Modern.az

Neft Şirkətində yüksək vəzifələrə təyinatlar olub

Neft Şirkətində yüksək vəzifələrə təyinatlar olub

Ölkə

20 İyul 2010, 10:28



ARDNŞ-də yeni təyin olunmuş vitse-prezidentin və digər vəzifəli şəxslərinin təqdim olunma mərasimi keçirilib. Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək son illər ARDNŞ-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb.
O bildirib ki, Şirkət böyüyüb inkişaf etdikcə, qarşıda yeni, daha geniş imkanlar açılır. Yaxın illərdə Şirkətin planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan ARDNŞ prezidenti yeni mərhələdə strateji inkişafın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. R.Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti ARDNŞ-nin idarəetmə strukturunda strateji inkişaf üzrə vitse-prezident ştatının yaradılmasına qərar verib.

Dövlət başçısının 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə bu vəzifəyə Tofiq Ridvan oğlu Qəhrəmanov təyin olunub. Rövnəq Abdullayev Tofiq Qəhrəmanovun əmək fəaliyyətindən danışıb, onun ARDNŞ kollektivində böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadr olduğunu vurğulayıb.

Daha sonra R.Abdullayev son illər Şirkətdə müasir informasiya texnologiyalarının inkişafına, xüsusilə SAP sistemlərinin tətbiqinə böyük diqqət yetirildiyindən danışaraq, qeyd edib ki, ARDNŞ-nin beynəlxalq səviyyəli bir quruma çevrilməsi nəzərdə tutulan yeni mərhələdə informativ innovasiyalar və informasiya təhlükəsizliyinin təminatı mühüm əhəmiyyət daşıyır. Şirkət prezidenti, bunu nəzərə alaraq, ARDNŞ-nin Baş Ofisində İnformasiya Texnologiyaları Departamentinin yaradıldığını və həmin Departamentin rəisliyinə İlham Tağı oğlu Aslanovun təyi olunduğunu söyləyib.

ARDNŞ-nin prezidenti həmçinin başqa bir əmrlə Ədnan Azər oğlu Əhmədzadəni Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin etdiyini bildirib.

Daha sonra ARDNŞ-nin yeni təyin olunmuş vitse-prezidenti Tofiq Qəhrəmanov layiq görüldüyü böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və bu etimadı əməli işi ilə doğruldacağını söyləyib.

Tofiq Ridvan oğlu Qəhrəmanov 1953-cü ildə anadan olub, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib. Əmək fəaliyyətinə Yeni Bakı Neftayırma Zavodunda mühəndis vəzifəsindən başlayan T. Qəhrəmanov 1980-1983-cü illərdə zavodun komsomol komitəsinin katibi, 1983-1990-cı illərdə Nizami rayon və Bakı şəhər Partiya komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1998-ci illərdə Yeni Bakı Neftayırma Zavodunun direktor müavini, 1998-2006-cı illərdə “Azərneftyanacaq” Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda İqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2007-ci illərdə ARDNŞ aparatında Emalın strateji inkişafı şöbəsinin rəisi işləyib, 2007-ci ildə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin olunub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı