Modern.az bir neçə gün öncə Gənc Tamaşaçılar Teatrında aktyorlarla baş rejissor arasında yaranan qalmaqal barədə məlumat vermişdi. Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanov həmkarları adından saytımıza danışaraq baş rejissor Cənnət Səlimovanı ermənilərə simpatiya bəsləməkdə ittiham etmişdi. A.Salmanov demişdi ki, Simferopolda keçirilən festivalda bütün iştirakçı teatrlarla müqayisədə Gənc Tamaşaçılar Teatrı haqqında bəsit məlumat verilməsi aktyorların etirazına səbəb olub: “Orada Xerson, İstanbul, Simferepol və digər teatrların fəaliyyəti, yaradıcılığı, repertuarı barədə geniş məlumat verilmişdi. Gənc Tamaşaçılar Teatırı haqqında afişada isə sadəcə yazılmışdı: bu teatr Kamera və Dövlət Gənclər teatırı ilə birləşərək birgə fəaliyyət göstərir. Onda mən Cənnət Səlimovaya öz etirazımı bildirdim ki, niyə bizim teatr haqqında bircə bu “erməni-budaq” cümləsi yazılmalıdır? Sən 80 il fəaliyyəti olan bir teatırın üstündən niyə xətt çəkirsən? Qayıdıb mənə dedi ki, “mən böyük erməni xalqının qarşısında baş əyirəm”. A.Salmanovun sözlərinə görə, baş rejissorun həmin sözləri teatrın bədii şurasının protokolunda da qeyd edilib, bədi şuranın katibi isə onu mobil telefonun diktafonuna yazıb.
Modern.az həmin gün məsələ ilə əlaqədar Cənnət Səlimovanın mövqeyini öyrənə bilməmişdi. İyulun 16-da saytımıza telefon açan Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov Cənnət Səlimovaya yönələn ittihamlara etirazını bildirib: “Onu deməliyəm ki, xalq artisti Ağaxan Salmanova hörmətim var, amma o, olanları düzgün çatdırmayıb. Həmin mübahisə zamanı Ağaxan müəllim “bu bizim teatr haqqında “erməni-yevrey povorotudu”” cümləsini işlətmişdi. Cənnət Səlimovanın da anası yəhudi olduğundan Ağaxan Salmanovun sözlərindən hirslənərək “mən hər bir xalqın sənətkarın – istər erməni olsun, istər yevrey - qarşısında baş əyməyə, amma onların faşistlərini öldürməyə hazıram” demişdi”. Ş.Hüseynov deyib ki, Cənnət Səlimovanın necə yaradıcı şəxs və bacarıqlı rejissor olduğunu teatr sahəsində hamı bilir: “Cənnət Səlimovanın qoyduğu tamaşalar sırasında Azərbaycan klassiklərinin - Mirzə Cəlilin, Cəfər Cabbarlının, Mirzə Fətəli Axundovun əsərləri həmişə birinci olub. Hesab edirəm onun barəsində söylənilən fikirlər qısqanclıqdan və qərəzdən irəli gəlir”. Gənc Tamaşaçılar Teatrının aktyoru onu da deyib ki, C.Səlimovanın Azərbaycan dilinin bilməməsi barədə söylənilənlər də absurddur: “O, Azərbaycan dilini əsli-kökü azərbaycanlı olan bir çox kəslərdən gözəl bilir”. Modern.az