Pandemiyadan sonra dayandırılan Bakı–Tbilisi–Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması məsələsi son günlər yenidən gündəmə gəlib. Regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi fonunda marşrutun bərpası həm Azərbaycan-Gürcüstan münasibətləri, həm də Cənubi Qafqazın tranzit və turizm potensialı baxımından mühüm addım kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov isə bildirib ki, hazırda dünyada nəqliyyat və kommunikasiya marşrutlarına artan maraq qlobal logistika sistemini yenidən formalaşdırır. Onun sözlərinə görə, dövlətlər artıq yalnız coğrafi üstünlük deyil, həm də etibarlı və təhlükəsiz marşrutlar axtarırlar:
“Bu gün nəqliyyat və kommunikasiyalarla bağlı əsas amillərdən biri etibarlılıqdır. Dövlətlər logistik marşrut seçərkən geosiyasi balansı və təhlükəsizlik risklərini də nəzərə alırlar. Orta Dəhlizin artan əhəmiyyətinin şahidiyik və bu prosesdə Azərbaycan mərkəzi həlqə kimi çıxış edir”.

Deputat bildirib ki, Azərbaycanın həyata keçirdiyi strateji layihələr yükdaşımaların sürətlənməsinə və logistika imkanlarının genişlənməsinə şərait yaradır. O, Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyasını bu baxımdan mühüm addım kimi qiymətləndirib.
Azər Badamovun fikrincə, Bakı–Tbilisi–Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, bütövlükdə regionun gələcək inteqrasiyası baxımından dəyərləndirilməlidir:
“Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsi Azərbaycanın Zəfərindən sonra yenidən formalaşdırılır. Bu baxımdan avtomobil və dəmir yolları olmaqla quru əlaqələrinin təmin edilməsi olduqca vacibdir. Bu prosesdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə yanaşı, strateji addımları da mühüm rol oynayır”.
Deputat vurğulayıb ki, region xalqları arasında daha sürətli və dayanıqlı inteqrasiya məhz quru nəqliyyat əlaqələrinin inkişafından keçir:
“Əgər dayanıqlı sülh istəyiriksə, avtomobil və dəmir yollarının açılması artıq zərurətə çevrilib. Bakı-Tbilisi-Bakı qatar reyslərinin bərpası region dövlətləri arasında inteqrasiyanın güclənməsinə, qarşılıqlı etimadın artmasına və xalqlararası münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.
İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə bildirib ki, mayın 26-dan Bakı–Tbilisi–Bakı sərnişin qatar reysinin bərpa olunması uzun müddətdir gözlənilən qərarlardan biri idi. Onun sözlərinə görə, quru sərhədlərin bağlı olması bu marşrutun fəaliyyətinin dayanmasına səbəb olmuşdu və bunun ciddi səbəbləri vardı:
“İlk növbədə Azərbaycanın dövlət və milli təhlükəsizlik məsələləri diqqət mərkəzində olmalı idi. Regionda və qonşu dövlətlərdə baş verən proseslər həmin qərarın qəbulunu zəruri etmişdi”.

Deputat hesab edir ki, artıq sərnişin qatar reyslərinin yenidən fəaliyyətə başlaması Azərbaycan dövlətinin təhlükəsizlik risklərini nəzərə alaraq yeni mərhələyə keçdiyini göstərir:
“Bu qərar Azərbaycan dövlətinin siyasi iradəsinin ortada olmasından və təhlükələrin önlənməsi istiqamətində lazımi addımların atılmasından xəbər verir. Olduqca pozitiv hadisədir”.
Arzuxan Əlizadə vurğulayıb ki, qərar xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların gediş-gəliş imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Gürcüstan ərazisində, Borçalıda yarım milyon civarında soydaşımız yaşayır. Qatar reysinin bərpası onların gediş-gəlişini asanlaşdıracaq. Həmçinin Azərbaycanda yaşayan və ya qohumları Gürcüstanda olan şəxslər də rahat şəkildə səfər edə biləcəklər”.
Deputatın sözlərinə görə, bu addım turizmin inkişafına və iqtisadi əlaqələrin genişlənməsinə də töhfə verəcək:
“Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir. Dövlətlərimiz arasında illərdir formalaşmış qonşuluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın enerji layihələrinin Gürcüstan üzərindən reallaşması da bu ölkənin iqtisadi inkişafına ciddi töhfə verib”.
O əlavə edib ki, Bakı–Tbilisi–Bakı qatar reysinin bərpası gələcəkdə həm iqtisadi, həm də turizm imkanlarının daha da genişlənməsi baxımından hər iki ölkə üçün vacib amillərdən biri olacaq:
“Bu qərarı uzun müddətdir gözləyən insanlar var idi və artıq onların gözləntiləri reallaşıb”.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakı–Tbilisi–Bakı dəmir yolu xəttinin bərpasını hər iki ölkə üçün faydalı addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan artıq regionun mühüm nəqliyyat dəhlizlərindən birinə çevrilib və yeni layihələr bu əhəmiyyəti daha da artırır:
“Zəngəzur dəhlizinin açılması tamam başqa yenilik olacaq. Amma Bakı–Tbilisi xətti də illərdir insanlar üçün ən əlverişli və təhlükəsiz nəqliyyat vasitələrindən biri olub”.

Deputat bildirib ki, Prezident İlham Əliyev nəqliyyat infrastrukturunun inkişafına daim xüsusi diqqət göstərib və bu siyasət həm region ölkələrinə, həm də iqtisadi əlaqələrə müsbət təsir edir.
Tahir Rzayev qeyd edib ki, qatar reyslərinin bərpası Gürcüstan iqtisadiyyatı üçün də əlavə gəlirlər yaradacaq:
“Vaxtilə minlərlə insan dəmir yolu ilə Gürcüstana gedirdi, hotellərdən, ictimai iaşə obyektlərindən istifadə edirdi. Bu baxımdan dəmir yolu həm nəqliyyat, həm də iqtisadi-ticarət vasitəsidir”.
Deputat əlavə edib ki, insanlar tərəfindən də qərar müsbət qarşılanır və regionda artan sərnişin axını nəqliyyat əlaqələrinin genişləndirilməsini zəruri edir. Onun fikrincə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.

Milli Məclisin deputatı Cavanşir Feyziyev isə Bakı- Tbilisi -Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasının region miqyaslı iqtisadi və sosial-humanitar münasibətlərin yenidən canlanmasına təkan verəcəyini bildirib.
"Artıq 5 ildən çox fəaliyyəti dayandırılmış bu marşrut Azərbaycan - Gürcüstan arasında əlaqələri asanlaşdıracaq və ilk növbədə insanların hər iki istiqamətdə hərəkətini sürətləndirəcək. Məlumdur ki, Gürcüstan ərazisində yüz minlərlə soydaşımız yaşayır və onların həyatı, təhsil və müalicə məsələləri bir çox hallarda Azərbaycanla və xüsusilə paytaxt Bakı ilə çox bağlıdır. Gürcüstanda kifayət qədər soydaşımız var ki, onların ailə üzvləri daimi olaraq Azərbaycanda yaşayır. Tək hava yolu ilə nəqliyyatın təşkili bu insanlar üçün asan deyildi və indi bu problem aradan qaldırılır. İki paytaxt arasında qatar marşrutunun bərpası qarşılıqlı ticarət dövriyyəsinin artımına və turizmin inkişafına da əhəmiyyətli dərəcədə təsir göstərəcək. Uzaq ölkələrdən bölgəyə səfər edən turistlərin nəqliytat seçimi asanlaşacaq ki bu da hər iki ölkə üçün faydalıdır".
Deputat Aydın Hüseynov isə Bakı–Tbilisi–Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını həm Azərbaycan–Gürcüstan münasibətləri, həm də regionun nəqliyyat imkanları baxımından mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, bu marşrut uzun illər iki ölkə arasında iqtisadi, turizm və humanitar əlaqələrin inkişafında xüsusi rol oynayıb:
“Qatar reyslərinin bərpası insanların daha rahat və təhlükəsiz səfər etməsinə imkan yaradacaq, eyni zamanda regionda nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verəcək”.

Deputatın sözlərinə görə, bu prosesdə Prezident İlham Əliyevin siyasi iradəsi və nəqliyyat sahəsinə göstərdiyi diqqət xüsusi əhəmiyyət daşıyır:
“Son illərdə Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi, beynəlxalq dəhlizlərin inkişafı və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bakı–Tbilisi xəttinin yenidən açılması da bu siyasətin davamı kimi qiymətləndirilə bilər”.
Aydın Hüseynov qeyd edib ki, Azərbaycan Dəmir Yolları tərəfindən həyata keçirilən texniki yeniliklər də layihənin uğurlu icrasında mühüm rol oynayır:
“Müasir vaqonlar, təhlükəsizlik sistemləri və yenilənmiş xidmətlər sərnişin rahatlığını artırır və marşrutu daha cəlbedici edir”.
Deputat hesab edir ki, qatar reyslərinin bərpası turizm sektoruna da müsbət təsir göstərəcək:
“Azərbaycan və Gürcüstan arasında turist axını artacaq, insanlar daha sərfəli və rahat şəkildə səyahət edə biləcəklər. Bu isə hotellər, restoranlar və digər xidmət sahələri üçün əlavə iqtisadi imkanlar yaradacaq”.
O əlavə edib ki, layihə insanlararası münasibətlərin möhkəmlənməsi, mədəni əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Razi Nurullayev hesab edir ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması həm Azərbaycan–Gürcüstan münasibətləri, həm də bütövlükdə regionun nəqliyyat xəritəsi baxımından mühüm hadisədir.

