“Ayrı-ayrı mətbuat orqanlarında mənim parlament seçkilərinə 22 sayli Nəsimi, 73 saylı Lənkəran və digər seçki dairələrindən qatılacağım barədə məlumatlar dərc olunur. Müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçiləri oxşar suallarla gün ərzində az qala bir neçə dəfə mənə müraciət edirlər. Güman edirəm ki, həmkarlarımın seçkilərdə iştirakımla bağlı məsələyə xüsusi diqqəti məhz onların peşə maraqlarından qaynaqlanır”. Bu sözləri Modern.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq əlaqələr üzrə katibi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. BAXCP funksioneri bildirib ki, o, media təmsilçilərinin onların peşə marağından irəli gələn davranışlarına hörmətlə yanaşır: “Buna baxmayaraq, həmkarlarımı vaxt itkisinə məruz qoymamaq üçün parlament seçkilərində iştirakımla bağlı məsələyə birmənalı olaraq aydınlıq gətirmək istəyirəm. Bu günədək parlament seçilərində iştirakla bağlı hər hansı bir qərarım yoxdur. Bu isə o deməkdir ki, seçkilərə bu və ya digər seçki dairəsindən qatılacağım barədə bütün məlumatlar əsassızdır. Bəzi mətbuat orqanları öncə mənim iştirak edəcəyim dairələrin adlarını sadalayır, daha sonra isə həmin dairələrdən seçkilərdə iştirak edəcəklərini bəyan edən ayrı-ayrı şəxslərə görə fikrimdən daşındığımı bildirirlər. Yəni özləri yazırlar, özləri də yozurlar”.
Elçin Mirzəbəylinin sözlərinə görə, o, bütün seçkilərə, o cümlədən də parlament seçkilərinə kifayət qədər ciddi yanaşır və seçimini öz qənaətləri üzərində qurur: “Hesab edirəm ki, təcrübəm və dünyagörüşüm konkret vəziyyəti dəyərləndirmək üçün yetərlidir. Seçki kifayət qədər ciddi bir prosesdir və bu prosesə qatılmaq istəyən istənilən şəxs öz imkanları ilə yanaşı bütün reallıqları nəzərə almalıdır. Mənim seçkilərə təcrübə toplamaq üçün qatılmağa nə vaxtım var, nə də istəyim. Yox əgər son qərarım seçkidə iştirak etmək olacaqsa, o zaman rəqiblərimin kimliyini deyil, həmin ərazidə təbliğat aparmaq və uğur qazanmaq imkanlarımı nəzərdən keçirəcəyəm”.
Modern.az