bu kimi halları artıq düşünmədiyini dedi:
“Çətin sualdır, mən indi o barədə düşünmürəm”.