Onun sözlərinə görə, bu marşrut iki ölkə arasında illər ərzində formalaşmış strateji tərəfdaşlığın praktik müstəvidə daha da güclənməsinə xidmət edir və qarşılıqlı etimadın real göstəricisi kimi çıxış edir:
“Bu xətt regionda alternativ və əlçatan nəqliyyat imkanlarının genişlənməsi deməkdir. Xüsusilə sərnişin daşımalarının bərpası insanların daha rahat hərəkətinə şərait yaradır və bu da iqtisadi aktivliyə müsbət təsir göstərir”.
Razi Nurullayev bildirib ki, qatar reyslərinin açılması turizm sektoruna əlavə impuls verəcək, sahibkarlar üçün yeni imkanlar yaradacaq və insanlararası əlaqələrin daha da canlanmasına səbəb olacaq:
“Bu, sadəcə nəqliyyat layihəsi deyil, həm də iqtisadi və sosial inteqrasiyanı gücləndirən bir platformadır”.
Deputat hesab edir ki, atılan addım regionda daha geniş əməkdaşlıq proseslərinin başlanğıcı kimi qiymətləndirilməlidir:
“Yaxın perspektivdə digər istiqamətlərdə də oxşar müsbət qərarların qəbulunu stimullaşdıra bilər. O da məlumdur ki, Gürcüstan ərazisində, Borçalıda bizim yarım milyon civarında bacı-qardaşlarımız yaşayır. Onların gediş-gəlişi asanlaşacaq. Bu qərarın verilməsi ilə əlaqədar Azərbaycanda yaşayan və ya qohumları Gürcüstanda olan şəxslərin də rahatlıqla gedib-gəlməsi mümkün olacaq. Həmçinin bu, turizmin inkişafına qarşılıqlı olaraq öz töhfəsini verəcək. Azərbaycan-Gürcüstan münasibətləri kifayət qədər yüksək səviyyədədir. Dövlətlərimiz arasındakı qonşuluq və qardaşlıq münasibətləri illər ərzində formalaşıbdır. Azərbaycan enerji daşıyıcılarının Gürcüstan üzərindən reallaşması da Gürcüstan dövlətinin iqtisadi inkişafına kifayət qədər ciddi töhfə verib. Bu da Gürcüstan dövlətinin diqqət mərkəzində olan məsələlərdən birincisidir hesab edirəm və təbii ki, bu münasibətlər kontekstində Qatar reysinin də reallaşması gələcəkdə həm iqtisadi baxımdan, həm turizm imkanlarının bir qədər də genişlənməsi baxımından hər iki ölkə üçün vacib faktorlardan biridir. Bir daha qeyd edirəm ki, olduqca pozitiv qərardır və bu qərarı çoxdan gözləyən şəxslər, insanlarımız var idi ki, onların da gözləntiləri artıq reallaşıbdır.
Deputat Rövşən Muradov bildirib ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının növbəti praktik göstəricisidir. Onun sözlərinə görə, bu marşrut regionda inteqrasiya proseslərini və iqtisadi əlaqələri daha da gücləndirəcək.

Deputat qeyd edib ki, layihənin reallaşmasında Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycanın nəqliyyat-logistika sahəsində həyata keçirdiyi siyasət mühüm rol oynayır:
“Azərbaycan artıq regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dəmir yolu infrastrukturuna yatırılan investisiyalar və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak bunu təsdiqləyir”.
Rövşən Muradov vurğulayıb ki, Azərbaycan Dəmir Yollarının yenilənmiş infrastrukturu, müasir vaqon parkı və texniki imkanları marşrutun təhlükəsiz və rahat fəaliyyətinə şərait yaradır.
Deputatın fikrincə, qatar reyslərinin açılması turizmə, xidmət sektoruna və sahibkarlığa da müsbət təsir göstərəcək, eyni zamanda işgüzar səfərlərin və insanlararası münasibətlərin genişlənməsinə imkan yaradacaq.